04.10.2024 00:59
► Ali Məclisin komitələri haqqında

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

 

Q A N U N U

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin komitələri haqqında

 

Bu qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin təşkili ilə bağlı məsələləri müəyyən edir.

Maddə 1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin fəaliyyətinin əsasları

1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri (bundan  sonra - Komitə) qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilmiş qanun və qərar layihələrinin ilkin baxılmasını təşkil etmək, onların Ali Məclisin müzakirəsinə çıxarılmasını təmin etmək və bu Qanunda nəzərdə tutulmuş başqa vəzifələri həyata keçirmək məqsədi ilə fəaliyyət göstərirlər.

1.2. Komitələrin hüquqları, təşkili qaydası, səlahiyyət müddəti, fəaliyyət prinsipləri, tərkibi, iclaslarının aparılması qaydası, onların sədrlərinin və sədr müavinlərinin səlahiyyətləri “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin 40-44-cü maddələri ilə müəyyən edilir.

Maddə 2.Komitənin funksiyaları

2.0. Komitə aşağıdakı funksiyaları həyata keçirir:

2.0.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun və qərar layihələrinin ilkin müzakirəsini təşkil edir və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxılmasına dair rəy verir, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının təşəbbüsü ilə qanun və qərar layihələrini hazırlayır;

2.0.2. Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun və qərar layihələrinin ilkin müzakirəsini təşkil edir və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxılmasına dair rəy verir;

2.0.3. birinci və ikinci oxunuşda qəbul edilmiş qanun layihəsi üzərində iş aparır və onu ikinci və  üçüncü oxunuşa hazırlayır;

2.0.4. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyətlərinə daxil olan məsələlərə baxır və bu barədə rəy verir;

2.0.5. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planına dair öz təkliflərini verir;

2.0.6. ildə iki dəfə - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz və payız sessiyalarının əvvəlində öz işi barədə hesabat verir.

Maddə 3.Komitənin işinin təşkili

Komitə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı ilə birgə komitənin işini təşkil edir.

Maddə 4.Komitə üzvlərinin hüquqları və vəzifələri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsində və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda göstərilmiş hüquq və vəzifələrdən başqa komitə üzvlərinin komitənin bütün iclaslarında həlledici səs hüququ vardır. Komitənin üzvü komitənin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Komitənin qəbul etdiyi qərarla razı olmadıqda komitənin üzvü xüsusi rəylə çıxış edə bilər.

Maddə 5.Komitənin iclasları

5.1. Komitənin iclasları bir qayda olaraq açıq keçirilir. Müstəsna hallarda komitənin qərarı ilə onun qapalı iclasları keçirilə bilər.

5.2. Komitənin açıq iclaslarında dəvət olunmuş şəxslər və media subyektlərinin nümayəndələri iştirak edə bilərlər.

5.3. Komitənin iclasına qanunvericilik təşəbbüsü qaydasında qanun və qərar layihələrini təqdim etmiş dövlət orqanlarının nümayəndələri, maraqlı icra və məhkəmə hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının nümayəndələri, siyasi partiyaların, həmkarlar ittifaqları birliklərinin, ictimai birliklərin nümayəndələri, alimlər, ekspertlər, mütəxəssislər və iştirakı zəruri hesab olunan başqa şəxslər dəvət oluna bilər. Bu halda komitə dəvət olunan şəxsləri müzakirə olunan sənədlərlə təchiz edir.

5.4. Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Maddə 6.Komitənin qəbul etdiyi aktlar

6.1. Komitə müzakirə etdiyi məsələlərə dair qərarlar və rəylər qəbul edir.

6.2. Komitə özü hazırladığı qanun və qərar layihələrinə dair qərarlar, komitəyə təqdim olunmuş qanun və qərar layihələrinə dair isə rəylər qəbul edir.

6.3. Komitə öz işi barədə hesabatlar hazırlayır. Komitənin hesabatı komitənin qərarı ilə qəbul edilir.

6.4. Komitənin qərarları və rəyləri komitənin tərkibinə daxil olan üzvlərin yarısından çoxu qərar və ya rəyin lehinə səs verdikdə qəbul edilmiş sayılır.

Maddə 7.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri

7.1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı komitələri yaradır:

7.1.1. Hüquq siyasəti komitəsi;

7.1.2. İqtisadi siyasət komitəsi;

7.1.3. Sosial siyasət komitəsi;

7.1.4. Humanitar siyasət komitəsi.

7.2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi zəruri hallarda yeni komitələr yarada bilər, yaxud fəaliyyət göstərən komitələri yenidən təşkil edə və ya ləğv edə bilər.

Maddə 8.Hüquq siyasəti komitəsi

8.1. Hüquq siyasəti komitəsi hüquqi siyasətin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

8.2. Hüquq siyasəti komitəsi:

8.2.1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin statusu və vəkillik ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

8.2.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və başqa qanunlarına uyğunluğu haqqında rəy verir;

8.2.3. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmək üçün Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təqdim etdiyi şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxır və rəy verir;

8.2.4. Naxçıvan Muxtar  Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinə baxır və rəy verir.

8.3. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının mətnində dəyişikliklər olunması haqqında qanunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinə çıxarıldıqda Hüquq siyasəti komitəsi bu haqda rəy verməlidir.

