03.10.2024 23:53
► Ali Məclisin tarixi

NAXÇIVAN PARLAMENTİNİN TARİXİNDƏN

 

1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) tərəfindən “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında” dekret qəbul edilmişdir. Bundan qısa müddət sonra, 1924-cü ilin aprelində qəbul edilmiş “Naxçıvan MSSR haqqında Əsasnamə” ilə Naxçıvan MSSR-in dövrün siyasi sisteminə uyğun hakimiyyət orqanları təsis olunmuşdur.

Əsasnamənin ikinci maddəsinə görə, Naxçıvan MSSR-də ali hakimiyyət Sovetlər qurultayına, qurultaylararası dövrdə isə Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinə məxsus idi. Bu dövrdə əhalinin hər 1000 nəfərinə bir deputat olmaqla, bütün qəza sovetlər qurultaylarının nümayəndələrindən təşkil edilən Naxçıvan Sovetlər qurultayı Naxçıvan MSSR-də ən yüksək hakimiyyət, qurultay tərəfindən 21 üzv və 7 üzvlüyə namizəddən ibarət tərkibdə seçilən Naxçıvan MSSR MİK isə qurultaylararası dövrdə ən yüksək qanunverici, sərəncam və nəzarət orqanı idi. 1921-ci il yanvarın 21-də ali dövlət hakimiyyəti orqanı kimi yaradılan Naxçıvan Ölkə İnqilab Komitəsinin əvəzində təşkil edilən Naxçıvan MSSR MİK, hələ Əsasnamənin qəbulundan əvvəl, 1922-ci il yanvarın 25-də öz işinə başlayan Naxçıvan SSR Birinci Sovetlər qurultayında yaradılmışdı. Naxçıvan Sovetlər Naxçıvan MSSR MİK tərəfindən ildə bir dəfədən az olmayaraq çağırılırdı. Fövqəladə Naxçıvan Sovetlər qurultayı MİK tərəfindən öz təşəbbüsü ilə və ya respublika əhalisinin üçdə birindən az olmayan hissəsini əhatə edən yerli sovetlərin tələbi əsasında çağırılırdı. Naxçıvan MİK muxtariyyətin sovetlər qurultayı qarşısında cavabdehlik daşıyırdı.

Dinindən, milliyyətindən, cinsindən, oturaqlılığından və s. asılı olmayaraq 18 yaşı tamam olmuş Naxçıvan MSSR-in hər bir vətəndaşına seçmək və seçilmək hüququ tanınırdı. Lakin sovet rejiminin siyasi-ideoloji prinsipləri əsas götürülməklə müəyyənləşdirilən kateqoriyalardan hər hansı birinə daxil olan şəxslər seçki hüququndan məhrum edilirdi.

1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər qurultayında Naxçıvan MSSR-in ilk Konstitusiyası da Naxçıvan Sovetlər qurultayını Naxçıvan MSSR-in ali hakimiyyət orqanı kimi saxlamışdı. Qurultay Naxçıvan MİK tərəfindən ildə bir dəfə hər 300 nəfər seçiciyə 1 deputat olmaqla, bütün şəhər sovetlərinin nümayəndələrindən və hər 1000 nəfər sakinə 1 deputat olmaqla, dairə sovetlərinin qurultaylarının nümayəndələrindən ibarət tərkibdə çağırılırdı. Fövqəladə Naxçıvan Sovetlər qurultayı Naxçıvan MİK-in təşəbbüsü ilə və ya respublika əhalisinin üçdə birindən az olmayan hissəsini əhatə edən yerli sovetlərin tələbi əsasında çağırıla bilərdi. Naxçıvan Sovetlər qurultayı qurultaylararası dövrdə Naxçıvan MSSR-də ali hakimiyyət orqanı olan 50 nəfər üzvdən və 20 nəfər namizəddən ibarət tərkibdə Naxçıvan MİK-i seçirdi. Ali qanunverici, sərəncam və nəzarət orqanı kimi geniş səlahiyyətlərə malik olan MİK muxtariyyətin Sovetlər Qurultayı qarşısında cavabdehlik daşıyırdı.

Bu dövrdə aktiv və passiv seçki hüququ cinsindən, dinindən, milliyyətindən, oturaqlılığından və s. asılı olmayaraq seçki gününədək 18 yaşı tamam olmuş, sovet istehsal münasibətləri əsasında fəaliyyət göstərən Naxçıvan SSR vətəndaşlarına, sovet ordusu və donanmasının hərbi qulluqçularına mənsub idi.

