30.06.2026 07:31
AZ | EN
Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında

19 iyun 2026-cl il

 

Layihə

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

 

Q A N U N U

 

Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında

 

Bu Qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının fəxri adları, onların verilməsi əsasları və qaydası, fəxri adlardan istifadə, fəxri adlardan məhrumetmə halları, habelə bu sahədə yaranan digər hüquqi münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. Naxçıvan Muxtar Respublikasının fəxri adı - mədəniyyət, ədəbiyyat, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, habelə dövlət qulluğu və hüquq sahəsində (bundan sonra - müvafiq sahə) xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən verilən dövlət təltifi;

1.1.2. fəxri adın verilməsi - bu Qanunla müəyyən edilmiş qaydada şəxsin müvafiq fəxri adla təltif edilməsi barədə qərarın qəbul edilməsi;

1.1.3. fəxri adın vəsiqəsi - fəxri adın verilməsini təsdiq edən rəsmi sənəd;

1.1.4. fəxri adın döş nişanı - fəxri ada layiq görülmüş şəxslərə təqdim olunan və həmin adı ifadə edən fərqləndirici nişan.

Maddə 2. Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında qanunvericilik

Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

Bu Qanunun müddəaları Azərbaycan Respublikasının vətəndaşlarına, habelə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Maddə 4. Naxçıvan Muxtar Respublikasının fəxri adları

4.1. Müvafiq sahədə verilən Naxçıvan Muxtar Respublikasının fəxri adları aşağıdakılardır:

4.1.1. Naxçıvan Muxtar Respublikasınınəməkdar incəsənət xadimi;

4.1.2. Naxçıvan Muxtar Respublikasınınəməkdar artisti;

4.1.3. Naxçıvan Muxtar Respublikasınınəməkdar rəssamı;

4.1.4. Naxçıvan Muxtar Respublikasınınəməkdar mədəniyyət işçisi;

4.1.5. Naxçıvan Muxtar Respublikasınınəməkdar müəllimi;

4.1.6. Naxçıvan Muxtar Respublikasınınəməkdar həkimi;

4.1.7. Naxçıvan Muxtar Respublikasınınəməkdar memarı;

4.1.8. Naxçıvan Muxtar Respublikasınınəməkdar dövlət qulluqçusu;

4.1.9. Naxçıvan Muxtar Respublikasınınəməkdar bədən tərbiyəsi və idman xadimi;

4.1.10. Naxçıvan Muxtar Respublikasınınəməkdar jurnalisti;

4.1.11. Naxçıvan Muxtar Respublikasınınəməkdar mühəndisi;

4.1.12. Naxçıvan Muxtar Respublikasınınəməkdar hüquqşünası;

4.1.13. Naxçıvan Muxtar Respublikasınınəməkdar kənd təsərrüfatı işçisi;

4.1.14. Naxçıvan Muxtar Respublikasınınəməkdar tibb işçisi.

Maddə 5. Naxçıvan Muxtar Respublikasının fəxri adlarının verilməsi əsasları və müddətləri

5.1. “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı görkəmli, bədii cəhətdən yüksək musiqi, dramaturgiya əsərləri, habelə tamaşalar, kinofilmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və Azərbaycan incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlara, rejissorlara, dirijorlara, dramaturqlara, ssenaristlərə, kinooperatorlara, sənətşünaslara və ədəbiyyatşünaslara verilir.

5.2. “Naxçıvan Muxtar Respublikasının əməkdar artisti” fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio proqramları diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.

5.3. “Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı” fəxri adı mühüm sənət əsərləri yaratmış rəngkarlara, heykəltaraşlara, qrafiklərə, dekorativ-tətbiqi sənət rəssamlarına Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə verilir.

5.4. “Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio proqramlarının, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilir.

5.5. “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə və təhsil sisteminin digər işçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.

5.6. “Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi” fəxri adı səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilir.

5.7. “Naxçıvan Muxtar Respublikasının əməkdar dövlət qulluqçusu” fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən dövlət qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.

5.8. “Naxçıvan Muxtar Respublikasının əməkdar memarı”fəxri adı Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilir.

5.9. “Naxçıvan Muxtar Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir.

5.10. “Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti” fəxri adı uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və media subyektlərinin rəhbərlərinə verilir.

5.11. “Naxçıvan Muxtar Respublikasının əməkdar mühəndisi” fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi müəssisə və təşkilatlarda və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı on beş il işləmiş mühəndislərə verilir.

5.12. “Naxçıvan Muxtar Respublikasının əməkdar hüquqşünası” fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elmi müəssisə və təşkilatlarda, təhsil sahəsində, habelə digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı on beş il işləmiş hüquqşünaslara verilir.

5.13. “Naxçıvan Muxtar Respublikasının əməkdar tibb işçisi” fəxri adı yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilir.

5.14. “Naxçıvan Muxtar Respublikasının əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı kənd təsərrüfatının inkişafında xüsusi xidmət göstərmiş və bu sahədə yüksək nailiyyət əldə etmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına, emalçılarına, aqrar sahədə fəaliyyət göstərən elmi tədqiqat institutlarının, aqrar sahənin xidmət təşkilatlarının işçilərinə, aqrar sahəni idarəetmə orqanlarının əməkdaşlarına verilir.

