03.10.2024 23:24
► Ali Məclisin Aparatı haqqında Əsasnamə

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Aparatı haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı (bundan sonra - Aparat) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Ali Məclisin fəaliyyətini təmin edən birinci kateqoriya dövlət orqanıdır.

1.2. Aparat bilavasitə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə tabedir.

1.3. Aparat öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4. Aparatın saxlanması xərcləri və fəaliyyəti Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti və qanunla nəzərdə tutulmuş digər vəsait hesabına maliyyələşdirilir.

1.5. Aparat Naxçıvan şəhərində yerləşir.

2. Aparatın fəaliyyət istiqamətləri

Aparat Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, qanunlarından, fərman və sərəncamlarından irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin edir, habelə Ali Məclis Sədrinin fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirir.

3. Aparatın vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Aparat aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarını icra etmək;

3.1.2. hər hansı sahə üzrə dövlət siyasətinin həyata keçirilməsinin vəziyyətini öyrənmək və həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində tədbirlər görmək;

3.1.3. dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının işini əlaqələndirmək, onlar tərəfindən müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət etmək;

3.1.4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  tapşırıqlarını mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər dövlət qurumlarının yerinə yetirməsinə nəzarət etmək;

3.1.5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və  tövsiyələrini müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının nəzərə almasını yoxlamaq;

3.1.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  tapşırıqlarının icrası ilə bağlı yaranan problemləri öyrənmək və onların həlli istiqamətində tədbirlər görmək;

3.1.6-1. Ali Məclisin rəhbərliyinin tapşırığına əsasən Ali Məclisin qanunvericilik təşəbbüsü hüququ ilə bağlı səlahiyyətinin həyata keçirilməsini təmin etmək;

3.1.7. Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarının layihələrini hazırlamaq;

3.1.8. Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarının rəsmi şərhini vermək;

3.1.9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin səfərlərini təşkil etmək, onun iştirakı ilə keçirilən tədbirlərin protokol təminatını həyata keçirmək;

3.1.10. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sədrlik etdiyi orqanların işini təşkil etmək;

3.1.11. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sədrlik etdiyi iclasların, habelə onun rəhbərliyi ilə keçirilən görüş, müşavirə və digər tədbirlərin hazırlanmasını və keçirilməsini təmin etmək, həmçinin belə iclas, görüş, müşavirə və digər tədbirlərdə müzakirə ediləcək məsələlərlə bağlı sənədləri hazırlamaq;

3.1.12. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrini zəruri analitik-informasiya materialları ilə təmin etmək, çıxışlarının və məruzələrinin mətnlərini hazırlamaq;

3.1.13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Ali Məclisin fəaliyyətinin mediada, rəsmi internet saytında və sosial şəbəkələrdə işıqlandırılmasını təmin etmək;

3.1.14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Ali Məclisin fəaliyyətinə dair mediada dərc edilmiş məlumatların xülasəsini və digər məlumatların icmalını hazırlayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə təqdim etmək;

3.1.15. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Ali Məclisin fəaliyyətini əks etdirən sənədləri arxiv üçün toplamaq, sistemləşdirmək və saxlamaq;

3.1.16. mərkəzi və yerli (Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 11-ci bəndinə münasibətdə) icra hakimiyyəti, eləcə də digər dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları istisna olmaqla) kadr məsələləri sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;

3.1.17. dövlət təltifləri ilə təltifetmə (bundan sonra - təltifetmə) sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;

3.1.18.

3.1.19. dövlət və yerli özünüidarəetmə orqanlarından, dövlət qurumlarından daxil olan məlumat və təklifləri nəzərdən keçirərək ümumiləşdirmək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə təqdim olunmaq üçün hazırlamaq;

3.1.20. vətəndaşlardan, habelə vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən və hüquqi şəxslərdən daxil olmuş müraciətlərə (sorğulara) baxmaq, onları təhlil etmək, fiziki şəxslərin qəbulunu həyata keçirmək;

3.1.21 dövlət orqanlarında kargüzarlıq işinin aparılmasına nəzarət etmək;

3.1.22.  idarələrarası elektron sənəd dövriyyəsi sisteminin təşkilatçısı və iştirakçısı funksiyalarını həyata keçirmək;

3.1.23.

3.1.24. müvafiq hüquqi aktların rəsmi nəşrini təmin etmək;

3.1.25. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Aparatın struktur bölmələri Aparatın bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini müvafiq sahələrdə və subyektlərə münasibətdə həyata keçirirlər.

4. Aparatın hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Aparatın aşağıdakı hüquqları vardır:

4.1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri üçün müvafiq sahələrdə dövlət siyasətinin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

4.1.1-1. Naxçıvan Muxtar Respublikası Ali Məclisində hazırlanması nəzərdə tutulan qanun layihələrinin illik planına dair təkliflər vermək;

4.1.1-2. Naxçıvan Muxtar Respublikası Ali Məclisində hazırlanan qanun layihəri üzrə, hüquq normalarının təkmilləşdirilməsinə dair təkliflər, tövsiyələr vermək, onların məqsədəuyğunluğu barədə təhlillər aparmaq;

4.1.2.  müvafiq hüquqi aktların layihələrini hazırlamaq, aidiyyəti subyektlərlə razılaşdırmaq, onların hazırlanmasında iştirak etmək;

4.1.3.  təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə təqdim etmək;

4.1.4.  müvafiq sahələrlə bağlı beynəlxalq, ölkə və ya muxtar respublika miqyaslı tədbirlərdə iştirak etmək;

4.1.5. hər hansı məsələnin araşdırılması və ya həlli üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının əməkdaşlarını, müstəqil ekspert və mütəxəssisləri cəlb etmək və onlardan ibarət işçi qruplar yaratmaq;

4.1.6. Aparatın, həmçinin digər dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının əməkdaşlarının, digər şəxslərin təltif edilməsi barədə təkliflər vermək;

4.1.7. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.8. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;

4.1.9. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Aparatın fəaliyyətinin təşkili

5.1. Aparatın strukturunu və işçilərinin say həddini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəyyən edir.

5.2. Aparatın rəhbərini, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisini, Aparatda şöbə müdirlərini və digər inzibati vəzifə tutan dövlət qulluqçularını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəyə təyin və vəzifədən azad edir.

