04.10.2024 01:01
► Zəfər tariximiz

Şanlı Zəfər tariximiz

 

2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

 

Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz sıldırım dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi sona çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

 

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident cənab İlham Əliyev Ulu Öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz töhfəsini verdi. Xalqımızın lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi tarixi qələbənin təmin edilməsində mühüm rol oynadı.

 

İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı.

 

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

 

Düşmənin “məğlubedilməz ordu” mifini darmadağın edən, döyüş meydanında düşmənə dərs keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə, xalqın yaddaşına əbədi həkk olunub. Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq. Gələcək nəsil də bu igid və qəhrəman övladlarımızla fəxr edərək onlardan nümunə götürəcəklər.

Bu Qələbə yalnız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. 44 günlük müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. İkinci Qarabağ müharibəsində minlərlə vətən övladı ərazi bütövlüyümüz uğrunda canını qurban verdi.

 

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi.

 

2023-cü il sentyabrın 19-da Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğu tarixin tozlu səhifələrinə atıldı, suverenliyimiz tam bərpa edildi.

 

Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı.

 

Biz 30 ilə yaxın ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən müddətdə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri Prezident İlham Əliyevin “Zəfər Yolu” adlandırdığı Şuşaya çəkilən 101 kilometr uzunluğunda olan yoldur.

 

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Otel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.

 

Ölkə başçısının bu ilin iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, 8 noyabr tarixi ilk dəfədir Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olundu. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

 

Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.