Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Daxili Nizamnaməsi
Birinci fəsil
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
fəaliyyətinin ümumi qaydaları
Maddə 1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətinin əsasları
1.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 3-cü maddəsinin III hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi (bundan sonra - Ali Məclis) Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələləri müstəqil həll edir.
1.2. Ali Məclisin fəaliyyətinin əsas prinsiplərini aşkarlıq, siyasi plüralizm və çoxpartiyalılıq, məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması təşkil edir.
1.3. Ali Məclisin hər çağırışının növbəti və növbədənkənar sessiyaları ardıcıl sıra sayı ilə adlanır. Ali Məclisin sessiyalarının başlanması və qurtarması zamanı Azərbaycan Respublikasının Dövlət himni ifa olunur. Ali Məclis növbəti və növbədənkənar sessiyalar dövründə iclaslar keçirir. Ali Məclisin deputatlarının Ali Məclisin iclaslarında iştirakı məcburidir.
1.4. Səlahiyyəti dövründə Ali Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Ali Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Ali Məclisin növbədənkənar sessiyası çağırıldıqda Ali Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Ali Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
1.5. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Ali Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
1.6. Ali Məclis Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində yerləşir.
1.7. Ali Məclisin binasının xüsusi rejimi Ali Məclisin sədrinin qərarı ilə müəyyən edilir. Ali Məclisin sədrinin icazəsi olmadan Ali Məclisin binasında axtarış aparıla bilməz.
Maddə 2. Yeni seçilmiş Ali Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi
Ali Məclisin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Ali Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.
Maddə 3. Ali Məclisin növbəti çağırışlarının birinci iclası
3.1. Ali Məclisin növbəti çağırışlarının birinci iclasını Ali Məclisin ən qocaman deputatı açır, Ali Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Ali Məclisin sədri seçilənədək birinci iclası aparır.
3.2. Ali Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Ali Məclisin sədri və onun müavinləri seçilir, bununla da Ali Məclisin növbəti çağırışlarının birinci iclası işini bitirir.
Maddə 4. Ali Məclisin iclasları
4.1. Ali Məclisin iclası 31 deputat iştirak etdikdə səlahiyyətlidir. Ali Məclisin iclasları açıq, aşkarlıq şəraitində keçirilir və media ilə işıqlandırılır.
4.2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin IV hissəsinə əsasən, Ali Məclisin 31 deputatının tələbi ilə və ya Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Ali Məclisin sessiyasının qapalı iclası keçirilə bilər.
4.3. Ali Məclisin qapalı iclaslarının məzmunu haqqında məlumatlar aşkarlana bilməz və yalnız Ali Məclisin deputatları tərəfindən onların Ali Məclisdəki fəaliyyətində istifadə edilə bilər.
4.4. Ali Məclisin iclasları Azərbaycan dilində keçirilir. Ali Məclisin deputatları və Ali Məclisin iclasında iştirak edən şəxslər başqa dildə də çıxış edə bilərlər. Başqa dildə (dillərdə) çıxış əvvəlcədən Ali Məclisin rəhbərliyinə məlumat verilməklə razılaşdırılır. Ali Məclisin Aparatı dövlət dilinə tərcümənin təmin edilməsi üçün tədbirlər görür.
4.5. Ali Məclisin, Ali Məclisin sədrinin və onun müavinlərinin, Ali Məclis Aparatı rəhbərinin dəvəti ilə Ali Məclisin iclaslarında başqa şəxslər də iştirak edə bilərlər.
4.6. Açıq iclaslar keçirilərkən Ali Məclisin iclas salonuna medianın Ali Məclisdə qeydə alınmış nümayəndələri onlara ayrılmış yerlərdə əyləşmək üçün buraxılır.
4.7. Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Ali Məclisin sədri Ali Məclisin iclaslarının, habelə Ali Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə qərar qəbul edə bilər. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.
Maddə 5. Ali Məclisin iclaslarının protokolları və stenoqramları
5.1. Ali Məclisin bütün iclasları protokollaşdırılır və stenoqrama alınır.
5.2. Ali Məclisin iclasının protokolunu iclasa sədrlik edən imzalayır.
5.3. Ali Məclisin açıq iclaslarının protokolları və stenoqramları bu Daxili Nizamnamənin 57.4-cü maddəsinə uyğun olaraq rəsmi dərc edilir. Ali Məclisin deputatının Ali Məclisin iclasının stenoqramı rəsmi dərc olunanadək öz çıxışının mətni ilə tanış olmaq hüququ vardır. Bununla əlaqədar mübahisə yaranarsa, məsələ Ali Məclisin İntizam komissiyasında həll edilir.
Maddə 6. Ali Məclisin fəaliyyət formaları
6.1. Ali Məclisin fəaliyyəti növbəti, növbədənkənar sessiyalar və sessiyalararası dövrlərdə iş formalarında qurulur.
6.2. Ali Məclisin növbəti və növbədənkənar sessiyaları dövründə Ali Məclis öz iclaslarını keçirir, Ali Məclisin komitə və komissiyalarının iclasları keçirilir, Ali Məclisin deputatları komitə və komissiyaların işində iştirak edirlər.
6.3. Ali Məclisin iclasları sessiyalar müddətində müntəzəm keçirilir. Ali Məclisin iclaslarının gününü və saatını Ali Məclisin sədri təyin edir.
6.4. Ali Məclisin komitə və komissiyalarının iclasları sessiya müddətində müntəzəm keçirilir. Ali Məclisin komitə və komissiya iclaslarının gününü və saatını Ali Məclisin müvafiq komitə və komissiyasının sədri təyin edir. Ali Məclisin sessiyaları arasındakı dövrdə Ali Məclisin komitə və komissiyalarının işi davam edir və Ali Məclisin deputatları komitə və komissiyaların işində iştirak edirlər.
Maddə 7. Ali Məclisin iclaslarında deputatların qeydiyyatı
7.1. Ali Məclisin iclasları iclasda iştirak edən deputatların qeydiyyatından başlanır. Deputatların qeydiyyatını iclasa sədrlik edən elektron səsvermə sistemi vasitəsi ilə, bu mümkün olmazsa, Ali Məclisin deputatlarının adbaad çağırılması üsulu ilə aparır.
7.2. Üzrlü səbəbdən Ali Məclisin iclaslarında iştirak edə bilməyən deputatlar qabaqcadan Ali Məclisin Aparatına məlumat verməlidirlər.
7.3. Ali Məclisin iclasının hər fasiləsindən sonra deputatların qeydiyyatı keçirilir. Fasilədən sonra Ali Məclisin iclasında üzrsüz səbəbdən qeydiyyatdan keçməyən Ali Məclisin deputatı həmin iclasda iştirak etməmiş hesab edilir.
7.4. Ali Məclisin deputatı Ali Məclisin iclasında üzrsüz səbəbdən iştirak edə bilməyəcəksə, qabaqcadan Ali Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Ali Məclisin iclasında iştirak etməmək üzrlü səbəb sayılır.