6. Aparatın rəhbəri

6.1. Aparata ümumi rəhbərliyi Aparat rəhbəri həyata keçirir.

6.2. Aparat rəhbəri bilavasitə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə tabedir.

6.3. Aparat rəhbəri bu Əsasnamə ilə Aparata həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

6.4. Aparatın rəhbəri:

6.4.1. Aparatın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

6.4.2. Aparatı dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında və digər təşkilatlarda təmsil edir;

6.4.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə onun maraqlarını təmsil edir;

6.4.4. Aparatın struktur bölmələri rəhbərlərinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir və işlərini əlaqələndirir, onlara müvafiq tapşırıqlar verir;

6.4.4-1. Aparatda yardımçı vəzifə tutan dövlət qulluqçularını, dövlət qulluqçusu olmayan işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yardımçı vəzifə tutan dövlət qulluqçularına müvafiq ixtisas dərəcələri verir;

6.4.4-2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Aparatda dövlət qulluğu keçən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, onların mükafatlandırılması, vəzifədə irəli çəkilməsi, əlavə təhsil alması və onlar barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə Ali Məclisin sədrinə təqdimat və təkliflər verir, Aparatın struktur bölmələrinin rəhbərlərinin fəaliyyətini qiymətləndirir, Aparatda dövlət qulluğu keçən dövlət qulluqçuları barəsində töhmət intizam tənbehini tətbiq edir;

6.4.4-3. səlahiyyətləri daxilində xidməti sənədləri imzalayır;

6.4.4-4. Aparatın strukturu və işçilərinin ümumi sayı, struktur bölmələrinin fəaliyyət istiqamətləri barədə Ali Məclisin sədrinə təkliflər verir;

6.4.5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin səlahiyyətlərinin həyata keçirilməsini, onun tapşırıqlarının, fərman və sərəncamlarının icrasını təşkil edir, bununla əlaqədar Aparatın struktur bölmələrinə, icraçı orqanlara (qurumlara) müvafiq tapşırıqlar verir, bu tapşırıqların icrasına nəzarət edir və həmin orqanlardan (qurumlardan) zəruri məlumatları alır, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyələrini müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının nəzərə almasını yoxlayır;

6.4.6. Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarının rəsmi şərhinin verilməsini təşkil edir;

6.4.7. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə və ya Aparatın səlahiyyətlərinin həyata keçirilməsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və ya digər dövlət orqanları qarşısında qanun layihələrinin, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları layihələrinin hazırlanması, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının qəbulu, onlarda dəyişikliklər edilməsi barədə məsələ qaldırır;

6.4.8. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, Aparat rəhbərinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında olan şuraların, komissiyaların və digər məşvərətçi orqanların işini təşkil edir;

6.4.9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə vəzifəyə təyin etməsi məqsədilə konkret şəxslərin namizədliyi barədə təkliflər verir;

6.4.10. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin olunmuş şəxslərin  həvəsləndirilməsi və intizam qaydasında tənbeh edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təkliflər verir;

6.4.11.  Aparatın strukturu və işçilərinin ümumi sayı barədə, struktur bölmələrinin fəaliyyət istiqaməti barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təkliflər verir;

6.4.12. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Aparatda dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət edir;

6.4.13. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Aparatda informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edir;

6.4.14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına səyyar nəzarətin həyata keçirilməsi ilə bağlı komissiyanın tərkibini müəyyən edir, həmçinin vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair dövlət orqanlarının illik hesabat formalarını təsdiq edir;

6.4.15.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.

7.  Qanunvericilik və hüquq məsələləri şöbəsi

7.0. Qanunvericilik və hüquq məsələləri şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:

7.0.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqları əsasında müvafiq sahədə Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarının layihələrini hazırlamaq və təqdim etmək;

7.0.1-1. Ali Məclisin komitələrinin sorğusuna əsasən Azərbaycan Respublikasının qanunları və beynəlxalq təcrübədə qüvvədə olan oxşar qanunları təqdim edir;

7.0.1-2. Ali Məclisə təqdim edilmiş və şöbənin fəaliyyət istiqamətlərinə aid olan, yaxud Ali Məclisin müvafiq komitəsində və ya şöbədə hazırlanmış qanun layihələrinə dair müqayisəli cədvəllər, izahlı arayışlar hazırlayır və təqdim edir;

7.0.1-3. Ali Məclisə təqdim edilmiş və şöbədə hazırlanmış qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli qanunların (onların struktur elementlərinin) siyahısını tərtib edir;

7.0.1-4. Ali Məclisin İntizam komissiyasının və Hesablayıcı komissiyasının işinin təşkilində iştirak edir;

7.0.2. hüquq mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarına ali xüsusi rütbələr verilməsi sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fəaliyyətini təmin etmək;

7.0.3. məhkum olunmuş şəxslərin əfv edilməsi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;

7.0.4. dövlət orqanlarının hüquq bölmələrinin (xidmətlərinin) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

7.0.5. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim edilən hüquqi aktların layihələrinin məcburi hüquqi ekspertizasını və ya hüquqi ekspertizasını keçirmək;

7.0.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə imzalanmaq üçün təqdim edilən qanunların məcburi hüquqi ekspertizasını keçirmək;

7.0.7. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında müvafiq hüquqi aktların layihələrini hazırlamaq və təqdim etmək;

7.0.8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə imzalanmaq üçün təqdim edilən bütün qanun, fərman və sərəncam layihələrinə viza vermək;