Azərbaycan SSR-in 1937-ci il martın 14-də IX Ümumazərbaycan Fövqəladə Sovetlər Qurultayında qəbul edilmiş Konstitusiyasında ilk dəfə olaraq Naxçıvan MSSR barədə iki fəsil – V fəsil (“Naxçıvan MSSR-in dövlət hakimiyyətinin ali orqanları”) və VI fəsil (“Naxçıvan MSSR-in dövlət idarə orqanları”) əks olunmuşdu. 1937-ci il sentyabrın 18-də Naxçıvan MSSR fövqəladə X Sovetlər Qurultayında Azərbaycanın 1937-ci il Konstitusiyası əsasında qəbul edilən Naxçıvan MSSR-in  yeni Konstitusiyası Azərbaycan SSR Ali Soveti tərəfindən 1941-ci il aprelin 7-də təsdiq edilmişdi. Konstitusiyanın III Fəsli Naxçıvan MSSR-də dövlət hakimiyyətinin ali qanunverici orqanı olan Naxçıvan MSSR Baş Sovetinin təşkil olunmasının, strukturunun və fəaliyyətinin konstitusion-hüquqi prinsiplərini müəyyənləşdirirdi.

Naxçıvan MSSR Baş Soveti muxtar respublika vətəndaşları tərəfindən seçki dairələri üzrə hər 2 min əhaliyə bir deputat norması ilə 4 il müddətinə seçilirdi. Naxçıvan MSSR Baş Soveti özünün sədrini, onun iki müavinini və özünün sədrdən, onun iki müavinindən, katibdən və 5 nəfər üzvdən ibarət tərkibdə Rəyasət Heyətini seçirdi. Baş Sovet Naxçıvan MSSR-in yeganə qanunverici orqanı idi. Naxçıvan MSSR Baş Sovetinin sessiyaları onun Rəyasət Heyəti tərəfindən ildə iki dəfə çağırılırdı. Növbədənkənar sessiyalar Rəyasət Heyəti tərəfindən bu orqanın öz mülahizəsilə və ya Baş Sovet deputatlarının üçdə bir hissəsinin tələbinə görə çağırıla bilərdi. Rəyasət heyəti Baş Sovet qarşısında öz fəaliyyəti haqqında hesabat verirdi.

Ağıldan məhrum olan, məhkəmə tərəfindən məhkum olunub seçki hüququndan məhrum edilmiş şəxslərdən başqa, Naxçıvan MSSR-in 18 yaşı tamam olmuş vətəndaşlarının hamısı irq və milliyyət mənsubiyyətindən, dinindən, təhsil dərəcəsindən, oturaqlığından, ictimai nəslindən, əmlak vəziyyətindən və keçmiş fəaliyyətindən asılı olmayaraq deputat seçkilərində iştirak etmək və seçilmək hüququna malik idilər.

Naxçıvan MSSR Ali Soveti (1940-cı illərin ortalarından Baş Sovet – Ali Sovet adlanırdı) 1950-ci il dekabrın 13-də “Naxçıvan MSSR Ali Sovetinə seçkilər haqqında Əsasnamə” qəbul etmişdi. Əsasnamənin 25-ci maddəsinə görə Ali Sovetin tərkibi əhalinin hər 2000 nəfərinə bir deputat olmaqla formalaşırdı. Həmin Əsasnamənin qəbulundan sonra Naxçıvan MSSR-in VII çağırış Ali Sovetinə 1967-ci ilin martında 4 il müddətinə keçirilən seçkilərdə muxtar respublika parlamenti 80 deputatdan ibarət tərkibdə 1971-ci ilin iyun ayınadək səlahiyyətli olmuşdu. Naxçıvan MSSR Ali Soveti 24 iyul 1970-ci il tarixli qərarı ilə 1950-ci ildə qəbul edilmiş “Naxçıvan MSSR Ali Sovetinə seçkilər haqqında Əsasnamə”nin 25-ci maddəsinə düzəliş edərək Ali Sovetə nümayəndəlik normasını hər 2500 nəfər əhaliyə bir deputat şəklində təsbit etmişdi.

Naxçıvan MSSR Ali Sovetinin Rəyasət heyəti 1975-ci il martın 19-da verdiyi qərarla muxtar respublikanın Ali Sovetinə nümayəndəlik normasını yenidən hər 2000 nəfər əhalidən bir deputat seçilməsi şəklində müəyyənləşdirmiş, həmin il keçirilən seçkilərdə Naxçıvan MSSR Ali Sovetinə 100 deputat seçilmişdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsindən sonra respublikada aparılan sürətli inkişaf xətti siyasi-hüquqi sahəyə də öz müsbət təsirini göstərdi. 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin IX çağırış növbədənkənar VII sessiyasında sovet Azərbaycanının sayca dördüncü və ən kamil Konstitusiyası qəbul edildi. 1978-ci il Azərbaycan Konstitusiyasının 8-ci fəsli “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”, 15-16-cı fəsilləri əhatə edən VI bölməsi “Naxçıvan MSSR-in dövlət hakimiyyəti və idarə orqanları” adlanırdı.