Maddə 8. Ali Məclisin qanunvericilik işləri planı
“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Ali Məclis qanun layihələrinin hazırlanmasının illik planını tərtib edir. Ali Məclisin iclasları həmin illik plan əsasında növbəti sessiyanın ilk iclasında qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Ali Məclisin qanunvericilik işləri planı qərarla təsdiq edilir və onun həyata keçirilməsinə Ali Məclis tərəfindən nəzarət edilir.
Maddə 9. Ali Məclisin iclaslarında deputatların hüquqları
9.1. Ali Məclisin iclaslarında deputatın müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və Ali Məclis tərəfindən təyin edilən və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır.
9.2. Ali Məclisin iclaslarında baxılacaq qanun layihələri Ali Məclisin iclasına azı 3 gün qalmış deputatlara paylanılır.
Maddə 10. Ali Məclisin iclaslarında iştirak edənlərə aid tələblər
10.1. Ali Məclisin iclaslarında iştirak edənlər parlament etikasını gözləməlidirlər. Onlar Ali Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdırlar.
10.2. Ali Məclisin iclasına sədrlik edən parlament etikasını gözləməyənlərə xəbərdarlıq edir, təkrar pozuntuya yol verilərsə, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə və bunu iclasda elan edə bilər. Özünü bu tərzdə aparmaqda davam edən şəxs Ali Məclisin iclasına sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla bilər. İclasın iş qaydasının pozulması ilə əlaqədar bütün hallar Ali Məclisin iclasının protokolunda qeyd olunur.
Maddə 11. Ali Məclisin iclaslarına sədrlik edən
11.1. Ali Məclisin iclaslarına sədrlik edən Ali Məclisin iclasının gedişinə rəhbərlik edir, Ali Məclisin Daxili Nizamnaməsinə riayət olunmasını təmin edir, Ali Məclisin iclasında iştirak edənlərə söz verir, deputatların təkliflərini sıra ilə səsə qoyur, səsverməni keçirir və onun nəticələrini elan edir, Ali Məclisin aparatının işçilərinə göstərişlər verir və bunların icrasına nəzarət edir, Ali Məclisin iclasının protokolunu yoxlayır və imzalayır.
11.2. Ali Məclisin iclaslarına sədrlik edənin iclasın gedişində Azərbaycan Respublikası Konstitusiyasının, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, bu Daxili Nizamnamənin, başqa qanunların müddəalarının pozulması barədə məlumat vermək hüququ vardır.
11.3. Ali Məclisin iclaslarına sədrlik edən deputata verilmiş bütün hüquqlardan istifadə edir.
Maddə 12. Ali Məclisin iclaslarında çıxışlar üçün müəyyən edilmiş vaxt
12.1. Ali Məclisin iclaslarında məruzə üçün 30 dəqiqəyədək, əlavə məruzə üçün 20 dəqiqəyədək, yekun sözü üçün 15 dəqiqəyədək vaxt ayrılır.
12.2. Müzakirələrdə iştirak edənlər üçün 10 dəqiqəyədək, təkrar çıxışlar üçün 5 dəqiqəyədək, iclasın aparılmasına dair, səsvermə mülahizələri ilə əlaqədar, namizədlər barədə çıxışlar, bəyanatlar, suallar, təkliflər, xəbərlər, arayışlar üçün 3 dəqiqəyədək vaxt ayrılır.
12.3. Müəyyən edilmiş vaxt başa çatdıqdan sonra Ali Məclisin iclasına sədrlik edən çıxış edəni xəbərdar edir, sonra isə onun sözünü kəsə bilər. Ali Məclisin iclasına sədrlik edən protokol qaydasında qəbul edilmiş qərar əsasında bu Daxili Nizamnamədə çıxışlar üçün müəyyən edilmiş müddətləri dəyişdirə bilər, çıxışların vaxtını uzada bilər.
Maddə 13. Ali Məclisin iclaslarında çıxışların ardıcıllığı
13.1. Ali Məclisin iclaslarında çıxışlar gündəlikdə müəyyən edilmiş ardıcıllıqla çıxışlara yazılanların sıra növbəsi ilə edilir. Ali Məclisin iclasına sədrlik edən iclasın gedişində lazım bildikdə bu qaydanı dəyişdirə bilər. Ali Məclisin iclasında heç kəs Ali Məclisin iclasına sədrlik edənin icazəsi olmadan çıxış edə bilməz. Bu qaydanı pozan şəxs xəbərdarlıqsız sözdən məhrum edilir.
13.2. Ali Məclisin iclaslarında Ali Məclisin sədrinin və onun müavinlərinin növbədənkənar çıxış etmək hüququ vardır. Ali Məclisin iclasına sədrlik edən Ali Məclisin deputatlarına və Ali Məclisin iclasında iştirak edən digər şəxslərə növbədənkənar söz verə bilər.
Maddə 14. Ali Məclisin iclaslarında müzakirələrin kəsilməsi
14.1. Ali Məclisin iclaslarında hər hansı məsələnin müzakirəsi həmin məsələ ilə bağlı çıxışlara yazılanların siyahısı bitdikdə protokol qaydasında qəbul edilmiş qərar əsasında kəsilir.
14.2. Ali Məclisin iclasına sədrlik edən müzakirələrin kəsilməsi haqqında təklif alandan sonra deputatlara müzakirələrdə çıxış etmiş və çıxış etmək istəyən şəxslərin sayı haqqında məlumat verir, çıxış etmək üçün israr edənləri müəyyənləşdirir və protokol qaydasında qəbul edilmiş qərar əsasında onlara söz verir.
14.3. Müzakirələr kəsildikdən sonra məruzəçinin və əlavə məruzəçinin yekun sözü demək hüququ vardır. Müzakirələr kəsildikdən sonra yalnız səsvermə mülahizələri üzrə çıxışlar edilə bilər.
Maddə 15. Ali Məclisə təqdim edilmiş qanun və qərar layihələrinin qeydiyyatı və Ali Məclisin komitələrinə göndərilməsi
15.1. Ali Məclisə təqdim edilmiş qanun və qərar layihələri Ali Məclisin Aparatında qeydiyyata alınır.
15.2. Ali Məclisə təqdim edilmiş qanun və qərar layihələrini Ali Məclisin sədri Ali Məclisin komitəsinə göndərir və layihəyə baxılması müddətini müəyyən edir. Qanun layihəsi bir neçə müvafiq komitəyə göndərildiyi halda Ali Məclisin sədri onlardan birini aparıcı komitə təyin edir.
Maddə 16. Ali Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması, razılaşdırılması və baxılması qaydası
16.1. Ali Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması, razılaşdırılması və baxılması qaydasını aparıcı komitə Azərbaycan Respublikasının Konstitusiyasına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa, “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və bu Daxili Nizamnaməyə əsasən müəyyənləşdirir.
16.2. Qanun və qərar layihələri üzərində iş aparmaq üçün komitə işçi qrupu yarada bilər. Qanun və qərar layihələri bir neçə komitə tərəfindən hazırlanırsa, onlar birgə işçi qrupları yarada bilərlər. Bir məsələyə aid iki və ya daha çox qanun və qərar layihəsi varsa, onlar birlikdə müzakirə edilir.