7.0.9. Aparatda hazırlanan yeni normativ hüquqi aktın qəbulu ilə əlaqədar uyğunluğun təmin edilməsi məqsədilə dəyişiklik və ya ləğv edilməli olan qanunların, fərman və sərəncamların layihələrini tapşırıq əsasında hazırlamaq, habelə uyğunluğun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və digər orqanlar, dövlət qurumları tərəfindən təqdim edilən normativ hüquqi aktların layihələrinə baxmaq;

7.0.10. aşkar edilmiş hüquqi boşluqlar barədə Aparat rəhbəri qarşısında məsələ qaldırmaq;

7.0.11. Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarının məzmununun izahını təşkil etmək;

7.0.12. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edəcəyi layihələrin hazırlanmasında və müzakirəyə çıxaracağı məsələlərin razılaşdırılmasında, həmçinin Ali Məclisə təqdim etdiyi layihələrin müzakirəsi zamanı çıxan məsələlərin razılaşdırılmasında iştirak etmək;

7.0.13. hüquq siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak etmək;

7.0.14. hüquqi boşluqların, qanunvericilikdə ziddiyyətlərin və sair mənfi halların aşkar edilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və ya təkliflər vermək;

7.0.15. “Naxçıvan Muxtar Respublikasının Qanunvericilik Toplusu”nun tərtibini və nəşrini, habelə onun Aparatın aidiyyəti struktur bölmələrinə və müvafiq qurumlara çatdırılmasını təmin etmək.

8. Mətbuat və ictimaiyyətlə əlaqələr sektoru

8.0. Mətbuat və ictimaiyyətlə əlaqələr sektoru aşağıdakı vəzifələri yerinə yetirir:

8.0.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fəaliyyətini, o cümlədən xarici ölkələrə səfərlərini və muxtar respublika daxilində keçirilən tədbirlərini mediada işıqlandırmaq;

8.0.2.

8.0.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Ali Məclisin fəaliyyətinə dair mediada dərc edilmiş məlumatların xülasəsini və digər məlumatların icmalını hazırlamaq və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə təqdim etmək;

8.0.4. Ali Məclisin, onun komitə və komissiyalarının iclasları barədə mediaya məlumat vermək və belə tədbirlərin mediada işıqlandırılmasını təmin etmək;

8.0.5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Ali Məclisin fəaliyyəti ilə bağlı video, foto, audio materialların və digər məlumatların hazırlanmasını və mediada yayılmasını təmin etmək;

8.0.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrini gündəlik icmal-informasiya materialları ilə təmin etmək;

8.0.7. internet informasiya resurslarının, sosial şəbəkələrin daimi monitorinqini aparmaqla, həmçinin analitik arayışlar, hesabatlar və təkliflər hazırlamaqla, strateji informasiya təminatını həyata keçirmək;

8.0.8.

8.0.9. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi internet saytını idarə etmək, sosial şəbəkələrdəki səhifələrinin fəaliyyətini və daim yenilənməsini təmin etmək;

8.0.10. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən mediada dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, mətbuat orqanlarının və teleradioların keyfiyyətini yüksəltmək, onların qarşılıqlı fəaliyyətinə nail olmaq;

8.0.11. Naxçıvan Muxtar Respublikası ilə bağlı informasiyaların muxtar respublika, ölkə və xarici media orqanlarında yayılmasına, düzgün təbliğat mexanizminin qurulmasına nail olmaq, qeyri-obyektiv və qərəzli məlumatların qarşısını almaq, ictimaiyyəti düzgün məlumatlandırmaq;

8.0.12. həyata keçirilən dövlət siyasətinin mahiyyətinə uyğun məqalələr hazırlamaq və dərc etmək;

8.0.13. muxtar respublikanın dövlət orqanlarının (qurumlarının) informasiya siyasətinin və sosial şəbəkələrdə fəaliyyətinin əsas istiqamətlərini və ümumi prinsiplərini təhlil etmək, əlaqələndirmə və qiymətləndirmə funksiyasını həyata keçirmək;

8.0.14. dövlət orqanlarının müvafiq sahədə işin təşkilinə məsul struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək, təhlillər aparmaq və tövsiyələr vermək;

8.0.15. dövlət internet informasiya resurslarının muxtar respublikanın ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən məsələlər barədə məlumatlarla təmin edilməsində iştirak etmək, onların fəaliyyətinin monitorinqini, qiymətləndirilməsini və əlaqələndirilməsini həyata keçirmək, həmin resursların təkmilləşdirilməsi istiqamətində təkliflər vermək, internet informasiya resurslarında çoxşaxəli fəaliyyətin təşkilini həyata keçirmək;

8.0.16. proqram təminatlarının, informasiya sistemlərinin, resurslarının (məlumat bazalarının) layihələndirilməsini, yaradılmasını, təkmilləşdirilməsini və təhlükəsizliyini həyata keçirmək;

8.0.17. Ali Məclisin elektron informasiya sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək və təkmilləşdirmək, yeni texnologiyaları tədqiq və tətbiq etmək, rəqəmsal transformasiya ilə bağlı tədbirləri həyata keçirmək;

8.0.18. Ali Məclisin sədrinin tapşırığına əsasən Ali Məclisin iclasının elektron vasitələr ilə idarə olunmasını, elektron səsvermənin keçirilməsini və iclasın elektron gündəliyinin hazırlanmasını təmin etmək;

8.0.19. Ali Məclisin komitə və komissiyalarının iclaslarının, ictimai dinləmələrin, seminarların, konfransların, onlayn iclasların və digər tədbirlərin keçirilməsini və tədbirlərin məlumatlarının elektron resurslara daxil edilməsini təmin etmək;

8.0.20. Ali Məclisin, onun komitə və komissiyalarının iclaslarının, Ali Məclisin rəhbərliyinin qərarı ilə digər tədbirlərin video və audio yazılışını həyata keçirmək, videoyazılara meta məlumatların əlavə edilməsini və onların uyğun formata konvertasiya olunmasını təmin etmək; 