1978-ci il mayın 30-da Naxçıvan MSSR Ali Soveti Azərbaycan SSR-in dördüncü Konstitusiyasının əsasında Naxçıvan MSSR Konstitusiyasını qəbul etdi.

Naxçıvan MSSR Ali Sovetinin vəkalət müddəti 5 il, yerli xalq deputatları Sovetlərinin vəkalət müddəti 2,5 idi. Deputatlığa namizədləri irəli sürmək hüququ Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP), həmkarlar ittifaqları, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜLKGİ) təşkilatlarına, kooperativ təşkilatlarına və başqa ictimai təşkilatlara, əmək kollektivlərinə, habelə hərbi qulluqçuların yığıncaqlarına məxsus idi. Seçicilərin etimadını doğrultmayan deputat qanunla müəyyən edilmiş qaydada, seçicilərin əksəriyyətinin qərarı ilə istənilən vaxt geri çağırıla bilərdi.

Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanı əhalisinin sayı bərabər olan seçki dairələri üzrə 110 deputatdan ibarət tərkibdə seçilən Naxçıvan MSSR Ali Soveti

idi. İldə iki dəfə çağırılan Ali Soveti öz daimi orqanını – özünün bütün fəaliyyətində ona hesabat verən və özünün sessiyaları arasındakı dövrdə ali dövlət hakimiyyəti orqanının funksiyalarını həyata keçirən Rəyasət heyətini seçirdi. Ali Sovetin Rəyasət heyəti deputatlar içərisindən sədrdən, sədrin iki müavinindən, katibdən və beş üzvündən ibarət tərkibdə seçilirdi. Ali Sovet ona hesabat verməli olan bütün dövlət orqanlarının fəaliyyətinə nəzarət edir, xalq nəzarəti orqanları sisteminə başçılıq edən Naxçıvan MSSR Xalq Nəzarəti Komitəsini təşkil edirdi.

Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar sessiyaları Ali Sovetinin Rəyasət heyəti tərəfindən onun öz təşəbbüsü ilə və ya Ali Sovetin deputatlarının azı üçdə bir hissəsinin təklifi ilə çağırılırdı.

Naxçıvan MSSR Ali Sovetinin sessiyası onun iclaslarından, habelə bu iclaslar arasındakı dövrdə Ali Sovetin daimi komissiyalarının və digər komissiyaların keçirdikləri iclaslardan ibarət idi.

Naxçıvan MSSR Ali Sovetində qanunvericilik təşəbbüsü hüququ Ali Sovetin Rəyasət heyətinə, Naxçıvan MSSR Nazirlər Sovetinə, Ali Sovetin daimi və digər komissiyalarına, Ali Sovetin deputatlarına, Naxçıvan MSSR Ali Məhkəməsinə və Prokuroruna məxsus idi. İctimai təşkilatlara da öz respublika orqanlarının simasında qanunvericilik təşəbbüsü hüququ tanınırdı.

Naxçıvan MSSR-in 1978-ci il Konstitusiyası ilə seçkilərlə bağlı bəzi dəyişikliklər qüvvəyə minmişdi. Naxçıvan MSSR Ali Soveti deputatlarının səlahiyyət müddəti artırılaraq 5 il, deputatların sayı isə 110 nəfər müəyyənləşdirilmişdi. Buna müvafiq olaraq, X çağırış Naxçıvan MSSR Ali Sovetinə 1980-ci il fevralın 24-də keçirilmiş seçkilərdə seçilən deputatların sayı 110 nəfər təşkil etmişdi.

XI çağırış Naxçıvan MSSR Ali Sovetinə seçkilər 1985-ci il fevralın 24-də keçirilmiş və muxtar respublikanın Ali Sovetinə 110 deputat seçilmişdi. Son iki çağırışda Naxçıvan MSSR Ali Sovetinin 10 daimi (mandat; qanunvericilik təşəbbüsləri; plan-büdcə; sənaye, tikinti, nəqliyyat və energetika; kənd təsərrüfatı və meliorasiya; ti­carət, ictimai iaşə və əhaliyə məişət xidməti; səhiyyə və sosial təmi­nat; elm, maarif, mədəniyyət; qadın əməyi və məişəti, analıq və uşaqların mühafizəsi məsələləri; gənclərin işləri üzrə) komissiyası yaradılmışdı. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti 9 deputatdan ibarət tərkibdə seçilirdi. 