16.3. Aparıcı komitənin tapşırığı ilə Ali Məclisin Aparatı qanun layihələrinin ictimai müzakirələrini təşkil edir. İctimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai müzakirənin təşkili üçün Ali Məclisin Aparatı “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tədbirlər görür. İctimai müzakirəyə dəvət edilən şəxslər ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddəsinin V hissəsinə əsasən, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.
16.4. Ali Məclisin Aparatı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edir. Hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan qanun layihələrinin hazırlanmasına yalnız bunun üçün 1 ildən artıq müddət tələb edildikdə yol verilir. Bu halda aparıcı komitə tərəfindən müvafiq siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlanır.
16.5. Ali Məclisin deputatlarının və başqa qanunvericilik təşəbbüsü hüququ subyektlərinin qanun və qərar layihələrinə aid qeyd və təkliflərinə aparıcı komitənin iclaslarında baxılır.
16.6. Ali Məclisin komitələri arasında baxılan layihələrə dair fikir ayrılığı əmələ gələrsə, aparıcı komitənin qərarı əsas götürülür. Bu qərarla razı olmayan komitənin rəyi Ali Məclisin bu məsələyə aid iclasında deputatlara yazılı şəkildə çatdırılır.
16.7. Hazırlanmış və ya baxılmış layihə Ali Məclisin iclasının gündəliyinə daxil edilmək üçün iclasa dəvət olunmalı şəxslərin siyahısı ilə birlikdə Ali Məclisin sədrinə təqdim edilir.
16.8. Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Ali Məclisdə layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.
16.9. Qanun layihəsi Ali Məclisdə layihədə edilmiş dəyişikliklərlə birlikdə aşağıdakılarla razılaşdırılmalıdır (rəy alınmalıdır):
16.9.1. qanun layihəsini təqdim etmiş qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə;
16.9.2. dəyişikliklər edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi ilə və ya onun tapşırığı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə.
16.10. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 41.2-ci maddəsində nəzərdə tutulan razılaşdırılma (rəy) nəticəsində Ali Məclisə təqdim edilmiş dəyişikliklər qanun layihəsinin alındığı gündən 14 gün keçənədək bu şərtlə həyata keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə baxılmasının təcili elan edilməsi ayrı müddət tələb etməsin. Əlavə məlumatın alınması zərurəti olduqda, habelə xüsusilə mürəkkəb qanun layihələri üzrə rəyin hazırlanması və razılaşdırılmanın keçirilməsi (rəyin hazırlanması) üçün daha uzun müddət müəyyən edilə bilər.
16.11. Rəyə göndərilmədən və razılaşdırılmadan müvafiq qanun layihəsində dəyişikliklər (texniki xarakter daşıyan dəyişikliklər istisna olmaqla) edilməsinə yol verilmir.
16.12. Ali Məclisə təqdim olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar razılaşdırılmır.
Maddə 17. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququnun Ali Məclis tərəfindən həyata keçirilməsi
17.1. Ali Məclis Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir.
17.2. Ali Məclisə təqdim edilən Azərbaycan Respublikasının qanun layihəsi bu Daxili Nizamnamənin 15-ci və 16-cı maddələrinə uyğun olaraq Ali Məclisin iclasında baxılmaq üçün hazırlanır.
17.3. Ali Məclisin qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanununun qəbul edilməsini nəzərdə tutan layihə deputatların 23 səs çoxluğu ilə qəbul edilir. Bu barədə qəbul edilən qərar Ali Məclis sədrinin müşayiət məktubu və müvafiq layihə əlavə olunaraq baxılması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.
Maddə 18. Ali Məclisdə qanun layihələrinin oxunuşları
18.1. Ali Məclisdə uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə isə üç oxunuşda baxılır.
18.2. Qanunvericilik təşəbbüsü hüququnun subyekti Ali Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir.
18.3. Ali Məclisdə birinci, ikinci və üçüncü oxunuşlarda baxılması üçün tam hazırlanmış qanun layihəsi müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış qanunvericilik təşəbbüsü hüququnun subyektinə təqdim edilir.
Maddə 19. Qanun layihəsinin birinci oxunuşu
19.1. Qanun layihəsinin birinci oxunuşu zamanı onun qəbul edilməsinin zəruriliyi, əsas müddəaları müzakirə edilir, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilir.
19.2. Müzakirə layihənin təşəbbüsçüsünün və aparıcı komitənin nümayəndəsinin məruzələri ilə başlanır.
19.3. Bundan sonra komitələrdə layihəyə baxılarkən onların arasında fikir ayrılığı əmələ gəlmişsə, layihə ilə razı olmayan daimi komitənin rəyini həmin komitənin nümayəndəsi oxuyur.
19.4. Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Ali Məclis aşağıdakı qərarlardan birini qəbul edir:
19.4.1. layihə birinci oxunuşda qəbul edilsin və söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul edilir);
19.4.2. əsaslar və səbəblər göstərilməklə layihə rədd edilsin;
19.4.3. layihənin qəbul edilməsi müəyyən müddətə təxirə salınsın;
19.4.4. irad və təkliflər göstərilməklə, layihə yenidən işlənilməsi üçün geri qaytarılsın;
19.4.5. qanun qəbul edilsin.
19.5. Ali Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi haqqında qərar qəbul edə bilər.
19.6. Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklifləri və iradları aparıcı komitə öyrənir və ümumiləşdirir. Aparıcı komitə layihəyə təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının Konstitusiyasına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müstəqil ekspertiza təyin edə bilər. Layihəyə təklif edilən dəyişikliklərin Azərbaycan Respublikasının Konstitusiyasına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa zidd olması müəyyənləşdirildikdə aparıcı komitə bu barədə dəyişikliyin müəllifinə xəbər verir. Dəyişiklik vermiş şəxslər müzakirə zamanı dəyişiklikləri dəqiqləşdirə və ya geri götürə bilərlər.
19.7. Layihənin ayrı-ayrı maddələri üzrə qruplaşdırılmış dəyişikliklərə aparıcı komitənin iclasında baxılır və komitə bu dəyişikliklərlə razı olduqda onları layihənin mətninə daxil edir. Yenidən işlənilmiş qanun layihəsi ikinci oxunuşda baxılmaq məqsədilə Ali Məclisin iclasının gündəliyinə salınmaq üçün Ali Məclisin sədrinə göndərilir.
19.8. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddəsinin II hissəsində nəzərdə tutulan qanunvericilik təşəbbüsü hüququnun subyektlərinin qanunvericilik təşəbbüsü qaydasında Ali Məclisin müzakirəsinə verdikləri qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Bu qanun və ya qərar layihələrində dəyişikliklər həmin subyektlərin razılığı ilə edilə bilər.
Maddə 20. Qanun layihəsinin ikinci oxunuşu
20.1. Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparıcı komitənin nümayəndəsinin məruzəsi ilə başlanır. Məruzəçi komitədə layihəyə baxılmasının nəticələri haqqında məlumat verir.
