Qars müqaviləsi və Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu
Bir əsrdən artıq tarixə malik olan Qars müqaviləsi Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında 1921-ci il oktyabrın 13-də Qars şəhərində imzalanmışdır. Moskva beynəlxalq müqaviləsi Rusiya ilə Türkiyə arasında bir sıra vacib və əhəmiyyətli məsələləri həll etdiyi kimi, Qars beynəlxalq müqaviləsi də mübahisəli ərazi-sərhəd məsələlərini həll etdi.
“Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamda deyildiyi kimi, “Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi... çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir... Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir”.
Qars müqaviləsi bir növ Moskva müqaviləsinin məntiqi davamıdır. Moskva müqaviləsi 1921-ci il martın 16-da “Dostluq və qardaşlıq müqaviləsi” adı ilə Türkiyə və Rusiya arasında bağlanmışdır. XX əsrin əvvəllərində həm Rusiyada, həm də Türkiyədə baş verən hadisələr, həmin dövrdə beynəlxalq münasibətlərdə və dünyada yaranmış şəraitlə əlaqədar Rusiya ilə Türkiyənin yaxınlaşmasına və nəticədə, bu dövlətlər arasında müəyyən müqavilələrin imzalanmasına gətirib çıxarırdı. Bu dövrdə Azərbaycanda, eləcə də Naxçıvan diyarında baş verən hadisələr də çox mürəkkəb, ziddiyyətli və çətin olmuşdur. Azərbaycanın düşdüyü daxili, qarşılaşdığı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda o, Naxçıvan bölgəsinə lazımi səviyyədə köməklik göstərə bilmirdi. Bundan istifadə edən məkrli düşmənlərimiz bir sıra dövlətlərin himayəsindən, yardım və dəstəyindən yararlanaraq Naxçıvana hərbi basqınlar edir, qırğınlar törədir, şəhər və kəndləri dağıdır, yandırır, ağlasığmaz vəhşiliklər törədirdilər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da daşnak silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik hələ də davam edirdi. XI Ordunun köməyi ilə 1920-ci il iyulun 28-də Naxçıvanda sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi, respublikanın ali hakimiyyət orqanı – Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”.
Rusiya rəhbərliyinə gəldikdə isə onlar Türkiyə ilə diplomatik nümayəndəliklər yaratmaq istəsələr də, Ermənistandan Türkiyəyə qarşı bir vasitə kimi istifadə etməyə çalışırdılar. Azərbaycanın ayrılmaz tərkib hissələri olan Zəngəzur və Naxçıvanı da Sovet Ermənistanına vermək istəyirdilər. Təsadüfi deyildir ki, Ermənistanda sovet hakimiyyəti qurulan kimi, Rusiyanın təzyiqi ilə Zəngəzur və Naxçıvan Ermənistana verildi. Lakin Türkiyə ilə Ermənistan arasında bağlanan Gümrü müqaviləsi ilə Naxçıvan ərazisi hələlik Türkiyənin himayəsində yerli hökumətin yaradılması qərara alındı. Beləliklə, Naxçıvan xilas edildi və Moskva müqaviləsinin üçüncü maddəsində Naxçıvan məsələsinin həlli aşağıdakı kimi təsbit edildi: “Müqaviləni imzalayan tərəflər bu müqavilənin I (c) əlavəsində göstərilən sərhədlər daxilindəki Naxçıvan bölgəsinin, sahib olacağı himayə haqqını üçüncü bir dövlətə heç bir zaman güzəştə getməmək şərtilə, Azərbaycanın himayəsində muxtar bir ərazi təşkil etməsi ilə bağlı razılığa gəlirlər”. “Naxçıvan ərazisi” adlı I (c) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirildi. Sərhədlər “Ararat” stansiyasından başlayaraq keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqinə kimi müəyyən edildi. Beləliklə, Naxçıvan Azərbaycanın tərkibində qalmaqla muxtariyyət statusu əldə etdi. Belə bir statusun qazanılmasında 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun çox böyük rolu olmuşdur. Çünki həmin referendumla Naxçıvan əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının Azərbaycanın tərkibində saxlanılmasına səs vermişdi. Naxçıvan əhalisinin qətiyyətli və dönməz iradəsi, Türkiyənin prinsipial və ədalətli mövqeyi, Behbud ağa Şahtaxtinski kimi milli mənafelərdən çıxış edən siyasi xadimlərin səyləri də Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasını şərtləndirdi.
Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı münasibətləri və ərazi-sərhəd məsələlərini aydınlaşdırmaq və dəqiqləşdirmək üçün 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-nə qədər Qars şəhərində konfrans keçirildi. Azərbaycan KP MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan hökuməti çalışırdı ki, Qarsda güclü nümayəndələrlə təmsil olunsun. Behbud Şahtaxtinskinin konfransda iştirakı faktı isə Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan və A.Mikoyan S.Orconikidze ilə birlikdə hələ 1921-ci ilin iyununda B.Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Lakin N.Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində B.Şahtaxtinski fəaliyyətini davam etdirə bildi. Qeyd etmək yerinə düşər ki, Naxçıvan SSR Xalq Komissarları Soveti Qars konfransında Naxçıvanın mənafeyini müdafiə etmək üçün Tağı Səfiyevi də oraya ezam etmişdi.