1990-cı ilin əvvəlləri üçün muxtar respublikada ictimai-siyasi vəziyyətin xeyli gərginləşməsi növbəti seçkiləri (1990-cı ilin fevral ayında keçirilməli idi) keçirməyə imkan vermədiyindən Naxçıvan MSSR Ali Sovetinin 22 fevral 1990-cı il tarixli qərarı ilə XI çağırış (1985-ci il) muxtar respublika Ali Sovetinin deputatlarının səlahiyyət müddəti növbəti seçkilər keçirilənədək uzadılmışdı.

Sovet hakimiyyəti illərində, o cümlədən 1970-1980-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin sessiyaları ildə yalnız iki dəfə keçirildiyindən Ali Sovetin sədri vəzifəsi ictimai əsaslarla yerinə yetirilirdi. Ali Sovetin sədri vəzifəsi həmin vəzifədə işləyən şəxsin ikinci iş yeri sayılırdı. Lakin Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin sədri ictimai vəzifə olmayıb çox nüfuzlu siyasi məqam hesab olunurdu. Azərbaycan Konstitusiyasına əsasən, vəzifəsinə görə həm də Azərbaycan SSR Ali Soveti sədrinin müavini olan Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin sədri Ali Sovetin Rəyasət heyətinin müntəzəm keçirilən iclaslarına sədrlik edir və qəbul edilən bütün qərarları məhz o imzalayırdı.  

1980-ci illərin sonu-1990-cı illərin əvvəlləri Azərbaycan üçün həm siyasi, həm də hüquqi baxımdan xüsusi mərhələ təşkil edir. SSRİ-nin tənəzzülü və süqutu mərhələsi olan bu dövr Azərbaycan üçün müstəqillik ərəfəsi və müstəqillik dövrünün ən ağrılı probleminin – ermənilərin torpaqlarımıza qarşı əsassız iddiaları və bu iddiaların reallaşdırılması üçün Azərbaycanın Qarabağ və ətraf ərazilərinin işğalı ilə müşayiət olundu. Ermənilər öz işğalçılıq fəaliyyətlərini daha da genişləndirərək Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati ərazisini də işğal etməyə dəfələrlə cəhdlər göstərdilər. Ermənilərin irimiqyaslı hücumlarının biri 1990-cı il yanvar ayının 18-də başladı. Yanvarın 25-dək Sədərək istiqamətində davam edən mütəşəkkil erməni hücumu zamanı SSRİ Müdafiə Nazirliyinin 7-ci Ordusunun köməyi ilə Kərki kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olundu.

Rəsmi Moskvanın ermənipərəst siyasəti düşmənin təzavüzkarlıq fəaliyyətinə rəvac verdiyi və onun daha da azğınlaşmasına səbəb olduğu üçün bu Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinə qarşı inamsızlıq və nifrət doğurur, geniş xalq kütlələri getdikcə daha tıkidlə Azərbaycanın SSRİ tərkibindən çıxması tələbini irəli sürürdü. Belə bir şəraitdə erməni hərbi təcavüzü qarşısında ağır sosial-iqtisadi və ictimai-siyasi böhrana səbəb olan blokadada yaşayan Naxçıvanda tarixi hadisə baş verdi – Naxçıvan MSSR Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət haqqında” qərar qəbul etdi. Naxçıvanı müstəqil respublika elan edən bu qərar həmin gün Naxçıvan Ali Sovetinin qarşısındakı meydana toplaşmış 20 min nəfərdən çox insanın tələbləri nəticəsində qəbul edilmişdi. Erməni hərbi təcavüzü və bu qərar barəsində Naxçıvan televiziyası ilə bütün dünyaya səkkiz dildə informasiya verildi. Bu qərar real həyatda hüquqi baxımdan öz əksini tapmasa da (Azərbaycan SSR Ali Soveti bu qərarıı 1990-cı il yanvarın 27-də ləğv etmişdi), Naxçıvan Ali Sovetinin bu addımı nəticəsində rus-erməni birgə planı kimi hazırlanmış irticaya gələcəkdə hüquqi don geyindirmək üçün vacib olan fövqəladə vəziyyət tətbiq edilməsi niyyətinin qarşısı alındı və əhali qırğından xilas ola bildi. Bu qərar SSRİ-nin bütün mövcudluğu ərzində bir muxtariyyətin ittifaq tərkibindən çıxdığını elan edən ilk belə akt idi.     

