03.10.2024 23:14
► Ali Məclis

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

 

Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini majoritar seçki sistemi əsasında, 45 deputatdan ibarət tərkibdə 5 il müddətinə seçilən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir. Muxtar respublika ərazisində daimi yaşayan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Ali Məclisin deputatı seçilə bilər.

Konstitusiya Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə passiv seçki hüququ ilə iştirakına qadağa qoyulanların da əhatə dairəsini müəyyənləşdirir. Seçkilərin nəticələrinin düzgünlüyünü Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yoxlayır və təsdiq edir. 1995-2023-cü illərdə Ali Məclis hər il iki növbəti sessiyaya toplaşırdı. 2023-cü il avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni Daxili Nizamnaməsi qəbul edilmişdir. Hazırda Ali Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Ali Məclisin növbədənkənar sessiyaları Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Ali Məclisin sədri tərəfindən çağırılır. Səlahiyyəti dövründə Ali Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Ali Məclisin deputatları məzuniyyətdə sayılır.

Ali Məclisin yeni seçilmiş tərkibi 31 deputatın səlahiyyətləri təsdiq edildikdə, səlahiyyətlidir.

2023-cü il avqustun 1-də keçirilmiş növbədənkənar sessiyasında qəbul edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Qanunla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dörd komitəsi yardılmışdır:

● Hüquq siyasəti komitəsi;

● İqtisadi siyasət komitəsi;

● Sosial siyasət komitəsi;

● Humanitar siyasət komitəsi.

 Ali Məclis Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququna malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ Ali Məclisin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə, Ali Məhkəməsinə və Prokurorluğuna mənsubdur.

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin strukturu