Qars konfransında danışıqlar çox gərgin və prinsipial keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər. Türkiyə çalışırdı ki, hər bir respublika ilə ayrı-ayrılıqda müqavilə bağlasın. Lakin Rusiya nümayəndə heyətinin rəhbəri Y.Qanetski buna yol vermirdi. RSFSR rəhbərliyinin ona tapşırığı belə idi. Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalandı. 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə eynilik təşkil edirdi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, tərəflərə zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kompleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələsinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi.
Müqavilənin beşinci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və onun muxtariyyət statusu təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın tərkibində muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.
Naxçıvanın ərazisi müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: “(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayırıcısını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayırıcısını (6607 və ya 6587) keçərək, “Rod.” (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə gedərək 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və (nəhayət) keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhədində (qurtarır)”.
Beləliklə, Qars müqaviləsi Naxçıvanın statusu (Moskva müqaviləsində olduğu kimi) və tabeçiliyi məsələsini beynəlxalq müqavilə kimi tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Bu müqavilə ilə Türkiyə Cümhuriyyəti Naxçıvanın qarantı funksiyasını öz üzərinə götürmüşdür. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.
Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərir, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verilmişdir. Belə ki, 1929-cu ildə Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası, Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən, 657 kvadratkilometr sahə Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmiş və Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi keçən əsrin 20-90-cı illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Moskva müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Qars müqaviləsində tərəflər onu təsdiq etmiş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin SSRİ-nin yaranmasından sonra 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmiş və yalnız 9 fevral 1924-cü ildə bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
“Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”, – deyən Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasını daim diqqətdə saxlamışdır. Muxtariyyət statusu nəticəsində 1926, 1937 və 1978-ci illərdə Naxçıvan MSSR-in konstitusiyaları qəbul edilmişdir. Bu konstitusiyalarda Naxçıvan MSSR-in siyasi, hüquqi və iqtisadi sisteminin əsasları müəyyən edilmişdir. Müstəqillik dövründə isə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Bu Konstitusiyada Naxçıvan Muxtar Respublikasının statusu “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.” şəklində təsbit olunmuşdur.
90-cı illərin əvvəllərində Ermənistan Naxçıvana qarşı hərbi təcavüz etmiş, şəhər və kəndlərimizə zərər dəymiş, naxçıvanlılar arasında ölən və yaralananlar olmuşdu. 1991-ci il yanvar ayının 11-də Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətlərə bəyanat verərək həmin ölkələri muxtar respublikanın ərazi bütövlüyünün erməni təcavüzü nəticəsində kobud şəkildə pozulması faktlarına münasibət bildirməyə çağırmışdır. Bu, Naxçıvanın muxtariyyət statusunun beynəlxalq müqavilələrlə qorunması faktının aktuallaşdırılması ilə yanaşı, muxtar respublikanın məruz qaldığı hərbi müdaxilə təhlükəsindən diplomatik yolla qorunmasına şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası bu gün hərtərəfli inkişaf mərhələsinə yüksəlmişdir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokadada yaşasa da, ulu öndərin siyasi xəttinə sədaqət Naxçıvan Muxtar Respublikasında ərzaq, enerji və müdafiə təhlükəsizliyini tam təmin edib. Qədim diyarın dövlətçilik tarixi, mədəniyyəti, abidələri hərtərəfli öyrənilir, tədqiq olunur, gələcək nəsillərə çatdırılır. Bu gün qədim Azərbaycan torpağı Naxçıvan Nuhun vətəni, bəşəriyyətin beşiyi, 5-7 minillik şəhərsalma tarixi, elm və təhsil məkanı, ən əsası isə müasir inkişafı ilə dünyanın mühüm turizm mərkəzinə çevrilmişdir.
Ermənistanın Naxçıvana qarşı iddialarının heç bir hüquqi əsası yoxdur və bu iddialar beynəlxalq hüquq normalarına ziddir. Ermənilər Naxçıvanın aborigen əhalisi olmamış və onların bu ərazilərə gəlməsinin ikiəsrlik tarixi yoxdur. Bəhs etdiyimiz həm Moskva, həm də Qars müqavilələri Naxçıvanın toxunulmazlıq hüququnun əsasıdır. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar 2021-ci il 8 fevral tarixli Sərəncam imzalanmış, Tədbirlər Planı təsdiq edilmiş, beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Azərbaycan ərazilərinə iddialar irəli sürən, 1990-cı illərdə 20 faiz ərazimizi işğal edən Ermənistanın işğalçılıq fəaliyyətinə Vətən müharibəsi ilə son qoyuldu. Ermənistanın işğalçı qoşunları ərazilərimizdən çıxarıldı. Bunun üçün 10 noyabr Bəyanatı imzalandı. Bəyanatı imzalayan dövlətlər Moskva və Qars müqavilələrini də imzalamışdılar. Qars müqaviləsinin imzalanması Şuşa Bəyannaməsinin imzalanması üçün hüquqi zəmin yaradıb. Bütün bunlar Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təmin edir.
13 oktyabr 1921-ci il tarixdə Qars şəhərində Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsinin Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Arxivindən əldə edilmiş variantı (fransız dilində)