8.0.21. bazalararası məlumatların inteqrasiyasını təmin etmək və Ali Məclisin fəaliyyəti ilə bağlı məlumatların lokal veb səhifəyə daxil edilməsini həyata keçirmək;

8.0.22. Ali Məclisin fərdi iş kompüterlərinin, şəbəkə sistemlərinin və serverlərinin tənzimlənməsini, təhlükəsizliyini və fasiləsiz işini təmin etmək;

8.0.23. Ali Məclisin inzibati binasında kompüter, server və şəbəkə avadanlığının əməliyyat sistemlərinin quraşdırılmasını, konfiqurasiya edilməsini və işlək vəziyyətdə saxlanmasını təmin etmək, bu sahədə nəzarəti həyata keçirmək;

8.0.24. Aparatın struktur bölmələrində kompüterlərin viruslardan qorunması və informasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə kompüterlərə yazılacaq proqram təminatının siyahısını hazırlamaq və yeniləmək;

8.0.25. Aparatın struktur bölmələrində kompüterlərin sərt diskinin formatlanmasını, lisenziyalı və tətbiqi proqram təminatının yazılmasını, kompüterlərin Ali Məclisin lokal domeninə daxil edilməsini, kompüterlərə qoşulan qurğuların əməliyyat sisteminə tanıdılmasını və konfiqurasiya edilməsini həyata keçirmək, kompüterlərdə yaranan texniki və proqram problemlərini həll etmək;

8.0.26. Aparatın əməkdaşlarına informasiya texnologiyaları sahəsində əməli kömək göstərmək, proqram və texniki vasitələrin quraşdırılmasını təmin etmək;

8.0.27. Ali Məclisin lokal veb səhifəsinin və lokal məkanda çalışan digər ixtisaslaşmış veb səhifələrinin layihələndirlməsini, yaradılmasını, dizayn edilməsini, təkmilləşdirilməsini, yenilənməsini və onlara texniki dəstəyi həyata keçirmək;

8.0.28. Ali Məclisin rəsmi veb səhifəsinə texniki dəstəyi həyata keçirmək;

8.0.29. Ali Məclisin inzibati binasında olan informasiya sistemlərində qəza hallarının və səhvlərin təsirini azaltmaq və nəticələrini aradan qaldırmaq üçün tədbirlər görmək, sistemlərin ehtiyat surətlərinin çıxarılmasını və saxlanılmasını təmin etmək;

8.0.30. informasiya resurslarını arxivləşdirmək; 

8.0.31. xidməti kompüterlərə, daxili və internet şəbəkələrinə digər qurğuların və kompüterlərin icazəsiz qoşulmasının, onlara kənar müdaxilənin qarşısını almaq;

8.0.32. qanunvericiliklə yayılması qadağan edilmiş informasiyalar, dövlət sirri, digər məxfi məlumatlar saxlanılan xidməti kompüterlərin daxili və internet şəbəkələrinə qoşulmasının qarşısını almaq;

8.0.33. media nümayəndələrinin Aparatda akkreditasiyasını həyata keçirmək.

9. İqtisadi məsələlər şöbəsi

9.0. İqtisadi məsələlər şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:

9.0.1. Ali Məclisə təqdim edilmiş və şöbənin fəaliyyət istiqamətlərinə aid olan, yaxud Ali Məclisin müvafiq komitəsində və ya  şöbədə hazırlanmış qanun layihələrinə dair müqayisəli cədvəllər, izahlı arayışlar hazırlamaq və təqdim etmək;

9.0.2. qanunvericilik təşəbbüsü hüququ qaydasında Ali Məclisə təqdim edilmiş və şöbənin fəaliyyət istiqamətlərinə aid olan qanun layihələrinin Ali Məclisdə müzakirəsi zamanı yaranan məsələlərin qanunvericilik təşəbbüsü hüququ subyektinin nümayəndəsi ilə razılaşdırılmasında iştirak etmək;

9.0.3. Ali Məclisin müvafiq komitəsində və ya şöbədə hazırlanmış qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli qanunların (onların struktur elementlərinin) siyahısını tərtib etmək;

9.0.4. Ali Məclisin müvafiq komitəsində və ya şöbədə hazırlanmış qanun və qərar layihələrini elektron formada Aparatın müvafiq struktur bölmələrinə təqdim etmək;

9.0.5. Naxçıvan Muxtar Respublikası  büdcəsinin və büdcə zərfinə daxil olan sənədlərin, habelə dövlət büdcəsinin icrası ilə bağlı sənədlərin müzakirəsini əlaqələndirmək;

9.0.6. muxtar respublika iqtisadiyyatının ayrı-ayrı sahələrində dövlət siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak etmək;

9.0.7. Naxçıvan Muxtar Respublikasının iqtisadi siyasətinin, müvafiq sahədə dövlət proqramlarının işlənib hazırlanmasını təmin etmək və bu sahədə həyata keçirilən işləri əlaqələndirmək;

9.0.8. müvafiq sahədə dövlət proqramlarının icrası, o cümlədən sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən işləri təhlil etmək;

9.0.9. muxtar respublikada sahibkarlığın inkişafı və sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, o cümlədən haqsız rəqabət hallarının aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması və istehlak mallarının keyfiyyətinin təmin olunması sahələrində tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət etmək və işləri əlaqələndirmək;

9.0.10. dövlət büdcəsinin və büdcə zərfinə daxil olan digər sənədlərin layihələrini hazırlamaq;

9.0.11. nəqliyyat və rabitə sahələrində tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət etmək və işləri əlaqələndirmək;

9.0.12. enerji təhlükəsizliyi və enerji resurslarından səmərəli istifadə sahələrində tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət etmək və işləri əlaqələndirmək;

9.0.13. şəhərsalma və arxitektura sahələrində tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət etmək və işləri əlaqələndirmək;

9.0.14. texniki tənzimləmə, standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahələrində tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət etmək və işləri əlaqələndirmək;

