Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub
Avqustun 30-da Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə konsulluğun iqamətgahında Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Ali Məclisin deputatları və aparatın əməkdaşları, dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qardaş xalqlarımızın şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.
Sonra Türkiyə xalqının zəfər tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya qonaqları salamlayıb, böyük öndər Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı Naxçıvanda bayramı birgə qeyd etməkdən məmnunluğunu ifadə edib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxuyub.
Sonda Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanmış Türkiyənin şanlı hərb tarixindən bəhs edən videoçarx nümayiş olunub.