07.12.2024 15:10
► Ali Məclis deputatının statusu haqqında

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ DEPUTATININ STATUSU

HAQQINDA NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

 

Q A N U N U

 

BİRİNCİ FƏSİL

ÜMUMİ MÜDDƏALAR

 

MADDƏ 1. NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ DEPUTATININ STATUSUNUN KONSTİTUSİYA ƏSASLARI

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının (bundan sonra deputat adlanacaq) statusunun əsasları Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə müəyyən edilir.

Deputatın statusu Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə, bu Qanunla və Naxçıvan Muxtar Respublikasının digər qanunları ilə müəyyən edilir.

MADDƏ 2. QANUNUN TƏTBİQ SAHƏSİ

Bu Qanun deputatın səlahiyyətlərini və vəzifələrini müəyyən edir, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.

Maddə 2-1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

dövlət icbari şəxsi sığorta – sığortaolunanın həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq orqan (qurum);

sığortaolunan – deputat;

sığortalı – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;

sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;

sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 36-cı maddəsi ilə müəyyən edilən hal;

sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;

sığorta vəsaiti – bu Qanunun 41-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;

sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;

sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsait.

MADDƏ 3. DEPUTATIN STATUSUNUN TƏMİNATI

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında, bu Qanunda və Naxçıvan Muxtar Respublikasının başqa qanunlarında təsbit edilmiş deputatın səlahiyyətlərinin maneəsiz həyata keçirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminat verilir.

Deputat öz səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, bu Qanunu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsini və Naxçıvan Muxtar Respublikasının başqa qanunlarını rəhbər tutmalıdır.

Deputatın dövlət icbari şəxsi sığortası bu Qanunun altıncı fəslinə uyğun olaraq həyata keçirilir.

MADDƏ 4. DEPUTATIN SƏLAHİYYƏTLƏRİ

Deputatın aşağıdakı səlahiyyətləri vardır:

- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun orqanlarının iclasında iştirak etmək;

- Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin orqanlarına seçmək və seçilmək;

- qanunvericilik təşəbbüsünü həyata keçirmək;

- deputat sorğusu vermək;

- məlumat almaq və yaymaq;

- toxunulmaz olmaq;

- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;

- vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.

MADDƏ 5. DEPUTATLIQ FƏALİYYƏTİNİN FORMALARI

Deputat aşağıdakı formalarda fəaliyyət göstərir:

- Ali Məclisin iclaslarında iştirak edir;

- Ali Məclisin komissiyalarının işində iştirak edir;

- Ali Məclisin, Ali Məclisin Sədrinin, Ali Məclisin komissiyalarının tapşırıqlarını yerinə yetirir;

- deputat sorğuları verir;

- seçicilərlə iş aparır.

MADDƏ 6. DEPUTATIN VƏSİQƏSİ VƏ DÖŞ NİŞANI

Hər bir deputata Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.

Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Ali Məclisin Qərarı ilə təsdiq edilir.

 

İKİNCİ FƏSİL

DEPUTATIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

 

MADDƏ 7. DEPUTATIN NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN VƏ ONUN ORQANLARININ İCLASLARINDA İŞTİRAK ETMƏK SƏLAHİYYƏTİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardır.

Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bütün iclaslarında həlledici səs hüququ vardır.

Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin razılığı ilə müraciətlər və bəyanatlar ilə çıxış edə bilər.

 MADDƏ 8. DEPUTATIN NAXÇIVAN MUXTAR RESPUBLİKASI  ALİ  MƏCLİSİNİN ORQANLARINA SEÇMƏK VƏ SEÇİLMƏK SƏLAHİYYƏTLƏRİ

Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, sədr müavinlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi komissiyları sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.

MADDƏ 9. DEPUTATIN QANUNVERİCİLİK TƏŞƏBBÜSÜ HÜQUQU

Deputatın Naxçıvan Muxtar Respublikası Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilən qanunvericilik təşəbbüsü vardır.

Deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:

- yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;

- qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında təklif edə bilər;

- qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər;

- Naxçıvan Muxtar Respublikası Ali Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında təkliflər irəli sürə bilər.

Deputatın qanunvericilik təşəbbüsü hüququ onun təqdim etdiyi qanun və ya qərar ləyihələrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi

komissiyalarında baxılması və bu barədə müvafiq qərar qəbul edilməsi ilə qanunvericilik təşəbbüsü irəli sürən deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarında çıxış etməsinə şəarit yaradılması ilə təmin olunur.