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni mərhələsi başlandı. Lakin müstəqilliyin ilk iki ilində, 1991-1993-cü illərdə Azərbaycanda, müəyyən kiçik istisnalar olmaqla, hüquqi, demokratik, müasir dövlət quruculuğu istiqamətində ciddi addımlar atılmadı. Əvəzində SSRİ-nin süqutu ərəfəsində ermənilərin Azərbaycan torpaqlarına qarşı növbəti əsassız iddialarının və qanlı qəsbkarlıq planlarının başlaması ilə alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqelərinin fəal hərbi əməliyyatlar bölgəsində hərbi, münaqişə ilə bağlı beynəlxalq miqyasda aparılan mübarizədə isə diplomatik uğursuzluqlar dalğası başlandı. Bu uğursuzluğu xarici siyasətdə ölkəmizin təcrid olunmasına səbəb olan siyasi xəttin yürüdülməsi daha da dərinləşdirdi.

Bu dövrdə Naxçıvanın da düşdüyü vəziyyət blokada səbəbindən çox ağır və mürəkkəb idi. 1918-1920-ci illərdə Zəngəzurun ermənilər tərəfindən işğalından sonra Azərbaycanın əsas hissəsindən coğrafi cəhətdən ayrı düşən Naxçıvan düşmənin işğal planlarında ən azı Qarabağ qədər əhəmiyyətli yer tuturdu. Azərbaycanla, məhdud hava nəqliyyatı istisna olmaqla, bütün kommunikasiya əlaqələrinin kəsilməsi Naxçıvanın sosial-iqtisadi vəziyyətindəki böhranlı durumu fəlakət həddinə çatdırmışdı.

Lakin 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, muxtar respublikaya rəhbərlik etməsi, bütün bacarıq, səriştə və təcrübəsini Naxçıvanın düşmən işğalından xilasına və sosial-iqtisadi böhranın aradan qaldırılmasına yönəltməsi muxtar respublikanın sonrakı taleyinin uğurlu həlli üçün müstəsna və ən böyük amil oldu. 1990-cı il iyulun 22-də görkəmli dövlət xadimi və mahir siyasətçi Heydər Əliyevin Moskvadan Azərbaycana, Naxçıvana qayıtması ilə hakimiyyət uğrunda mübarizəyə çevrilmiş milli-azadlıq hərəkatının başlıca məqsədlərə doğru motivasiyasında ciddi səfərbərlik müşahidə edilməyə başlandı.

1990-cı il sentyabr ayının 30-da Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə keçirilən seçkilərdə ümummilli lider Heydər Əliyev respublika və muxtar respublika parlamentlərinə deputat seçildi. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında məhz onun təşəbbüsü ilə mühüm tarixi qərarlar qəbul edildi. “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında” qərarla “Muxtar Sovet Sosialist Respublikası” adından “Sovet Sosialist” sözləri çıxarıldı və muxtariyyət Naxçıvan Muxtar Respublikası adlanmağa başladı. “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında” qərarla “Naxçıvan MR Ali Soveti” – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. “Naxçıvan MR-in dövlət rəmzləri haqqında” qərarla isə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul edilmiş üç rəngli, aypara və səkkiz guşəli ulduzlu bayrağı Naxçıvan MR-in Dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan Respublikasının Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü hüququ ilə müvafiq məsələ qaldırıldı. Noyabrın 21-də isə ulu öndərin təşəbbüsü ilə daha mühüm bir qərar qəbul edilərək, 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qanlı cinayətə ilk dəfə siyasi-hüquqi qiymət verildi.

1991-ci il yanvarın 11-də görkəmli siyasi xadim Heydər Əliyevin uzaqgörən təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi xüsusi bəyanatla çıxış edərək Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətləri erməni təcavüzü nəticəsində Naxçıvanın ərazi bütövlüyünün pozulması faktına münasibət bildirməyə çağırdı. Nəticədə qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət rəsmiləri bu bəyanata müvafiq şəkildə addımlar atmağa başladılar.

1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bundan cəmi 4 gün sonra – sentyabrın 7-də Naxçıvan Dövlət Müdafiə Komitəsinin yaradılması, “Naxçıvan MR-də yerləşən silahlı qüvvələrin hissələrinin statusu haqqında” Аli Məclisin 1991-ci il oktyabrın 26-da qəbul etdiyi qərar və onun icrası nəticəsində keçmiş sovet ordusu hissələrinin muxtar respublikadan çıxarılması, ona məxsus silah-sursatın isə Naxçıvanda saxlanılması ulu öndərin muxtar respublikanın erməni hərbi təcavüzündən qorunması uğrunda mühüm addımlarından biri oldu.