20.2. Layihənin ikinci oxunuşda müzakirəsi qanun layihəsi təşəbbüsçüsünün və ya onun nümayəndəsinin çıxışı ilə davam edir.
20.3. Daha sonra ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul edilməsi barədə protokol qaydasında qərar qəbul edilir. Bu cür qərar qəbul edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır.
20.4. Qanun layihəsi əsas kimi qəbul olunduqdan sonra Ali Məclisin iclasına sədrlik edən deputatlardan qanun layihəsində edilmiş dəyişikliklərə etirazların olub-olmamasını öyrənir. Bu cür etirazlar olduqda onları qısaca əsaslandırmaq üçün hər deputata 3 dəqiqəyədək vaxt verilir. Məruzəçi həmin etirazlara cavab verir və qanun layihəsi maddə-maddə müzakirə edilir. Qanun və ya qərar layihəsi Ali Məclisin müzakirəsinə məcburi hüquqi ekspertizanın rəyi ilə, layihəyə dair verilmiş təklif dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə isə, həmçinin bu Daxili Nizamnamənin 16.9.2-ci maddəsinə uyğun olaraq, müvafiq rəylə birlikdə çıxarılır.
20.5. Bundan sonra qanun layihəsi ikinci oxunuşdan qəbul edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır.
20.6. Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Ali Məclisin sədrinə göndərir. Ali Məclisin sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Ali Məclisin iclasının gündəliyinə salır.
Maddə 21. Qanun layihəsinin üçüncü oxunuşu
21.1. Qanun layihəsinin üçüncü oxunuşu zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz.
21.2. Ali Məclisin müzakirəsində üçüncü oxunuşda olan qanun layihəsi 23 səs çoxluğu ilə ikinci oxunuşa qaytarıla bilər.
Maddə 22. Ali Məclisdə qanun və qərar layihələrinə baxılması müddəti
22.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün başqa hallarda Ali Məclisə təqdim edilmiş layihələr 6 ay müddətində baxılır, müzakirə edilir və onlar barəsində qərar qəbul edilir.
22.2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddəsinin V hissəsində sadalanan subyektlər qanun və qərar layihələrini Ali Məclisin sessiyasının işinin bitməsinə 20 gündən az qaldıqda göndərərsə, Ali Məclisin sədri həmin layihələrə növbəti sessiyada baxılması haqqında vəsatət qaldıra bilər. Qanunvericilik təşəbbüsü hüququ subyektləri vəsatətə rədd cavabı verərsə, Ali Məclisin sessiyasının işi bitənədək həmin layihələr barədə qərar qəbul edilməlidir.
Maddə 23. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hesabatı
23.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 34-cü maddəsinin III hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) hər il Ali Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verir.
23.2. Nazirlər Kabinetinin hesabatı Ali Məclisin iclasında baxılmamışdan əvvəl Ali Məclisin komitələrinə rəy verilməsi üçün təqdim edilir.
23.3. Ali Məclisin iclasında hesabatı Naxçıvan Muxtar Respublikasının Baş naziri və ya onun müavinlərindən biri təqdim edir.
23.4. Nazirlər Kabinetinin hesabatı və komitələrin birgə məruzələri dinlənildikdən sonra müzakirələr açılır. Müzakirənin nəticələrinə əsasən, Ali Məclis müvafiq qərar qəbul edir.
Maddə 24. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi
“Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) illik məruzə ilə Ali Məclis qarşısında çıxış edir.
Maddə 25. Nazirlər Kabinetinə etimad
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən Ali Məclis Nazirlər Kabinetinə etimad məsələsini həll edir. Ali Məclis Nazirlər Kabinetinə etimad məsələsinə ilkin baxmağı Ali Məclisin komitəsinə tapşıra bilər.
Maddə 26. Ali Məclisin deputatının toxunulmazlığına xitam verilməsi qaydası
26.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 20-ci maddəsinin II hissəsinə əsasən Ali Məclisin deputatının toxunulmazlığına yalnız Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatına əsasən Ali Məclisin 23 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Ali Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
26.2. Ali Məclisin sədri Ali Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Ali Məclisin İntizam komissiyasına (bundan sonra – İntizam komissiyası) göndərir. İntizam komissiyası təqdimata baxaraq Ali Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.
26.3. Ali Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Ali Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Naxçıvan Muxtar Respublikasının prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.
Maddə 27. Ali Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə Ali Məclisdə baxılması qaydası
27.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 4-cü, 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda, Ali Məclisin sədri Ali Məclisin deputatı haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə 2 həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Ali Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda, Ali Məclisin sədri İntizam komissiyasının Ali Məclisin deputatının mandatından məhrum edilməsi barədə rəyini Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.
27.2. Ali Məclisin deputatı Ali Məclisin iclasında mandatından imtina etdikdə və həmin imtina Ali Məclisin iclasının stenoqramına daxil edildikdə, Ali Məclisin deputatı bu imtinasını geri götürə bilməz. Bu halda Ali Məclisin sədri iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.
Maddə 28. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası
28.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə əsasən, Ali Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və bu Daxili Nizamnamənin 51.5-ci maddəsində göstərilən halda onun səlahiyyətləri itirilir.
28.2. Ali Məclisin sədri əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirən Ali Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Ali Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Ali Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.
28.3. Parlamentdaxili məsuliyyətə cəlb olunması ilə əlaqədar Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və müvafiq qərarın qəbul edilməsi qaydası bu Daxili Nizamnamənin 51.5-ci maddəsi ilə müəyyən edilir.
Maddə 29. Ali Məclisin iclaslarında səsvermənin növləri və qaydası
29.1. Ali Məclisin iclaslarında məsələlər Ali Məclisin iclasına sədrlik edənin müəyyən etdiyi qaydada açıq və gizli səsvermə yolu ilə həll edilir.
29.2. Ali Məclisin iclaslarında elektron sistemindən istifadə etməklə açıq səsvermə keçirilir. Başqa səsvermə növlərinin keçirilməsi üçün protokol qaydasında qərar qəbul edilir. Ali Məclisin azı 9 deputatı tələb etdikdə elektron sistemindən istifadə etməklə adbaad rejimdə açıq səsvermə keçirilir.
29.3. Hər məsələ üzrə səsvermə keçirilərkən Ali Məclisin deputatının bir səsi vardır. Səsvermə keçirilərkən deputat məsələnin qəbul olunmasının lehinə, əleyhinə və ya bitərəf qalmasına səs verə bilər. İclasda iştirak edən deputatın səsvermədə iştirak etməməsi yetərsaya təsir etmir.
29.4. Səsvermədə iştirak edən deputat şəxsən səs verməlidir.
29.5. Səsvermə zamanı salonda olmayan deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməz.
29.6. Ali Məclisin iclasına sədrlik edən səsvermənin başlandığını elan etdikdən sonra heç kəs səsvermənin gedişini (iclasın aparılması barədə etirazların bildirilməsindən başqa) dayandıra bilməz.