9.0.15. kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini əlaqələndirmək, kənd təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılmasına dair təkliflər hazırlamaq;

9.0.16. baytarlıq təbabəti və fitosanitar sahədə müvafiq tədbirlərin həyata keçirilməsinə ümumi nəzarəti təmin etmək;

9.0.17. qida təhlükəsizliyinin təmin edilməsi və qida məhsullarının keyfiyyətinə nəzarətlə bağlı tədbirlər görülməsini təşkil etmək və bu tədbirlərin həyata keçirilməsini əlaqələndirmək;

9.0.18. ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və ərzaq məhsulları bazarında vəziyyəti öyrənmək və nəticələri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrini məlumatlandırmaq;

9.0.19. kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, onların emalının genişləndirilməsinə, idxalı əvəz edə biləcək sahələrin inkişaf etdirilməsinə, itkilərin qarşısının alınmasına, məhsulun keyfiyyətinin yüksəldilməsinə və onun ixracının stimullaşdırılmasına dair təkliflər hazırlamaq;

9.0.20. meliorasiya və irriqasiya sahəsinin inkişaf etdirilməsi üçün tədbirlər görülməsini təmin etmək;

9.0.21. torpaq fondundan səmərəli istifadə edilməsi məqsədilə tədbirlər görülməsini, torpaqların zərərli təbii və antropogen təsirlərdən qorunması texnogen çirklənmədən mühafizəsi, onların münbitliyinin artırılması ilə bağlı işlərin yerinə yetirilməsinə ümumi nəzarəti təmin etmək;

9.0.22. ətraf mühitin, təbii sərvətlərin, o cümlədən flora və faunanın ekoloji baxımdan qorunmasına, onların səmərəli istifadəsinə, artırılmasına və mühafizəsinə ümumi nəzarəti təmin etmək, bu fəaliyyəti əlaqələndirmək;

9.0.23. muxtar respublikanın iqtisadi potensialının artırılması, əlverişli biznes və investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədilə təhlillər aparmaq;

9.0.24. muxtar respublikada maliyyə, o cümlədən dövlət büdcəsi, vergi, pul-kredit və valyuta, bank, sığorta, qiymətli kağızlar bazarı, qiymətlərin tənzimlənməsi və digər sahələrdə dövlət siyasətinin həyata keçirilməsinə ümumi nəzarəti təmin etmək,  məsələ ilə bağlı aid dövlət qurumlarından məlumatlar, arayışlar və hesabatlar almaq;

9.0.25. sənayenin, o cümlədən onun ayrı-ayrı sahələrinin mövcud vəziyyətini təhlil etmək, gələcək inkişafını proqnozlaşdırmaq, sənaye sektorunun inkişaf prioritetlərinin müəyyən olunmasında və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək və bu istiqamətdə görülən işlərin həyata keçirilən iqtisadi islahatlarla əlaqələndirilməsini təmin etmək;

9.0.26. rəsmi statistikanın aparılmasına nəzarət etmək.

10. Humanitar siyasət məsələləri şöbəsi

10.0. Humanitar siyasət məsələləri şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:

10.0.1. Ali Məclisə təqdim edilmiş və şöbənin fəaliyyət istiqamətlərinə aid olan, yaxud Ali Məclisin müvafiq komitəsində və ya şöbədə hazırlanmış qanun layihələrinə dair müqayisəli cədvəllər, izahlı arayışlar hazırlamaq və təqdim etmək;

10.0.2. qanunvericilik təşəbbüsü hüququ qaydasında Ali Məclisə təqdim edilmiş və şöbənin fəaliyyət istiqamətlərinə aid olan qanun layihələrinin Ali Məclisdə müzakirəsi zamanı yaranan məsələlərin qanunvericilik təşəbbüsü hüququ subyektinin nümayəndəsi ilə razılaşdırılmasında iştirak etmək;

10.0.3. Ali Məclisin müvafiq komitəsində və ya şöbədə hazırlanmış qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı, dəyişdirilməli və ya ləğv edilməli qanunların (onların struktur elementlərinin) siyahısını tərtib etmək;

10.0.4. Ali Məclisin müvafiq komitəsində və ya şöbədə hazırlanmış qanun və qərar layihələrini elektron formada Aparatın müvafiq struktur bölmələrinə təqdim etmək;

10.0.5. təhsil, səhiyyə, elm, mədəniyyət, ailə, qadın və uşaq problemləri, gənclər siyasəti və idman, multikulturalizm və din, yaradıcılıq ittifaqları və birlikləri, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə iş aparılması sahəsində, eləcə də muxtar respublikanın ictimai-siyasi həyatı üçün xüsusi əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində iştirak etmək;

10.0.6.

10.0.7. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirləri əlaqələndirmək və təşkilinə nəzarət etmək;

10.0.8. mədəni irsin və mədəni sərvətlərin qorunması, inkişafı və təbliği sahəsində fəaliyyəti əlaqələndirmək;

10.0.9. arxiv işini əlaqələndirmək və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin etmək;

10.0.10. muxtar respublikada turizm potensialından istifadə imkanlarının artırılması, turizm fəaliyyətinin stimullaşdırılması, turizmin müxtəlif növlərinin müvafiq turizm marşrutları yaradılmaqla təşviq edilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində təşkilati işləri əlaqələndirmək;

10.0.11.