Bilavasitə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclis özünün 24 oktyabr və 14 dekabr 1991-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası Ali Sovetinin müvafiq olaraq “Dövlət müstəqilliyi haqqında” 18 oktyabr və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə referendum keçirilməsi haqqında” 15 noyabr 1991-ci il tarixli qanunvericilik aktlarına birmənalı şəkildə tərəfdar çıxması Azərbaycanın dövlət müstəqilliyinin hüquqi cəhətdən möhkəmləndirilməsində ulu öndərin sarsılmaz mövqeyinin bariz təzahürü olmuşdur.

1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin birbaşa təklifi ilə Naxçıvan pаrlamentinin qəbul etdiyi “31 dekabr dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü haqqında” qərarla 1989-cu il dekabr ayının son günlərində baş vermiş “Sərhəd hərəkatı” tariximizin daş yaddaşına bayram günü kimi həkk edildi və artıq dünyadakı 50 milyonluq Azərbaycan xalqının 30 ildən çoxdur böyük fərəh və təntənə ilə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi həyatiləşmişdir.

Muxtar respublika üçün çox mürəkkəb və məsuliyyət dolu bir il olan 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atdı. Onun qonşu Türkiyə və İrana səfərləri zamanı imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar, Naxçıvan-Türkiyə “Ümid körpüsü”nün 1992, 28 may) açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun illərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynamışdır.

Ermənilərin muxtar respublikaya təcavüzünün genişləndiyi 1992-ci ilin may ayında Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin qardaş Türkiyə Cümhuriyyəti rəhbərliyi ilə qurduğu uğurlu münasibətlər və məqsədyönlü diplomatik mübarizəsi nəticəsində dünyanın 57 dövləti Ermənistanın Naxçıvana təcavüzünü qətiyyətlə pislədi. Bu mühüm siyasi gedişlər Heydər Əliyevin əsl xilaskarlıq missiyasının təzahürü idi.

Naxçıvan MR Аli Məclisinin 1992-ci il aprelin 6-da keçirilən sessiyası müasir iqtisadi və demokratik proseslər baxımından xüsusi maraq doğurur. Sessiyada “Zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi haqqında” qərarlar qəbul edildi. Novator dövlət xadimi olan Heydər Əliyevin siyasi uzaqgörənliyi və fəhmi sayəsində atılmış bu addım Azərbaycanda yeni dövrün tələblərinə uyğun sonradan ümummilli liderin Azərbaycan Prezidenti olduğu illərdə uğurla bütün ölkədə aparılan və başa çatdırılan aqrar-iqtisadi islahatlаrın başlanğıc mərhələsi olmaqla, о zaman muxtar respublika iqtisadiyyаtının aqrar sahəsinin tam məhvolma təhlükəsini aradan qaldırdı.

Bu dövrdə hakimiyyətin yuxarı səviyyələrini bürümüş siyasi hərc-mərclik və ölkənin idarəolunmazlığı müasir dövr Azərbaycan dövlətçiliyinin siyasi avanqardı olan qüvvənin – Yeni Azərbaycan Partiyasının yaranması prosesini sürətləndirdi. 1992-ci il noyabrın 5-də Heydər Əliyev partiyanın Təşkilat Komitəsinin, noyabrın 21-də isə Azərbaycanın nüfuzlu ziyalılarının və xalqın bütün zümrələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan şəhərində keçirilən təsis konfransında yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi.

1993-cü ilin birinci yarısında muxtar respublika xarici, xüsusilə qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əlaqələrinin inkişafının yeni mərhələsinə qədəm qoymuş, fevral-mart aylarında həmin dövlətlərin Naxçıvanda konsulluqları açılmışdı. Bakıdakı bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri Naxçıvana gələrək Naxçıvan MR Аli Məclisinin Sədri Heydər Əliyevlə danışıqlar aparmışdılar.

Təcrübəli və nəhəng dövlət xadimi Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi dövründə Naxçıvanda qəbul edilmiş bir sıra konstitusiya qanunları yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycan dövlətinin müstəqillik tarixində mühüm yer tutdu. Artıq Naxçıvanın 1978-ci il Konstitusiyası müstəqillik dövrünün yeniləşən tələblərinə cavab vermirdi və yeni Əsas Qanun qəbul edilənədək mövcud Konstitusiyaya zəruri dəyişikliklər edilməsinə ehtiyac duyulurdu. 1992-ci il yanvarın 31-də Naxçıvan MR Ali Məclisinin Qanunvericilik mülahizələri, hüquq-mühafizə və millətlərarası münasibətlər daimi komissiyası Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə Naxçıvan MR-nın Əsas Qanununun (1978-ci il Konstitusiyasının) 103-cü maddəsinin yeni redaksiyası haqqında qanun layihəsini və həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə əlaqədar Naxçıvan MR-nın Konstitusiya Qanununun layihəsini Ali Məclisin müzakirəsinə vermək haqqında qərar qəbul etmişdi. 1978-ci il Konstitusiyasının 103-cü maddəsi 11 bənddən ibarət idi və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin səlahiyyətlərini müəyyənləşdirirdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə əlaqədar Naxçıvan MR-nın Konstitusiya Qanunu yeni Konstitusiya qəbul edilənədək muxtar respublikada dövlət quruluşu, siyasi, iqtisadi və sosial həyatla bağlı məsələləri tənzimləməli idi.

