Prezidentin fərmanı Naxçıvan teleradiosunun daha sürətli inkişafına stimul kimi dəyərləndirilib
Avqustun 15-də “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Prezident İlham Əliyevin “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərmanı ilə bağlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov çıxış ediblər. Çıxışlarda Naxçıvan teleradiosuna göstərilən yüksək qayğıya və böyük etimada görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.
Tədbirdə Naxçıvan televiziyasının baş redaktorları Röyal Məmiyev, Anar Tağıyev və Nicat Quliyev göstərilən diqqətə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.