Maddə 9. İqtisadi siyasət komitəsi

9.1. İqtisadi siyasət komitəsi iqtisadiyyatın inkişaf istiqamətləri, ətraf mühitin qorunması, dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir.

9.2. İqtisadi siyasət komitəsi:

9.2.1. iqtisadiyyatın inkişaf istiqamətləri, ətraf mühitin qorunması, dövlət büdcəsi, turizm və vergi ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;

9.2.2. dövlət büdcəsinə nəzarətlə bağlı məsələlərə baxır və Naxçıvan Muxtar  Respublikasının Ali  Məclisinə təkliflər verir;

9.2.3. dövlət büdcəsinin layihəsinə dair Ali Məclisin digər komitələrinin təkliflərinə baxır və onlar barəsində rəy verir;

9.2.4. Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin və ya Naxçıvan Muxtar  Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə dövlət büdcəsindən əlavə xərc tələb edən qanun və qərar layihələrinə dair, habelə qanun və qərar layihələrinə iqtisadi əsaslandırma və iqtisadi məqsədə uyğunluq baxımından rəy verir;

9.2.5. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsi ilə birlikdə turizm sahəsi üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.

Maddə 10. Sosial siyasət komitəsi

10.1. Sosial siyasət komitəsi sosial siyasətin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

10.2. Sosial siyasət komitəsi insanların, o cümlədən sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial problemləri, sosial təminat sahələri üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.

Maddə 11. Humanitar siyasət komitəsi

11.1. Humanitar siyasət komitəsi səhiyyə, elm və mədəniyyət sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.

11.2. Humanitar siyasət komitəsi:

11.2.1. səhiyyə, elm və mədəniyyət sahələrinə aid qanun və qərar layihələrini hazırlayır və ya təqdim olunmuş qanun və qərar layihələrinə dair rəy verir;

11.2.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində səhiyyə, elm və mədəniyyət sahələrinə aid məsələlərə dair rəy verir.

Maddə 12.Komitələrin qarşılıqlı fəaliyyəti

Əlaqədar qanun və qərar layihələri hazırlanarkən və ya müzakirə olunarkən komitələr birgə iclaslar keçirə və ya başqa formalarda birgə fəaliyyət göstərə bilərlər.

Maddə 13.Komitələrin iclaslarının protokolları və stenoqramları

13.1. Komitənin iclası stenoqrama alınır və protokollaşdırılır.

13.2. Komitələrin iclasının protokolu və stenoqramı müvafiq sənədlərin müzakirəsini və onlar barədə qərar qəbul edilməsini təsdiq edən rəsmi sənədlərdir.

13.3. Komitənin iclasının protokolunda aşağıdakılar göstərilir:

13.3.1. iclasın keçirilməsi yeri, vaxtı, protokolun nömrəsi;

13.3.2. iclasda sədrlik və iştirak edən komitə üzvlərinin, habelə dəvət olunmuş şəxslərin adı, soyadı;

13.3.3. iclasın gündəliyi;

13.3.4. iclasda yayılan sənədlər;

13.3.5. gündəlik üzrə çıxış edənlər;

13.3.6. gündəlikdə duran məsələlər üzrə səsvermənin nəticələri;

13.3.7. qəbul olunmuş akt.

13.4. Komitə üzvünün xüsusi rəyi varsa, həmin xüsusi rəy haqqında məlumat protokolda göstərilir, xüsusi rəy isə stenoqrama əlavə edilir.

13.5. Komitənin protokolunu iclasda sədrlik edən imzalayır.

Maddə 14.Komitələrin fəaliyyətinin işıqlandırılması

14.1. Komitələrin fəaliyyəti mediada işıqlandırılır.

14.2. Komitələrin iclasları haqqında məlumatlar “Şərq qapısı” qəzetində dərc edilir.

14.3. Komitənin iclasında audio, video yazısı, foto və kino çəkilişi komitənin razılığı ilə həyata keçirilə bilər.

Maddə 15.Komitələrin fəaliyyətinin təmin edilməsi

Komitələrin hüquqi, təşkilati, analitik, informasiya, kargüzarlıq, maddi-texniki təminatını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı həyata keçirir.

Maddə 16.Komitələrin ekspertləri

Komitədə qanun və qərar layihələrinin hazırlanmasında və ya onlara rəy verilməsində mütəxəssislərin cəlb edilməsi məqsədilə, habelə komitəyə daxil olan materialların təhlilinə və ümumiləşdirilməsinə kömək etmək üçün komitə ekspertlərdən istifadə edə bilər.

 

    Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini                                AZƏR ZEYNALOV

 

 

Naxçıvan şəhəri,     1  avqust 2023-cü il

№ 27-VI QN