10.0.12. multikulturalizm və dini məsələlərlə bağlı dövlət siyasətinin həyata keçirilməsində mərkəzi icra hakimiyyəti və digər dövlət orqanlarının (qurumlarının) (yerli icra hakimiyyəti orqanları istisna olmaqla) fəaliyyətini əlaqələndirmək və bu işə ümumi nəzarəti təmin etmək;

10.0.13. gənclərin hərtərəfli inkişafını və cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatın yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarət etmək və bu sahədə görülən işləri əlaqələndirmək;

10.0.14. aztəminatlı ailələrdə yaşayan, şəhid övladları, məhdud fiziki imkanlılar, valideyn himayəsindən məhrum olmuş  gənclərin dəstəklənməsi məqsədilə icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək və bu sahədə xüsusi proqramların həyata keçirilməsinə dair təkliflər vermək;

10.0.15. gənclər təşkilatlarının gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırladıqları layihələrin müsabiqə əsasında seçilməsinin və dövlətin bu məqsədlərə ayırdığı maliyyə vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsinə, həmçinin bununla bağlı gənclər təşkilatlarına ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirmək;

10.0.16. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun fəaliyyətini əlaqələndirmək;

10.0.17. gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi və praktikada tətbiqi üçün zəmin yaratmaq;

10.0.18.

10.0.19. bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsinə kömək göstərmək və bu sahədə görülən işləri əlaqələndirmək;

10.0.20. yaşayış yerlərində bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün bədən tərbiyəsi-sağlamlıq mərkəzlərinin, idman meydançalarının və tədris müəssisələrində sadə idman komplekslərinin yaradılması ilə bağlı işlərin həyata keçirilməsinə kömək göstərmək;

10.0.21. müvafiq qurumların, aidiyyəti icra hakimiyyəti və digər dövlət orqanlarının fəaliyyəti, habelə müvafiq sahədə mühüm olan digər məsələlər barədə ictimai rəyi öyrənmək və ümumiləşdirərək nəticələri haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat vermək;

10.0.22.

11. Deputatlarla, komitələrlə və komissiyalarla iş şöbəsi

11.0. Deputatlarla, komitələrlə  və komissiyalarla iş şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:

11.0.1. Ali Məclisin növbəti və növbədənkənar sessiyaları dövründə iclaslarının, onun komitə və komissiyalarının iclaslarının keçirilməsini təşkil etmək;

11.0.2. Ali Məclisdə işçi qruplarının iclaslarının, ictimai müzakirələrin və ictimai dinləmələrin keçirilməsini təşkil etmək;

11.0.3. Ali Məclis sədrinin, onun müavinlərinin, komitə və komissiyaların sədrlərinin və sədr müavinlərinin, habelə Ali Məclisin deputatlarının iştirakı ilə Ali Məclisdə rəsmi tədbirlərin keçirilməsini təşkil etmək;

11.0.4. Ali Məclisin hər çağırışı üzrə deputat siyahılarını tərtib etmək;

11.0.5. Ali Məclisin iclaslarında deputatların iştirakını qeydə almaq;

11.0.6. Ali Məclisdə yaradılan deputat fraksiyalarını (qruplarını) qeydiyyatdan keçirmək;

11.0.7. Ali Məclisin deputatlarına Ali Məclisin növbəti və növbədənkənar sessiyalarının iclasları, komitə və komissiyaların iclasları və digər tədbirlər barədə məlumat vermək;

11.0.8. Ali Məclisin, onun komitə və komissiyalarının, işçi qruplarının iclaslarına, ictimai dinləmələrə və Ali Məclisdə keçirilən digər tədbirlərə dair sənədləri çap edib çoxaldır və paylayır, deputatları, iclaslara və dinləmələrə dəvət olunan şəxsləri sənədlərlə təmin etmək;

11.0.9. Ali Məclisin komitə və komissiyaların iclaslarının protokollarını, qərarlarını və rəylərini tərtib etmək;

11.0.10. deputatların sorğu və məktublarının aidiyyəti üzrə göndərilməsini təmin etmək;

11.0.11. deputatlara ünvanlanmış korrespondensiyanı (məktublar, dəvətnamələr, toplular, məlumatlar və s.) aidiyyəti üzrə çatdırmaq;

11.0.12. üzrlü səbəbdən Ali Məclisin iclaslarında iştirak edə bilməyən Ali Məclisin deputatlarından qabaqcadan məlumat almaq.

12. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

12.0. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vəzifələri aşağıdakılardır:

12.0.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fəaliyyətini sənədlərlə iş sahəsində təmin etmək;

12.0.2. Aparatda, həmçinin dövlət orqanlarında kargüzarlıq işinin aparılmasına nəzarət etmək;

12.0.3. idarələrarası elektron sənəd dövriyyəsi sisteminin fəaliyyətini təmin etmək;

12.0.4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Ali Məclisin fəaliyyətini əks etdirən sənədləri, habelə Aparatın struktur bölmələrinin icrası başa çatdırılmış sənədlərini arxiv üçün qəbul etmək, sistemləşdirmək, onların mühafizəsini və istifadəsini təmin etmək;

12.0.5. Aparatda kargüzarlığın aparılmasına, korrespondensiyanın qəbul edilməsinin və işlənməsinin, sənədlərin tərtib edilməsinin müəyyən olunmuş qaydalarına əməl olunmasına nəzarət etmək, bu işlərdə Aparatın struktur bölmələrinə metodiki yardım göstərmək;

12.0.6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq Aparatda məxfi sənədlərlə işi təmin etmək;

12.0.7. Aparatda məxfiləşdirilməli olan məlumatların siyahısı və hər hansı məlumatın xidməti istifadə üçün nəzərdə tutulması barədə aidiyyəti üzrə təkliflər vermək;

12.0.8. Aparatın struktur bölmələrində sənədlərlə işi təşkil etmək;

12.0.9. Aparatın struktur bölmələrində kargüzarlığın aparılması işinin vəziyyəti barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə məlumat vermək;

12.0.10. dövlət orqanlarında sənədlərlə işin təşkilinin təkmilləşdirilməsi və müsbət təcrübənin öyrənilməsi məqsədilə seminar-müşavirələr və treninqlər keçirmək;

12.0.11. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı qanun, fərman və sərəncamları qeydiyyatdan keçirmək, Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün kağız və elektron formada Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərmək;

12.0.12. Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarının surətlərini aidiyyəti qurumlara və dərc olunması üçün mediaya göndərmək;