29.7. Ali Məclisin iclasına sədrlik edən səsvermənin nəticələri müəyyənləşdirildikdən sonra onu elan edir.
29.8. Məsələnin həlli üçün tələb edilən yetərsay olmadıqda Ali Məclisin iclasına sədrlik edən səsverməni Ali Məclisin növbəti iclasına keçirir.
Maddə 30. Açıq səsvermə
30.1. Açıq səsvermə elektron sistemindən istifadə etməklə, elektron sistemindən istifadə etmədən və adbaad sorğu vasitəsilə keçirilə bilər.
30.2. Elektron sistemindən istifadə etməklə açıq səsvermə sadə və adbaad rejimdə keçirilə bilər. Elektron sistemindən istifadə etməklə sadə rejimdə açıq səsvermə deputatların önündəki düymələri basması yolu ilə həyata keçirilir və Ali Məclisin iclasının protokolunda deputatların necə səs verdiyi göstərilməklə əks olunur. Elektron sistemindən istifadə etməklə adbaad rejimdə açıq səsvermə, sadə rejimdə keçirilən səsvermə formasında həyata keçirilir, yalnız Ali Məclisin iclasının protokolunda hər deputatın necə səs verdiyi göstərilir. Elektron sistemindən istifadə etməklə açıq səsvermə keçirildikdən sonra deputatın, habelə Ali Məclisdə qeydə alınmış media nümayəndəsinin həm sadə, həm də adbaad səsvermənin nəticələri haqqında siyahını almaq hüququ vardır.
30.3. Elektron sistemindən istifadə etmədən açıq səsvermə keçirilərkən səsləri hesablayıcı komissiya hesablayır. Elektron sistemindən istifadə etmədən açıq səsvermə zamanı Ali Məclisin iclasına sədrlik edən deputatlara sual verir: “lehinə”, “əleyhinə”, “bitərəf”. Hər sualdan sonra deputatlar mövqeyindən asılı olaraq əl qaldırırlar, ya da əl qaldırmırlar. Hesablayıcı komissiya səsləri sayır və səsvermə qurtardıqdan sonra nəticələri elan edir.
30.4. Adbaad sorğu vasitəsilə açıq səsvermə sorğu vərəqi ilə keçirilir. Ali Məclisin hesablayıcı komissiyasının üzvlərindən biri sorğu vərəqəsi ilə iclasda iştirak edən deputatların hər birinə yanaşıb sorğu vərəqini təqdim edir. Deputat sorğu vərəqində mövqeyindən asılı olaraq “lehinə”, “əleyhinə” və ya “bitərəf” qrafalarının birində soyadını yazır və imza atır. Hesablayıcı komissiya səsvermə bitəndən sonra səsləri hesablayır və yekun sorğu vərəqini Ali Məclisin iclasına sədrlik edənə verir. Ali Məclisin iclasına sədrlik edən adbaad sorğu vasitəsilə keçirilən açıq səsvermənin nəticələrini elan edir.
30.5. Açıq səsverməyə başlamazdan əvvəl Ali Məclisin iclasına sədrlik edən verilmiş təkliflərin sayı, məzmunu və ardıcıllığı haqqında, habelə məsələnin hansı səs çoxluğu ilə qəbul edilməsi haqqında məlumat verir.
Maddə 31. Gizli səsvermə
31.1. Gizli səsvermə elektron sistemindən istifadə etməklə və ya bülletenlər vasitəsilə keçirilir.
31.2. Elektron sistemindən istifadə etməklə gizli səsvermə keçirilərkən deputatların necə səs verdiyi haqqında məlumatlar elektron sisteminin yaddaşına salınmır.
31.3. Bülletenlər vasitəsilə gizli səsvermə Ali Məclisin iclas salonunda keçirilir. Hesablayıcı komissiya səsvermə bülletenlərini hazırlayır, səsvermə qutusunu yoxlayır, möhürləyir və deputatları siyahı ilə səs verməyə dəvət edir.
31.4. Hesablayıcı komissiya səsvermənin gizliliyini təmin etmək üçün şərait yaratmalıdır. Deputatlar siyahıya imza atıb səsvermə bülletenlərini alır, iclas salonunun hamı tərəfindən görünən yerində qurulmuş səsvermə kabinəsinə daxil olur və orada bülleteni doldururlar. Bülletendə deputat “lehinə”, “əleyhinə”, “bitərəf” suallarının ikisini pozub birini saxlamalıdır. Əgər gizli səsvermə namizədlər barəsində keçirilirsə, deputat bülletendə lehinə səs verdiyi namizədin soyadını saxlayıb qalan namizədlərin soyadlarını pozur. Doldurulmuş bülleteni deputat şəxsən özü səsvermə qutusuna salır və sonra iclas salonunda əyləşir. Bülletenlər vasitəsilə gizli səsvermə başa çatdıqdan sonra Hesablayıcı komissiya iclas salonunda səsvermə qutusunu açır və səsləri hesablayır.
31.5. Gizli səsvermənin nəticələri barəsində protokol tərtib olunur. Bu protokolda siyahı üzrə deputatların sayı, səsvermədə iştirak etmiş deputatların sayı, istifadə edilməmiş bülletenlərin sayı, etibarlı bülletenlərin sayı, etibarsız bülletenlərin sayı, səsvermənin nəticələri göstərilir. Hesablayıcı komissiyanın müəyyənləşdirdiyi formada tərtib olunmayan bülletenlər, habelə “lehinə”, “əleyhinə”, “bitərəf” sözlərinin hamısının və ya birinin pozulduğu və ya heç birinin pozulmadığı, yaxud namizədlərin hamısının soyadlarının pozulduğu və ya birdən çoxunun soyadının saxlanıldığı bülletenlər etibarsız sayılır.
31.6. Deputatların siyahısı və səsvermə bülletenləri zərfə qoyulur və möhürlənir. Səsvermənin nəticələri barədə protokolu Hesablayıcı komissiyanın bütün üzvləri imzalayırlar. Hesablayıcı komissiyanın protokolunu imzalamaqdan imtina edən komissiya üzvü protokola xüsusi rəy əlavə edə bilər və bu xüsusi rəyini dərhal elan edə bilər. Hesablayıcı komissiyanın sədri bülletenlər vasitəsilə keçirilən gizli səsvermənin nəticələrini elan edir.
31.7. Eyni bir məsələnin həlli ilə əlaqədar Ali Məclis adbaad səsvermə və gizli səsvermə haqqında qərar qəbul edərsə, gizli səsvermə keçirilir.
Maddə 32. Səsvermənin ikinci dövrəsi
İkidən çox namizəd barəsində səsvermə keçirildikdən sonra namizədlərin heç biri 23 səs çoxluğu yığa bilməzsə, daha çox səs yığmış iki namizəd səsvermənin ikinci dövrəsinə keçir. İkinci dövrədə o namizəd seçilmiş sayılır ki, Ali Məclisin qərarlarının qəbul edilməsi üçün nəzərdə tutulmuş səs çoxluğu qazanmış olsun. İkinci dövrədə namizədlərin heç biri lazımi səs çoxluğu qazana bilmədikdə başqa namizədlər göstərilməklə yeni səsvermə keçirilir.