MADDƏ 10. DEPUTAT SORĞUSU

Deputat öz səlahiyyətləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasının prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Naxçıvan Muxtar Respublikasının Milli Bangının idarə heyətinə sorğu verə bilər.

Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.

Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidir.

MADDƏ 11. DEPUTATIN MƏLUMAT ALMAQ VƏ YA YAYMAQ HÜQUQU

Deputatın qanunla qadağan edilməmiş üsullarla məlumat almaq və yaymaq hüququ vardır.

Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi sənədlərlə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fərman və sərəncamları ilə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə təmin olunur.

Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları və sənədləri almaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarına, dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına müraciət edə bilər. Həmin orqanlar tələb olunan materialları və sənədləri "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini gözləməklə, on gün müddətində deputata təqdim etməlidirlər.

MADDƏ 12. DEPUTATIN TOXUNULMAZLIĞI

Naxçıvan Muxtar Respublikası Konstitusiyasına görə deputatın şəxsiyyəti toxunulmazdır.

Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Deputatın toxunulmazlığına Naxçıvan Muxtar Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hallarda və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

MADDƏ 13. DEPUTATIN ŞAHİD QİSMİNDƏ İFADƏ VERMƏKDƏN İMTİNA ETMƏK HÜQUQU

Deputat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olmuş hallar haqqında Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada şahid qismində ifadə verməkdən imtina etmək hüququna malikdir.

MADDƏ 14. DEPUTATIN VƏZİFƏLİ ŞƏXSLƏR TƏRƏFİNDƏN  TƏXİRƏ SALINMADAN QƏBUL EDİLMƏK HÜQUQU

Deputat Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

MADDƏ 15. DEPUTATIN ÇIXIŞLARININ DƏRC EDİLMƏSİ

Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin açıq iclaslarında etdiyi çıxışlar "Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protokolları və stenoqramları"nda rəsmən dərc edilir. "Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protokolları və stenoqramları" dərc edilməzdən əvvəl deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında iştirak etmiş, lakin çıxış etməyə imkanı olmamış deputat öz çıxışının mətnini, habelə müzakirə olunan məsələ barəsində yazılı təkliflərini və qeydlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasına sədrlik edənə verə bilər. Çıxışın, habelə təklif və qeydlərin mətni iclasın stenoqramına daxil edilir və "Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protkolları və stenqramları"nda dərc olunur.

MADDƏ 16. DEPUTATIN VƏZİFƏLƏRİ

Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikası Konstitusiyasını və Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qərarlarını rəhbər tutmalı, deputat etikasını gözləməlidir.

Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında və üzv olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisi komissiyalarının iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarını buraxan deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada parlamentdaxili məsuliyyətə cəlb oluna bilərlər.

MADDƏ 17. DEPUTAT ETİKASI

Deputat qanuna zidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkət etməyə çağırmamalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.

 

ÜÇÜNCÜ FƏSİL

DEPUTATIN SEÇİCİLƏRLƏ İŞ APARMASI

 

MADDƏ 18. DEPUTATIN SEÇİCİLƏRLƏ ƏLAQƏ SAXLAMASI

Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır.

Deputat seçiciləri qəbul etmək üçün Naxçıvan Muxtar Respublikasının hər şəhərində və rayon mərkəzində ( Naxçıvan şəhərində isə hər seçki dairəsində ) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

MADDƏ 19. SEÇİCİLƏRİN HÜQUQLARININ, AZADLIQLARININ VƏ MƏNAFELƏRİNİN TƏMİN EDİLMƏSİ ÜÇÜN DEPUTATIN FƏALİYYƏTİ

Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikasının Kosntitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları qarşısında məsələlər qaldıra bilər.

Deputatın bu fəaliyyətinin təmin olunmasında mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları ona köməklik göstərməlidirlər.

MADDƏ 20.  DEPUTATIN  İCRA VƏ MƏHKƏMƏ  HAKİMİYYƏTİ  ORQANLARINA,  PROKURORLUQ ORQANLARINA,   YERLİ  ÖZÜNÜİDARƏ ORQANLARINA  MÜRACİƏTLƏRİ

Deputat seçicilərinin müraciətləri, ərizələri və şikayətləri əsasında, habelə ictimai rəyi öyrənərək zəruri hallarda müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanlarına (məhkəmə orqanlarının konkret işlərlə bağlı fəaliyyətinə müdaxilə etməmək şərtilə) prokurorluq orqanlarına, yerli özünüidarə orqanlarına müraciət edə bilər.

