18.05.2024 19:35

İntizam Komissiyası

Ümumi məlumat

 

Növbəti çağırış Ali Məclisin birinci iclasında və bundan sonra hər il Ali Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası Ali Məclisin deputatları sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.

Ali Məclisin sədri və onun müavinləri İntizam komissiyasında təmsil oluna bilməz.

İntizam komissiyasının səlahiyyətlərinə aşağıdakılar aiddir:

 “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət edilməsinə nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;

etik davranış qaydaları barədə Ali Məclisin deputatlarını məlumatlandırmaq, bu qaydalarla bağlı rəy və tövsiyələr vermək, həmin qaydaların pozulmasının qarşısının alınması üçün tədbirlər görmək və görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Ali Məclisin sədrinə məlumat vermək;

bu Daxili Nizamnamənin 49.1.1-ci maddəsində göstərilən əsasa görə, Ali Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

bu Daxili Nizamnamənin 49.1.2-ci maddəsində göstərilən əsasa görə, Ali Məclisin sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

bu Daxili Nizamnamənin 49.1.3-cü maddəsində göstərilən əsaslara görə, Ali Məclisin sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək, yaxud Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi barədə rəy qəbul edib Ali Məclisin müzakirəsinə təqdim etmək;

Ali Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatına Ali Məclisin sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Ali Məclisin müzakirəsinə təqdim etmək;

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 4-cü, 6-cı və 7-ci bəndlərində göstərilən hallar olduqda, Ali Məclisin sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatının mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi Ali Məclisin sədrinə təqdim etmək;

bu Daxili Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

İntizam komissiyasının iclası onun azı 3 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları (rəyləri) onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 46.3-cü maddədə göstərilən məsələlərə dair keçirilən iclaslarda İntizam komissiyasının rəyi ilə razı olmayan komissiya üzvü xüsusi rəyini protokola əlavə edə bilər və həmin xüsusi rəylə (46.3.7-ci maddədə göstərilən məsələyə dair xüsusi rəy istisna olmaqla) Ali Məclisin iclasında çıxış edə bilər.

İntizam komissiyasının rəy verilməsi məqsədi ilə keçirilən iclaslarında hüquqşünas ekspertlərin köməyindən istifadə edilə bilər. Ekspertlər İntizam komissiyasında əməkhaqqı ödənilməklə və ya ictimai əsaslarla işləyə bilərlər. Əməkhaqqı ödənilməklə işləyən ekspertlərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.