Maddə 33. Təkrar səsvermə
Səsvermənin nəticələri müəyyən edilərkən texniki (elektron sisteminin nasazlığı ilə əlaqədar) və ya prosedur səhvləri aşkar edilərsə, Ali Məclisin protokol qaydasında qəbul edilmiş qərarı ilə təkrar səsvermə keçirilir.
Maddə 34. Ali Məclisin iclaslarında elektron sistemindən istifadə
34.1. Ali Məclisin iclaslarında elektron sistemindən deputatların qeydiyyatı, onların çıxışlara yazılması, səsvermənin keçirilməsi üçün istifadə edilə bilər.
34.2. Elektron sistemindən istifadəyə Ali Məclisin sədri nəzarət edir.
34.3. Elektron sistemi ilə deputatların qeydiyyatdan keçməsinin, çıxışlara yazılmasının nəticələri və səsvermənin yekunları iclas salonunda qurulmuş elektron tablosu vasitəsi ilə göstərilir.
34.4. Bütün məlumatlar elektron sisteminin yaddaşında və Ali Məclisin arxivində maqnit daşıyıcılarında saxlanılır. Elektron sistemində saxlanılan məlumatlar Ali Məclisin sədrinin icazəsi ilə deputatlara və başqa müraciət edənlərə verilir. Ali Məclisin qapalı iclasları haqqında məlumatlar yalnız Ali Məclisin sədrinə verilir.
34.5. Elektron sisteminin işində səhvlər haqqında şikayətlərə Ali Məclisin sədri baxır.
Maddə 35. Ali Məclisin aktlarının qəbul edilməsi üçün tələb olunan səs çoxluğu
35.1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında və bu Daxili Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa, Ali Məclisin aktları 23 deputatın səs çoxluğu ilə qəbul edilir.
35.2. Prosedur məsələləri ilə əlaqədar protokol qaydasında qərarlar, bu Daxili Nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa, Ali Məclisin iclasında iştirak edən deputatların sadə səs çoxluğu ilə qəbul edilir.
İkinci fəsil
Ali Məclisin orqanları
Maddə 36. Ali Məclisin sədrinin səlahiyyətləri
36.1. Ali Məclisin sədri:
36.1.1. Ali Məclisin iclaslarını aparır;
36.1.2. Ali Məclisin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Ali Məclisin növbədənkənar sessiyasını çağırır;
36.1.3. Ali Məclisin sədrinin müavinləri arasında iş bölgüsü aparır;
36.1.4. Ali Məclisin sədrinin müavinləri və Ali Məclisin komitələrinin sədrləri ilə birlikdə qanun layihələrinin hazırlanmasına dair Ali Məclisin illik planını tərtib edir və həmin illik plan əsasında hər növbəti sessiyanın qanunvericilik işləri planını təsdiq edilməsi üçün Ali Məclisə təqdim edir;
36.1.5. qanunvericilik təşəbbüsü qaydasında Ali Məclisə daxil olmuş qanun və qərar layihələrini Ali Məclisin müvafiq komitələrinə göndərir;
36.1.6. Ali Məclisin daxili intizamını bu Daxili Nizamnamədə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində təmin edir;
36.1.7. Ali Məclisi icra və məhkəmə hakimiyyəti orqanları ilə, siyasi partiyalarla, ictimai birliklərlə, həmkarlar ittifaqları, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, media subyektləri ilə, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətlərdə təmsil edir;
36.1.8. Ali Məclisin Aparatının əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad edir;
36.1.9. mühüm qanun layihələrinin hazırlanması üçün işçi qrupları yaradır;
36.1.10. Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və bu Daxili Nizamnamə ilə nəzərdə tutulmuş başqa səlahiyyətləri həyata keçirir.
36.2. Ali Məclisin sədri öz səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar qərarlar qəbul edir.
36.3. Ali Məclisin sədri öz mülahizəsinə görə Ali Məclisin iclasının gündəliyinə birinci növbəli məsələlər kimi təcili həll edilməsi tələb olunan məsələləri və başqa məsələləri daxil edə bilər.
Maddə 37. Ali Məclisin sədrinin müavinlərinin səlahiyyətləri
37.1. Ali Məclisin sədrinin müavinləri onların arasında aparılmış iş bölgüsünə uyğun olaraq fəaliyyət göstərir, Ali Məclisin sədrinin ayrı-ayrı tapşırıqlarını yerinə yetirir, Ali Məclisin sədrinin göstərişi ilə Ali Məclisin iclaslarına sədrlik edirlər.
37.2. Ali Məclisin sədri vəzifəsi müvəqqəti boşaldıqda Ali Məclisin sədrinin birinci müavini, o olmadıqda isə Ali Məclisin sədrinin müavini Ali Məclisin sədri seçilənədək onun səlahiyyətlərini həyata keçirir.
Maddə 38. Ali Məclisin sədrinin seçilməsi və vəzifədən kənarlaşdırılması qaydası
38.1. Ali Məclisin sədri Ali Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.
38.2. Ali Məclisin sədri vəzifəsinə namizədliyi Ali Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər.
38.3. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
38.4. Səsverməyə azı 4 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Ali Məclisin sədrliyinə hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.
38.5. Gizli səsvermə nəticəsində azı 23 deputatın səsini almış namizəd Ali Məclisin sədri seçilir.
38.6. Namizədlərin heç biri azı 23 səs almadıqda, bu Daxili Nizamnamənin 32-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 23 səs ala bilməzsə, Ali Məclisin sədrinin birinci müavininin seçkiləri keçirilir.
38.7. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 31-ci maddəsinə uyğun olaraq Ali Məclisin sədrinin vəzifədən kənarlaşdırılması Ali Məclisin 16 deputatının təşəbbüsü ilə irəli sürülə bilər.
38.8. Ali Məclisin deputatlarının 23 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Ali Məclisin sədri vəzifədən kənarlaşdırıla bilər.
38.9. Ali Məclisin sədrinin seçilməsi və vəzifədən kənarlaşdırılması Ali Məclisin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Ali Məclisin iclasına sədrlik edən imzalayır.
Maddə 39. Ali Məclisin sədrinin müavinlərinin seçilməsi qaydası
39.1. Ali Məclisin sədrinin müavinləri Ali Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir.
39.2. Ali Məclisin sədrinin müavini vəzifəsinə namizədliyi, ilk növbədə, Ali Məclisin sədri, sonra isə Ali Məclisin deputatları irəli sürə bilərlər. Ali Məclisin sədri və hər deputat Ali Məclisin sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər.
39.3. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
39.4. Səsverməyə azı 3 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir.
39.5. Açıq səsvermə nəticəsində azı 23 deputatın səsini almış namizəd Ali Məclisin sədrinin müavini seçilir.
39.6. Namizədlərin heç biri azı 23 səs almadıqda, bu Daxili Nizamnamənin 32-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 23 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir.
39.7. Ali Məclisin sədrinin müavinlərinin seçilməsi Ali Məclisin qərarı ilə rəsmiləşdirilir.
Maddə 40. Ali Məclisin komitələri
40.1. Ali Məclisin növbəti çağırışının birinci sessiyasının əvvəlində "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa müvafiq olaraq Ali Məclisin komitələri yaradılır.