Müvafiq mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, prokurorluq orqanları, yerli özünüidarə orqanları müraciət etmiş deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

 

DÖRDÜNCÜ FƏSİL

DEPUTATLIQ FƏALİYYƏTİNİN TƏMİNATLARI

 

MADDƏ 21. DEPUTATIN MADDİ TƏMİNATLARI

Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alır.

MADDƏ 22. DEPUTATIN HƏRBİ ÇAĞIRIŞDAN VƏ HƏRBİ TOPLANIŞDAN  AZAD OLUNMASI

Deputat səlahiyyət müddətində hərbi çağırışdan və hərbi toplanışdan azad olunur.

MADDƏ 23. DEPUTATIN TƏHLÜKƏSİZLİYİ

Deputatın təhlükəsizliyinə dövlət təminat verir.

MADDƏ 24. DEPUTATIN NƏQLİYYATDAN İSTİFADƏ ETMƏK HÜQUQU

Deputat Naxçıvan Muxtar Respublikasının ərazisində dövlət mülkiyyətində olan dəmiryolu, hava, avtomobil, şəhər nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə gediş- gəliş sənədlərinin növbədənkənar əldə etmək hüququndan istifadə edir.

Deputatlıq fəaliyyəti ilə bağlı Naxçıvan şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsilə təmin edilir.

MADDƏ 25.  DEPUTATIN MƏNZİL TƏMİNATI VƏ DAİMİ YAŞADIĞI YERİN RABİTƏ VASİTƏLƏRİ İLƏ TƏCHİZ OLUNMASI

Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

MADDƏ 26.  DEPUTATIN XİDMƏTİ PASPORTU

Deputata xidməti pasport verilir.

MADDƏ 27.  DEPUTATIN İŞ STAJININ HESABLANMASI

Deputatın səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

MADDƏ 28. DEPUTATIN MÜALİCƏ OLUNMASI ÜÇÜN PUL TƏMİNATI

Deputatın müalicə olunması üçün zəruri hallarda ona Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən pul təminatı verilir.

MADDƏ 29. DEPUTATIN SƏLAHİYYƏT MÜDDƏTLƏRİ QURTARDIQDAN SONRA TƏMİNATLARI

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Ali Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

BEŞİNCİ FƏSİL

DEPUTATIN STATUSUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

 

MADDƏ 30. DEPUTATLIQ SƏLAHİYYƏTLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ MANEÇİLİK TÖRƏTMƏYƏ GÖRƏ MƏSULİYYƏT

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri və başqa işçiləri, vətəndaşlar deputat səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törədərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

Həmin orqanlar və şəxslər deputat bilərəkdən yalan məlumatlar verərlərsə, bu məlumatların yalan olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir.

MADDƏ 31. DEPUTATA QEYRİ-QANUNİ TƏSİR GÖSTƏRİLMƏSİNƏ GÖRƏ MƏSULİYYƏT

Deputata qeyri-qanuni təsir göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

 MADDƏ 32. DEPUTATIN SƏLAHİYYƏTLƏRİNİN TOXUNULMAZLIĞININ VƏ TƏHLÜKƏSİZLİYİNİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Deputatın səlahiyyətlərini, toxunulmazlığını və təhlükəsizliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyətə cəlb olunurlar.

 

ALTINCI FƏSİL

DEPUTATIN DÖVLƏT İCBARİ ŞƏXSİ SIĞORTASI

 

Maddə 33. Dövlət icbari şəxsi sığortanın prinsipləri

Dövlət icbari şəxsi sığortanın əsas prinsipləri aşağıdakılardır:

dövlət icbari şəxsi sığortanın məcburiliyi;

dövlət icbari şəxsi sığortanın subyektlərinin (sığortaçının, sığortalının, sığortaolunanın) hüquq bərabərliyi.

Maddə 34. Deputatın sığortaçısı

ləğv edilib.