12.0.13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarında, dərkənarlarında, keçirdiyi müşavirə və görüşlərdə verilən və icrası barədə məlumat tələb edilən, habelə şöbəyə həvalə olunmuş digər tapşırıqların icrasına nəzarət etmək;

12.0.14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məktub, müraciət və teleqramlarını qeydiyyatdan keçirmək, onların müvafiq ünvanlara göndərilməsini təmin etmək, göndərilən sənədlərə baxılma müddətlərinə riayət edilməsini və nəticəsi barədə məlumat verilməsini tələb etmək;

12.0.15. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə şəxsən təqdim olunan müraciətləri onun tapşırığı ilə baxılmaq üçün Aparatın müvafiq struktur bölmələrinə və ya qanunla müəyyən edilmiş qaydada dövlət orqanlarına və qurumlarına göndərmək, həmin müraciətlərə baxılma ilə əlaqədar daxil olmuş cavab məktublarını təhlil etmək və baxılmanın nəticələri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə məlumat vermək;

12.0.16. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə daxil olan xidməti sənədləri mərkəzləşdirilmiş qaydada qəbul etmək, qeydiyyata almaq və uçota götürmək, həmin sənədləri məzmunundan asılı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinə və Aparat rəhbərinə təqdim etmək, onların dərkənarı və ya göstərişi əsasında Aparatın müvafiq struktur bölmələrinin rəhbərlərinə, həlli müvafiq dövlət orqanlarının, habelə digər təşkilatların bilavasitə səlahiyyətlərinə aid olan və operativ münasibət bildirilməsini tələb edən məsələlər barəsində daxil olmuş sənədləri şöbə müdirinin müşayiət məktubu ilə aidiyyəti üzrə göndərmək;

12.0.17. şəxslərin şöbəyə daxil olan müraciətlərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavininin və Aparat rəhbərinin dərkənarı əsasında baxmaq və ya qanuna uyğun olaraq baxılmaq üçün aidiyyəti dövlət orqanlarına göndərmək, göndərilən müraciətlərə baxılma müddətlərinə riayət edilməsini və nəticəsi barədə məlumat verilməsini tələb etmək;

12.0.18. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin edilmiş şəxsləri və ixtisas dərəcələri verilmiş şəxsləri vəsiqələrlə təmin etmək;

12.0.19. şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, şəxslərin müraciətlərində qaldırılan məsələlər üzrə təhlillər aparmaq, analitik-informasiya və hesabat xarakterli sənədlər hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etmək;

12.0.20. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin səfərləri, görüşləri, qəbulları, müxtəlif tədbirlərdə iştirakı barədə sənədlərin (materialların), üzərində Ali Məclis Sədrinin dərkənarı olan sənədlərin əslinin, Ali Məclis Sədrinin imzaladığı sənədlərin isə (hüquqi aktlar istisna olmaqla) surətlərinin mühafizəsini və istifadəsini təmin etmək;

12.0.21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ünvanına daxil olmuş təbrik, təşəkkür və başsağlığı məktublarının, dəvətnamələrin qəbulunu, sistemləşdirilməsini və arxivdə saxlanılmasını təmin etmək;

12.0.22. Aparatın struktur bölmələrində 5 il ərzində saxlanılan və icrası başa çatdırılmış sənədlərin Aparat rəhbərinin təsdiq etdiyi cədvəl üzrə Aparatın Arxivinə təhvil verilməsini təşkil və təmin etmək;

12.0.23.

12.0.24. feldyeger rabitəsi sahəsində muxtar respublikada fəaliyyət göstərən bölmənin işini əlaqələndirmək, Aparata daxil olan və Aparatdan göndərilən korrespondensiyanın bu bölmə vasitəsilə qəbul edilməsinə və göndərilməsinə nəzarət etmək;

12.0.25. Aparat rəhbərinin tapşırığına əsasən, Aparatın digər struktur bölmələrində fiziki və hüquqi şəxslərin (rəsmi şəxslər istisna olmaqla) müraciətləri ilə işin vəziyyətini yoxlamaq;

12.0.26. müvafiq sənəd blanklarının hazırlanmasını və istifadəsini təşkil etmək;

12.0.27. Aparatın surətçıxarma-çoxaltma işlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə rəhbərlik etmək;

12.0.28. Aparatın ştat cədvəlinin təsdiqi, onda dəyişiklik edilməsi, habelə vəzifəyə təyinetmə, vəzifədən azadetmə, dövlət qulluqçularına ixtisas dərəcələri verilməsi, işçilərin mükafatlandırılması və intizam məsuliyyətinə cəlb edilməsi, ezamiyyət və məzuniyyət, aidiyyəti struktur bölmələrinin rəy və ya təklifləri alınmaqla etik davranış qaydalarına və nizam-intizama nəzarət məsələləri ilə bağlı Aparat rəhbərinin səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək, bu məqsədlə müvafiq sənədləşdirmə işlərini aparmaq;

12.0.29. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, habelə təltif edilən şəxslərin, Aparatda vəzifəyə təyin və vəzifədən azad edilən işçilərin, həmçinin vəzifəyə təyin edilməsi üçün razılaşdırılma aparılan vəzifəli şəxslərin və Aparat rəhbərinin tapşırığına əsasən digər şəxslərin şəxsi işlərini aparmaq.

13. Vətəndaşların qəbulu sektoru

13.0. Vətəndaşların qəbulu sektorunun vəzifələri aşağıdakılardır:

13.0.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və Aparatın fəaliyyətini fiziki və hüquqi şəxslərin (bundan sonra bu hissədə - şəxslər) müraciətləri ilə iş sahəsində təmin etmək;

13.0.2. şəxslərin Aparata daxil olmuş müraciətlərinin qəbulunu və onlara baxılmanı təmin etmək, icrasını nəzarətə götürmək;

13.0.3. Aparatın Qəbul otağının gündəlik işini, həmçinin şəxslərin Aparatın aid struktur bölmələri tərəfindən fərdi qəbulunu təşkil etmək, uçotunu aparmaq və onların müraciətlərinə baxılmaya nəzarət etmək;

13.0.4. Aparat rəhbərini şəxslərin müraciətlərinin təhlili və fərdi qəbulunun nəticələri əsasında hazırlanmış materiallarla gündəlik təmin etmək;

13.0.5. şəxslərdən telefon vasitəsilə daxil olan şifahi sorğuların mərkəzləşdirilmiş qaydada qəbulu, onların məlumatlandırılması və aidiyyəti üzrə istiqamətləndirilməsini təmin etmək.