40.2. Ali Məclisin komitələri Ali Məclisin çağırışının səlahiyyət müddəti ərzində səlahiyyətlidir.
40.3. Ali Məclisin komitələrinin fəaliyyəti fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi prinsipləri əsasında qurulur.
Maddə 41. Ali Məclisin komitəsinin tərkibi
41.1. Ali Məclisin komitəsinin say tərkibi Ali Məclis tərəfindən müəyyən edilir, lakin azı 10 deputatdan ibarət olmalıdır.
41.2. Ali Məclisin rəhbərliyi Ali Məclisin komitəsində təmsil olunmurlar. Ali Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər.
41.3. Ali Məclisin komitəsinin sədri, onun müavini və üzvləri Ali Məclisin iclasında azı 23 deputatın səs çoxluğu ilə seçilirlər. Komitənin tərkibinin seçilməsi Ali Məclisin qərarı ilə rəsmiləşdirilir.
Maddə 42. Ali Məclisin komitələrinin iclasları
42.1. Ali Məclisin komitəsinin iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
42.2. Ali Məclisin sədrinin tələbi ilə Ali Məclisin komitəsinin növbədənkənar iclası çağırılır.
42.3. Ali Məclisin komitəsinin iclası haqqında komitə üzvü iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir.
42.4. Komitənin üzvü olan Ali Məclisin deputatının komitəsinin iclasında iştirakı məcburidir.
42.5. Komitənin iclasında üzrsüz səbəbdən iştirak edə bilməyən deputat komitənin sədrindən icazə almalıdır.
42.6. Daimi komitənin iclaslarında həmin komitənin üzvü olmayan deputatlar da məşvərətçi səslə iştirak edə bilərlər. Komitələrin sədrləri onların iclaslarına həmçinin başqa şəxsləri dəvət edə bilərlər.
42.7. Ali Məclisin iki və ya daha çox komitəsi birgə iclas keçirə bilər.
Maddə 43. Komitənin sədri və onun müavini
43.1. Komitənin iclasını onun sədri, o olmadıqda və ya onun tapşırığı ilə komitə sədrinin müavini aparır.
43.2. Komitənin sədri komitənin işinə rəhbərlik edir, onun iclasının gününü və saatını təyin edir, komitənin ayrı-ayrı üzvlərinə tapşırıqlar verir, komitənin işini Ali Məclisin digər komitələrinin və komissiyalarının işi ilə əlaqələndirir, komitənin iclasının protokolunu imzalayır.
43.3. Komitə sədrinin müavini sədr olmadıqda onu əvəz edir, sədrin tapşırığı ilə komitənin müəyyən işlərinə rəhbərlik edir.
Maddə 44. Komitənin hüquqları
44.1. Komitənin qanun və qərar layihələrinin hazırlanması üçün zəruri olan sənədləri və materialları mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatlarından tələb etmək, onların nümayəndələrini (ekspertlərini) komitənin iclaslarına dəvət etmək hüququ vardır.
44.2. Komitənin qanun və qərar layihələrinin hazırlanması üçün tələb etdiyi sənədləri və materialları mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları 10 gün müddətində komitəyə göndərməlidirlər. Əgər həmin sənədlərdə və materiallarda dövlət, kommersiya sirri, yaxud qanunla qorunan başqa məxfi məlumatlar varsa, onlar göndərilmir və bu barədə Ali Məclisin sədrinə əsaslandırılmış yazılı cavab verilir.
44.3. Ali Məclisin sədri bu cavabla razı olmayaraq həmin sənədləri və materialları tələb edərsə, onların Ali Məclisin sədrinə təqdim edilməsi məcburidir.
Maddə 45. Ali Məclisin Hesablayıcı komissiyası
45.1. Növbəti çağırış Ali Məclisin birinci iclasında və bundan sonra hər il Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədi ilə yalnız Ali Məclisin iclaslarında fəaliyyət göstərir.
45.2. Ali Məclisin Hesablayıcı komissiyası Ali Məclisin deputatları sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra Ali Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.
45.3. Hesablayıcı komissiyanın iclası onun azı 3 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablayıcı komissiyanın bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hesablayıcı komissiyanın qərarı ilə razı olmayan onun üzvü komissiyanın yekun protokolunda xüsusi rəyini əks etdirə bilər və Ali Məclisin iclasında xüsusi rəylə çıxış edə bilər.
45.4. Ali Məclisin sədrinin seçkiləri keçirilərkən Ali Məclisin sədrliyinə göstərilmiş hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir üzv daxil edə bilər. Hesablayıcı komissiyanın bu üzvləri yalnız Ali Məclisin sədrinin seçkiləri zamanı komissiyanın üzvü olurlar.
Maddə 46. İntizam komissiyası
46.1. Növbəti çağırış Ali Məclisin birinci iclasında və bundan sonra hər il Ali Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası Ali Məclisin deputatları sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.
46.2. Ali Məclisin sədri və onun müavinləri İntizam komissiyasında təmsil oluna bilməz.
46.3. İntizam komissiyasının səlahiyyətlərinə aşağıdakılar aiddir:
46.3.1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət edilməsinə nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;
46.3.2. etik davranış qaydaları barədə Ali Məclisin deputatlarını məlumatlandırmaq, bu qaydalarla bağlı rəy və tövsiyələr vermək, həmin qaydaların pozulmasının qarşısının alınması üçün tədbirlər görmək və görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Ali Məclisin sədrinə məlumat vermək;
46.3.3. bu Daxili Nizamnamənin 49.1.1-ci maddəsində göstərilən əsasa görə, Ali Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;
46.3.4. bu Daxili Nizamnamənin 49.1.2-ci maddəsində göstərilən əsasa görə, Ali Məclisin sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;
46.3.5. bu Daxili Nizamnamənin 49.1.3-cü maddəsində göstərilən əsaslara görə, Ali Məclisin sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək, yaxud Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi barədə rəy qəbul edib Ali Məclisin müzakirəsinə təqdim etmək;
46.3.6. Ali Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatına Ali Məclisin sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Ali Məclisin müzakirəsinə təqdim etmək;
46.3.7. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin 4-cü, 6-cı və 7-ci bəndlərində göstərilən hallar olduqda, Ali Məclisin sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatının mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi Ali Məclisin sədrinə təqdim etmək;
46.3.8. bu Daxili Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
46.4. İntizam komissiyasının iclası onun azı 3 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları (rəyləri) onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 46.3-cü maddədə göstərilən məsələlərə dair keçirilən iclaslarda İntizam komissiyasının rəyi ilə razı olmayan komissiya üzvü xüsusi rəyini protokola əlavə edə bilər və həmin xüsusi rəylə (46.3.7-ci maddədə göstərilən məsələyə dair xüsusi rəy istisna olmaqla) Ali Məclisin iclasında çıxış edə bilər.