Maddə 35. Sığorta məbləği və sığorta haqqı

Sığortaolunan 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

Sığorta haqqı, bu Qanunun 35-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan sığorta məbləğinin bir faizi miqdarında müəyyənləşdirilir.

Maddə 36. Sığorta hadisəsi və sığorta ödənişi

Sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi sayılır.

Sığorta hadisəsi baş verdikdə sığortaolunana bu Qanunun 35-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş sığorta məbləğinin faizi hesabı ilə aşağıdakı sığorta ödənişi verilir:

1) həlak olduqda - 100%

2) aldığı xəsarət nəticəsində əlillik müəyyən edildikdə:

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80%

- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60%        

- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40%

3) əlillik müəyyən edilmədən ağır xəsarət aldıqda 20%;

3-1) az ağır xəsarət aldıqda - 10 %; 

4) yüngül xəsarət aldıqda -5%

Deputat olarkən aldığı xəsarət nəticəsində sığortaolunan deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra deputat olarkən aldığı xəsarət nəticəsində 3 il müddətində vəfat etdikdə və ya sağlamlığına zərər dəydikdə ona bu maddənin ikinci hissəsinə uyğun sığorta ödənişi verilir.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.

Maddə 37. Dövlət icbari şəxsi sığortanın aparılması qaydası

Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 39-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qaydada sığortaçıya ödəyir.

Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

Sığortaolunanlar fəaliyyətə başladığı tarixdən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.

Maddə 38. Sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri

Sığortaolunanın aşağıdakı hüquqları vardır:

1) dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;

2) sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

3) sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;

4) yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.

Sığortaolunanın aşağıdakı vəzifələri vardır:

1) sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;

2) fərdi məlumatları dəyişildikdə bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.

Bu Qanunun 38-ci maddəsinin birinci hissəsinin 2-ci və 3-cü bəndləri və ikinci hissəsinin 1-ci bəndi sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.

Sığortaçının aşağıdakı hüquqları vardır:

1) sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

2) sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

3) sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

4) bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Sığortaçının aşağıdakı vəzifələri vardır:

1) sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

2) sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

3) hər bir sığortalıya və dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

4) sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

5) sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

6) bu Qanunun 41-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

7) sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

8) bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Sığortalının aşağıdakı hüquqları vardır:

1) özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

2) sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

3) sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

4) sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

5) bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

Sığortalının aşağıdakı vəzifələri vardır:

1) sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

2) bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

3) sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 39-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

4) sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

5) sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya məlumat vermək;

6) bu Qanunla müəyyən olunmuş digər vəzifələri həyata keçirmək.

Maddə 39. Sığortaolunanların və sığortalıların uçotu, sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması və sığorta ödənişinin verilməsi

Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq orqan (qurum) tərəfindən müəyyən edilir.

Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq orqan (qurum) tərəfindən müəyyən olunur.

Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər.

Sığorta ödənişi bu Qanunun 38-ci maddəsinin yeddinci hissəsinin 5-ci bəndinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya məlumat verilmədiyi hallarda sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir.

Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.

Maddə 40. Sığorta ödənişinin verilməsindən imtina

Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir:

sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

sığortaolunan bu Qanunun 39-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə;

baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə;

sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə;

sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda.

Sığorta ödənişinin verilməsindən bu Qanunun 40-cı maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir.

Maddə 41. Sığorta vəsaitləri

Sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

bu Qanunla müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;

sığorta ehtiyatının təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq orqan (qurum) tərəfindən müəyyən edilən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

qanunla qadağan edilməyən digər mənbələr.

Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə istifadə olunur:

dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

sığorta ehtiyatının yaradılmasına;

idarəetmə xərclərinə;

qanunla müəyyən edilən digər istiqamətlərə.

İdarəetmə xərcləri sığorta haqqının 5 faizədək miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi müvafiq qaydada təsdiq olunmuş xərclər smetasına uyğun olaraq həyata keçirilir.

Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müvafiq orqan (qurum) təsdiq edir.

Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

Sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir.

Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 42. Deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyət

Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq orqan (qurum) nəzarət edir.

Bu Qanunun deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 43. Deputatın icbari sığortası ilə əlaqədar mübahisələrə baxılması qaydası

Dövlət icbari şəxsi sığorta ilə əlaqədar mübahisələr inzibati və məhkəmə qaydasında həll edilir.

 

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin sədri                                                                     VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 11 mart 1997-ci il