5.15. Naxçıvan Muxtar Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.

5.16. Naxçıvan Muxtar Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, təqdim edilə bilər.

Maddə 6. Naxçıvan Muxtar Respublikasının fəxri adlarının verilməsi qaydası

6.1. Naxçıvan Muxtar Respublikasının fəxri adını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri öz təşəbbüsü ilə, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında verir.

6.2. Naxçıvan Muxtar Respublikasının fəxri adının verilməsi haqqında yuxarı orqan və ya təşkilat qarşısında vəsatət fəxri ada təqdim edilən şəxsin işlədiyi əmək kollektivində qaldırılır.

Maddə 7. Naxçıvan Muxtar Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı

7.1. Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərə Naxçıvan Muxtar Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunur.

7.2. Naxçıvan Muxtar Respublikasının fəxri adının vəsiqəsini və onun döş nişanını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, yaxud onun vəkil etdiyi digər şəxslər təntənəli və geniş aşkarlıq şəraitində təqdim edirlər.

7.3. Naxçıvan Muxtar Respublikasının fəxri adlarının vəsiqələri və döş nişanları Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində, yaxud fəxri ad alan şəxslərin işlədikləri əmək kollektivlərində, müxtəlif müşavirələrdə, toplantılarda və digər yığıncaqlarda təqdim edilir.

7.4. Naxçıvan Muxtar Respublikasının fəxri adının vəsiqəsinin və döş nişanının təqdim edilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri adın vəsiqəsini və döş nişanını təqdim etmiş şəxs imzalayır və protokola təqdimetməni keçirən orqanın möhürü vurulur.

7.5. Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş vətəndaşlar fəxri adların döş nişanlarını sağ döşə taxırlar.

7.6. Naxçıvan Muxtar Respublikasının fəxri adını almış şəxslər öldükdə fəxri adın vəsiqəsi və döş nişanı yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir. Naxçıvan Muxtar Respublikasının fəxri adını almış şəxs öldükdə vərəsələrinin razılığı ilə onun fəxri adının vəsiqəsi və döş nişanı saxlamaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.

Naxçıvan Muxtar Respublikasının fəxri adını almış şəxs öldükdə vərəsələri olmazsa, onun fəxri adının vəsiqəsi və döş nişanı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə qaytarılır.

7.7. Naxçıvan Muxtar Respublikasının fəxri adını almış şəxslər onların qorunmasının qayğısına qalmalıdırlar. Fəxri adın vəsiqəsi və döş nişanı itirildikdə həmin şəxslər öz hüquqlarını saxlayırlar.

7.8. Naxçıvan Muxtar Respublikasının fəxri adlarının vəsiqələri və döş nişanlarının hazırlanması məqsədilə hər il Naxçıvan Muxtar Respublikasının büdcəsində əlavə vəsait nəzərdə tutulur.

Maddə 8. Naxçıvan Muxtar Respublikasının fəxri adlarının vəsiqələri və döş nişanlarının təsviri

8.1. Naxçıvan Muxtar Respublikasının fəxri adının vəsiqəsinin nümunəsi və fəxri adının döş nişanının təsviri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən müəyyən edilir.

8.2. Naxçıvan Muxtar Respublikasının fəxri adlarının vəsiqələrinə və döş nişanlarına zahirən bənzəyən vəsiqələrin və döş nişanlarının təsis olunması və hazırlanması qadağandır.

Maddə 9. Naxçıvan Muxtar Respublikasının fəxri adlarına görə aylıq təqaüdün  verilməsi

9.1. Fəxri adlara görə aylıq təqaüdün məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.2. Fəxri adlara görə aylıq təqaüd müvafiq icra hakimiyyəti orqanı tərəfindən Naxçıvan Muxtar Respublikasının büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Maddə 10. Naxçıvan Muxtar Respublikasının fəxri adlarından məhrum etmə

10.1. Naxçıvan Muxtar Respublikasının fəxri adını almış şəxs fəxri addan yalnız aşağıdakı hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə məhrum edilir:

10.1.1. fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda - həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;

10.1.2. fəxri ad almış şəxs bu ada xələl gətirə biləcək hərəkətlərə yol verdikdə - fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən.

10.2. Naxçıvan Muxtar Respublikasının fəxri adından məhrum edilmiş şəxsə məxsus olan fəxri adın vəsiqəsi və döş nişanı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə qaytarılmalıdır.

Maddə 11. Keçid müddəaları

11.1. Bu Qanun qüvvəyə mindiyi günə qədər verilmiş fəxri adlar onları almış şəxslər üçün öz qüvvəsini saxlayır və Naxçıvan Muxtar Respublikasının fəxri adları hesab olunur.

11.2. Bu Qanunun 9-cu maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının fəxri adlarına görə aylıq təqaüdün məbləği bu Qanun qüvvəyə mindiyi günə qədər verilmiş Naxçıvan Muxtar Respublikasının fəxri adları barəsində də tətbiq edilir.

   

    Naxçıvan Muxtar Respublikası

    Ali Məclisi sədrinin birinci müavini                                   BƏXTİYAR MƏMMƏDOV

Qanun layihəsinin müzakirəsində iştirak edin
Bot olmadığınızı təsdiq edin