46.5. İntizam komissiyasının rəy verilməsi məqsədi ilə keçirilən iclaslarında hüquqşünas ekspertlərin köməyindən istifadə edilə bilər. Ekspertlər İntizam komissiyasında əməkhaqqı ödənilməklə və ya ictimai əsaslarla işləyə bilərlər. Əməkhaqqı ödənilməklə işləyən ekspertlərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə 47. Ali Məclisin müvəqqəti komissiyaları
47.1. Ali Məclisin deputatlarından Ali Məclisin müvəqqəti komissiyaları yaradıla bilər.
47.2. Ali Məclisin müvəqqəti komissiyasının tərkibi, vəzifələri, səlahiyyətləri və fəaliyyət müddəti Ali Məclisin qərarı ilə müəyyən edilir.
Maddə 48. Ali Məclisin deputat fraksiyaları (qrupları)
48.1. Ali Məclisin azı 9 deputatı könüllü birləşərək deputat fraksiyaları (qrupları) yarada bilərlər. Deputat fraksiyasının (qruplarının) yaradılması barədə bəyanat Ali Məclisin iclasında oxunur və deputat fraksiyası (qrupu) Ali Məclisin Aparatında qeydiyyatdan keçirilir. Deputat fraksiyası (qrupu) Ali Məclisdə müzakirə edilmək üçün təkliflər verə bilər, Ali Məclisin müzakirəsinə çıxarılmış bütün məsələlərə dair münasibətini bildirə bilər.
48.2. Deputatın fraksiyadan (qrupdan) çıxması nəticəsində deputat fraksiyasının (qrupunun) tərkibi 9 deputatdan az olarsa, deputat fraksiyası (qrupu) ləğv edilmiş sayılır və bu barədə Ali Məclisin iclasında elan edilir.
Üçüncü fəsil
Ali Məclis deputatlarının parlamentdaxili məsuliyyəti
Maddə 49. Ali Məclis deputatlarının parlamentdaxili məsuliyyətinin əsasları
49.1. Ali Məclisin deputatı aşağıdakı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunur:
49.1.1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə deputat üçün müəyyən edilmiş etik davranış qaydalarını pozduqda (kobud surətdə pozduğu hallar istisna olmaqla);
49.1.2. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);
49.1.3. Ali Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə.
49.2. Ali Məclisin deputatı Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinin birinci bəndində nəzərdə tutulmuş hallar üzrə parlamentdaxili məsuliyyətə cəlb oluna bilməz.
Maddə 50. Parlamentdaxili məsuliyyətə cəlb olunan Ali Məclisin deputatına tətbiq edilən intizam tədbirləri
50.0. Bu Daxili Nizamnamənin 49.1-ci maddəsində göstərilən əsaslara görə Ali Məclisin deputatı barəsində aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilir:
50.0.1. xəbərdarlıq;
50.0.2. söz kəsmə;
50.0.3. iclas salonundan çıxarma;
50.0.4. töhmət;
50.0.5. deputat səlahiyyətlərinin itirilməsi.
Maddə 51. Parlamentdaxili məsuliyyətə cəlb olunan Ali Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası
51.1. Bu Daxili Nizamnamənin 49.1.1-ci maddəsində göstərilən əsasa görə, Ali Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən tərəfindən Ali Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir, yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam komissiyasına təqdimatla müraciət edilir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
51.2. Bu Daxili Nizamnamənin 49.1.2-ci maddəsində göstərilən əsasa görə, Ali Məclisin sədri Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
51.3. Bu Daxili Nizamnamənin 49.1.3-cü maddəsində göstərilən əsasa görə, Ali Məclisin və onun komitə və komissiyalarının azı ardıcıl 4 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində Ali Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
51.4. Ali Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Ali Məclisin növbəti iclasında elan edilir.
51.5. Bu Daxili Nizamnamənin 49.1.3-cü maddəsində göstərilən əsasa görə, Ali Məclisin sədri Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Ali Məclisin 10 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.
Maddə 52. Parlamentdaxili məsuliyyətə cəlb edilmiş Ali Məclisin deputatları haqqında məlumatların media ilə yayılması
52.1. Parlamentdaxili məsuliyyətə cəlb edilmiş Ali Məclisin deputatları haqqında məlumatlar “Şərq qapısı” qəzetində dərc olunur və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı tərəfindən başqa media subyektlərinə təqdim edilir.
52.2. Ali Məclisin növbəti sessiyaları dövründə hər ay “Şərq qapısı” qəzetində Ali Məclisin və onun komitə və komissiyalarının iclaslarını üzrsüz səbəbdən buraxan deputatların adları dərc olunur.
Dördüncü fəsil
NAZİRLƏR KABİNETİNİN FƏALİYYƏTİ İLƏ BAĞLI
ALİ MƏCLİSİN HƏLL ETDİYİ MƏSƏLƏLƏR
Maddə 53. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin seçilməsi
53.1.Azərbaycan Respublikasının Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Ali Məclis təyin edir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası Baş nazirinin (bundan sonra - Baş nazir) vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Ali Məclisə təqdim edir.
53.2. Baş nazirin namizədliyinin təsdiq edilməsi haqqında qərar bu Daxili Nizamnamənin 35-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
Maddə 54. Nazirlər Kabinetinin tərkibinin təsdiqi proseduru
54.1. Azərbaycan Respublikasının Konstitusiyasının 139-cu maddəsinin I hissəsinin 5-ci bəndinə və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Ali Məclis Nazirlər Kabinetinin tərkibini təsdiq edir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 36-cı maddəsinin II hissəsinə əsasən Nazirlər Kabinetinin tərkibini Baş nazirin təklifi ilə Ali Məclis təsdiq edir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Ali Məclisin sədri Baş nazirin təklifinə əsasən Nazirlər Kabinetinə üzvlüyə namizədləri Ali Məclisə təqdim edir.
54.2. Nazirlər Kabinetinin tərkibi Ali Məclisin deputatlarının 23 səs çoxluğu ilə təsdiq olunur.
YEKUN MÜDDƏALAR
Maddə 55. Bu Daxili Nizamnamənin icrasına nəzarət
Bu Daxili Nizamnamənin icrasına nəzarət Ali Məclisin rəhbərliyi tərəfindən həyata keçirilir.
Maddə 56. Ali Məclisin xərclər smetasının təsdiqi
Ali Məclisin xərclər smetası Ali Məclisdə növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir.
Maddə 57. Ali Məclisin sənədlərinin dərc edilməsi
57.1. Ali Məclisin qərarları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Məlumatı”nda rəsmi dərc edilir.
57.2. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 3-10-cu bəndlərində göstərilən məsələlər üzrə Ali Məclisin açıq iclaslarında qəbul etdiyi qərarlar 3 gün müddətində “Şərq qapısı” qəzetində dərc edilir.
57.3. Ali Məclisin qərarları Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə qəbul edildiyi gündən 3 gün keçənədək müvafiq icra hakimiyyəti orqanına müşayiət məktubu olmadan göndərilir.
57.4. Ali Məclisin açıq iclaslarının protokolları və stenoqramları “Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protokolları və stenoqramları”nda rəsmi dərc edilir.