Naxçıvanda Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunub
Naxçıvanda Ümumdünya Mətbuat Azadlığı Günü münasibətlə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Naxçıvan Dövlət Texniki Kollecində “Mətbuat və söz azadlığı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov, informasiya sahibi olan dövlət orqanlarının əməkdaşları, media nüməyəndələri, o cümlədən Naxçıvan Dövlət Texniki Kollecinin müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, videoçarx izlənilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bu əlamətdar günün əhəmiyyətindən və muxtar respublikada mətbuat azadlığı sahəsində həyata keçirilən tədbirlər barəsində danışıblar.