21.11.2024 10:23
► Naxçıvan Muxtar Respublikasının fəxri adları

Fəxri adlar

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 1999-cu il 22 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamə” təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mühəndislik, dövlət qulluğu və hüquq sahəsində, habelə dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.

Naxçıvan Muxtar Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, həmçinin digər ölkələrin vətəndaşlarına da verilə bilər.

Fəxri adlar bir şəxsə təkrar verilmir. Naxçıvan Muxtar Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, təqdim edilə bilər.

Fəxri adlara layiq görülmüş şəxslərə Naxçıvan Muxtar Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunur.

Naxçıvan Muxtar Respublikasının aşağıda qeyd olunan fəxri adları var:

●Əməkdar müəllim

●Əməkdar həkim

●Əməkdar tibb işçisi

●Əməkdar mühəndis

●Əməkdar hüquqşünas

●Əməkdar artist

●Əməkdar incəsənət xadimi

●Əməkdar rəssam

●Əməkdar dövlət qulluqçusu

●Əməkdar mədəniyyət işçisi

●Əməkdar memar

●Əməkdar bədən tərbiyəsi və idman xadimi

●Əməkdar jurnalist

●Əməkdar kənd təsərrüfatı işçisi

Fəxri adın verilməsi haqqında yuxarı orqan və ya təşkilat qarşısında vəsatət fəxri ada təqdim edilənin işlədiyi əmək kollektivində qaldırılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının fəxri adını öz təşəbbüsü ilə və ya Nazirlər Kabinetinin təqdimatı əsasında verir.

Naxçıvan Muxtar Respublikasının fəxri adına layiq görülmüş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəştlərdən istifadə edirlər.

Dövlət orqanları, ictimai təşkilatlar, müəssisə, idarə və təşkilatların müdiriyyəti, əmək kollektivləri Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmiş şəxslərin nailiyyətlərini və xidmətlərini təbliğ etmək sahəsində iş aparır, onların qabaqcıl təcrübəsini yayır, vətəndaşları, böyüməkdə olan nəsli fəxri adlara layiq görülmüş şəxslərin xidmətlərinə hörmət və ehtiram ruhunda tərbiyə edirlər.

Naxçıvan Muxtar Respublikasının fəxri adını almış şəxs fəxri addan yalnız aşağıdakı hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə məhrum edilir:

1. Fəxri ad almış şəxs ağır cinayət üstündə məhkum olunduqda - qanunvericiliklə müəyyən edilmiş əsaslar və qaydalar üzrə məhkəmənin təqdimatına əsasən;

2. Fəxri ad almış şəxs onu ləkələyən xəta törətdikdə - fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən.

Naxçıvan Muxtar Respublikasının fəxri adından məhrum edilmiş şəxsə məxsus olan fəxri adın vəsiqəsi və döş nişanı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə qaytarılmalıdır.

Naxçıvan Muxtar Respublikasının fəxri adlarının vəsiqələrinə və döş nişanlarına zahirən bənzəyən vəsiqələrin və döş nişanlarının təsis olunması və hazırlanması qadağandır.