14. Protokol sektoru

14.1. Protokol sektorunun vəzifələri aşağıdakılardır:

14.1.1. Ali Məclisin sədri tərəfindən dövlət təltiflərinin verilməsi mərasimini təşkil etmək;

14.1.2. Ali Məclis sədrinin dövlət bayramları münasibətilə bayram tədbirlərində, matəm mərasimlərində iştirakını təşkil etmək;

14.1.3. Ali Məclis sədrinin iştirakı ilə keçirilən tədbirlərin formatını müəyyən etmək;

14.1.4. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Ali Məclis sədrinin iştirakı ilə keçirilən kütləvi tədbirlərin yerini müəyyən etmək və proqramının layihələrini hazırlamaq;

14.1.5. Ali Məclisin sədrinin iştirakı ilə keçirilən tədbirlərin hazırlanmasına və keçirilməsinə cəlb edilmiş dövlət orqanlarını (qurumlarını) və təşkilatları tədbir barədə məlumatlandırmaq;

14.1.6. Ali Məclisin iclaslarının protokollarının düzgünlüyünü yoxlamaq, onların son mətnlərini hazırlamaq və imzalanmağa təqdim etmək;

14.1.7. Ali Məclisin iclaslarının stenoqramlarını yazmaq və dərc olunması üçün Aparatın müvafiq şöbəsinə təhvil vermək.

14.2. Protokol sektoru Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

14.2.1. Ali Məclis Sədrinin beynəlxalq fəaliyyəti zamanı təşkilati protokol, informasiya-analitik, pasport və viza məsələlərini həll edir;

14.2.2. Ali Məclis Sədrinin beynəlxalq təşkilatların, xarici dövlətlərin nümayəndə heyətləri ilə görüşlərini təşkil edir;

14.2.3. Ali Məclis Sədrinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən diplomatik korpusla qarşılıqlı əlaqələrini təmin edir;

14.2.4. Ali Məclis Sədrinin iştirak etdiyi beynəlxalq tədbirlərlə bağlı tezisləri, xidməti qeydləri və digər sənədləri hazırlayır.

15. Maliyyə-təminat şöbəsi

15.0. Maliyyə-təminat şöbəsinin vəzifələri aşağıdakılardır:

15.0.1. Ali Məclisin avtomobil parkının lazımi qaydada saxlanmasını və fəaliyyətini, o cümlədən avtonəqliyyat vasitələrinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını, avtonəqliyyat vasitələrinin gündəlik təmir və profilaktika işlərinin aparılmasını, onlar üçün zəruri ehtiyat hissələrinin, mütəxəssis-sürücülərə yol vərəqələrinin, habelə yanacaq alınması üçün kartların verilməsini təmin edir, yanacaq-sürtkü materiallarının sərfinə nəzarət edir;

15.0.2. Ali Məclis sədrinə, onun müavinlərinə, Aparatın rəhbərinə və şöbə müdirlərinə, Ali Məclis sədrinin köməkçilərinə, beynəlxalq tədbirlərlə əlaqədar Ali Məclisə gələn rəsmi nümayəndə heyətlərinə avtomobil nəqliyyatı xidmətləri göstərilməsini təmin edir;

15.0.3. mütəxəssis-sürücülərin və xadimələrin müntəzəm tibbi müayinədən keçirilməsini təmin edir;

15.0.4. Ali Məclisin xərclər smetası ilə bağlı proqnozlar hazırlayır;

15.0.5. Aparatın  fəaliyyətini maliyyə-təsərrüfat və mühasibat uçotu sahəsində təmin edir;

15.0.6. maddi, əmək, maliyyə vasitələrindən qənaətli istifadəni və Ali  Məclisin əmlakının qorunmasına nəzarəti təmin edir;

15.0.7. əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların, təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini, onların müəyyənləşdirilmiş müddətlərdə tərtib və təqdim olunmasını həyata keçirir;

15.0.8. qanunvericiliklə nəzərdə tutulmuş gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparır;

15.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını vergi orqanlarına təqdim edir;

15.0.10. mühasibat sənədlərini, vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədləri, habelə çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədləri qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlayır;

15.0.11. bank hesabları üzrə aparılan maliyyə və hesablaşma əməliyyatlarının operativ uçotunu aparır;

15.0.12. müqavilələr əsasında tərəfdaşların göstərdikləri xidmətlərin vaxtında ödənilməsini təmin edir;

15.0.13. xəzinə, təsərrüfat və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-maddi aktivlərin, az qiymətli əşyaların, material ehtiyatlarının uçotunu və hesab-faktura uçotunu aparır.

15.0.14. balansda olan dövlət əmlakının lazımi vəziyyətdə saxlanması üçün tədbirlər görür;

15.0.15. balansda olan əmlakla bağlı aktivləri və öhdəlikləri hər il inventarlaşdırır.

15.0.16. Ali Məclisin  maddi-texniki təchizatını həyata keçirir;

15.0.17. Ali  Məclisin inzibati binasında təmizlik işlərini həyata keçirir.

15.0.18. Ali Məclisin, onun komitə və komissiyalarının iclaslarının, Ali Məclisin Sədrinin və müavinlərinin rəhbərlik etdikləri digər tədbirlərin, habelə Aparatda təşkil edilən görüşlərin keçirilməsinə kömək göstərir;

15.0.19. Ali Məclisə gələn qonaqların qarşılanması və yola salınması işlərinə kömək göstərir.