Qanun Naxçıvan MR-nı Azərbaycan Respublikasının tərkibində muxtar ərazi statusuna malik demokratik dövlət, hakimiyyətin mənbəyi olan xalqı demokratik quruluşun və qanunun aliliyinin təminatçısı elan edirdi. Bu Qanunda ilk dəfə hakimiyyətlərin bölgüsü prinsipi təsbit edilmişdi.

Belə bir taleyüklü məqamda AXC-Müsavat iqtidarı hakimiyyəti ələ keçirən kimi ulu öndər Heydər Əliyevə olan sonsuz xalq sevgisinə, dünya miqyasında nüfuzuna və böyük dövlətçilik təcrübəsinə görə ona qarşı qısqanclığı bütövlükdə Naxçıvanın muxtariyyət statusunun ləğvi ilə bağlı təhdidlərə çevirmişdilər. Bir tərəfdən Azərbaycan parlamentinin sədri və dövlət katibi Naxçıvanın muxtariyyətinin ləğvi barədə məkrli və savadsız çıxışlar edir, digər tərəfdən 1992-ci il oktyabrın 24-də Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevi devirmək üçün ölkənin daxili işlər nazirinin rəhbərliyi səviyyəsində çevriliş cəhdi edilir, üçüncü bir tərəfdən isə 1992-ci ilin noyabrında keçirilən AXC-nin II qurultayında Naxçıvanın statusu ilə bağlı ölkə rəhbərliyi qarşısında məsuliyyətsiz çıxışlar edilir və qurultayın qətnaməsinə müvafiq məsələ salınırdı. Belə təhdidlərin ermənilərin işğalçılıq siyasətinə xidmət etdiyini söyləyən ümummilli lider hələ 1992-ci il iyunun 17-də Naxçıvan MR Ali Məclisinin Rəyasət Heyətinin ilcasında bəyan etmişdi ki, “Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır”.

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkədə müasir hüquqi, demokratik dövlət quruculuğu prosesi başlandı və bu proses Naxçıvanı da əhatə etdi. 1995-1998-ci illər Naxçıvanın muxtariyyət statusunun hüquqi baxımdan yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm dövr oldu. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına Naxçıvanla bağlı xüsusi fəsil (VIII fəsil, maddə 134-141) salındı. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi elan edildi.

Müstəqil Azərbaycanın Konstitusiyası əsasında Naxçıvan MR-nın yeni Konstitusiyasının hazırlanması zərurətini nəzərə alaraq, Naxçıvan MR Ali Məclisi özünün 23 dekabr 1995-ci il tarixli, 16-1 saylı qərarı ilə muxtar respublikanın yeni Konstitusiyasının layihəsini hazırlayan komissiya yaratdı. Bu komissiyanın hazırladığı ilkin variantda 12 fəsil, 146 maddədən ibarət olan muxtar respublika Konstitusiyasının layihəsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədri olduğu Azərbaycanın yeni Konstitusiya layihəsini hazırlayan Komissiyada ayrı-ayrı vaxtlarda dörd dəfə müzakirə olundu.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvan MR-nın yeni Konstitusiyasının hazırlanması və qəbul olunması üçün başlıca hüquqi baza təşkil etdi. Ulu öndər 1998-ci il yanvarın 14-də Konstitusiya Komissiyasının ilcasında Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının böyük əhəmiyyət kəsb etdiyinə toxunaraq deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Beləliklə, 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının yeni, sayca dördüncü Konstitusiyasının layihəsi hazırlandı. Naxçıvan MR Ali Məclisinin 1998-ci il aprelin 28-də keçirilən sessiyasında qəbul edilmiş Naxçıvan MR Konstitusiyası dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edildi və elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imzalandı. Naxçıvan MR-nın 6 fəsil, 50 maddədən ibarət olan yeni Konstitusiyası 1999-cu il yanvarın 8-də dərc edilərək qüvvəyə mindi.

1998-ci il Konstitusiyasında muxtar respublikada dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirildiyi konstitusion norma olaraq əks olunmuşdur. Qanunvericilik hakimiyyətini Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan MR məhkəmələri həyata keçirir.

Konstitusiya muxtar dövlətin başçısı statusunda – Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli Şəxsi institutunu təsis edir. Ali vəzifəli şəxs həm qanunvericilik, həm də icra hakimiyyəti sahələrində səlahiyyətlərə malikdir. Ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Naxçıvan MR ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR Ali Məclisinin hər bir deputatı Ali Məclisin sədri seçilə bilər.

Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini majoritar seçki sistemi əsasında, 45 deputatdan ibarət tərkibdə 5 il müddətinə seçilən Naxçıvan MR Ali Məclisi həyata keçirir. Muxtar respublika ərazisində daimi yaşayan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Ali Məclisin deputatı seçilə bilər.

Konstitusiya Naxçıvan MR Ali Məclisinə seçkilərdə passiv seçki hüququ ilə iştirakına qadağa qoyulanların da əhatə dairəsini müəyyənləşdirir. Seçkilərin nəticələrinin düzgünlüyünü Naxçıvan MR Ali Məhkəməsi yoxlayır və təsdiq edir. 1995-2023-cü illərdə Ali Məclis hər il iki növbəti sessiyaya toplaşırdı. 2023-cü il avqustun 1-də Naxçıvan MR Ali Məclisinin yeni Daxili Nizamnaməsi qəbul edilmişdir. Hazırda Ali Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Ali Məclisin növbədənkənar sessiyaları Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Naxçıvan MR Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Ali Məclisin sədri tərəfindən çağırılır. Səlahiyyəti dövründə Ali Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Ali Məclisin deputatları məzuniyyətdə sayılır.

Ali Məclisin yeni seçilmiş tərkibi 31 deputatın səlahiyyətləri təsdiq edildikdə, səlahiyyətlidir.

2023-cü il avqustun 1-də keçirilmiş növbədənkənar sessiyasında qəbul edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Qanunla Naxçıvan MR Ali Məclisinin dörd komitəsi yardılmışdır: 1) Hüquq siyasəti komitəsi; 2) İqtisadi siyasət komitəsi; 3) Sosial siyasət komitəsi; 4) Humanitar siyasət komitəsi.

 Ali Məclis Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir.

Naxçıvan MR Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ Ali Məclisin deputatlarına, Naxçıvan MR-nın Baş nazirinə, Ali Məhkəməsinə və Prokurorluğuna mənsubdur.

 

 

"Naxçıvan Muxtar Respublikası konstitusiyalarda" kitabı

 

“Naxçıvan Muxtar Respublikası konstitusiyalarda” kitabındakı ayrı-ayrı oçerklər və mətnlər Naxçıvan Muxtar Respublikasının yaradılması, müstəqillik dövründə Naxçıvan MR-in timsalında muxtar dövlətin optimal siyasi idarəçilik modelinin təşəkkül tapması, onun siyasi-hüquqi statusunu, Azərbaycana bağlılığını təmin edən konstitusion sənədlərin – muxtariyyətin öz konstitusiyalarının, Azərbaycan konstitusiyalarında Naxçıvanın statusu ilə bağlı hüquqi normaların və SSRİ konstitusiyalarında muxtariyyətlərin fəaliyyəti ilə əlaqəli müddəaların təhlilinə həsr edilmişdir. Əsərə Naxçıvan Muxtar Respublikasının 1924-cü ildə qəbul edilmiş Əsasnaməsinin, 1926-cı, 1937-ci, 1978-ci və 1998-ci illərdə qəbul olunmuş konstitusiyalarının tam mətni, Azərbaycan konstitusiyalarından isə muxtariyyətlə bağlı çıxarışlar daxil edilmişdir. Muxtar dövlətin rəmzləri, onların qəbulu və təsvir nümunələrinin şərhi və muxtar respublikanın ərazisi ilə bağlı xəritələrin əsərə daxil edilməsi ilə Naxçıvan Muxtar Respublikasının ötən 90 ildə siyasi-hüquqi inkişafı və ərazi bütövlüyü məsələləri ilə bağlı dolğun məlumat bazası yaradılmışdır. Kitabda ilk dəfə Naxçıvan Muxtar Respublikasının bütün konstitusiyaları birlikdə verilmiş, muxtariyyət dövründə qəbul edilmiş bayraqları və gerbləri əks olunmuşdur.

 

Kitabın müəllifi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universiteti “Hüquq fənləri” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərlidir.

 

“Naxçıvan Muxtar Respublikası konstitusiyalarda” kitabı