21.11.2024 13:07

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib
09 may 2024 - 17:54
958

Mayın 9-da Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə güllər düzülüb, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.

Məktəblə tanışlıq zamanı binada yaradılan müasir tədris şəraiti barədə məlumat verilib. Bildirilib ki, şagirdlərin hərtərəfli biliyə yiyələnməsi ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdə saxlanılır. Bu məqsədlə foyedə məktəbin məzunu olmuş vətən oğulları Sahil Məmmədov, Raqib Hüseynov və digər şəhidlərimizin xatirəsinə guşələr yaradılıb, sinif otaqlarına şəhidlərimizin adı verilib.

Gənclik mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Heydər Əliyev adına tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunan Məlahət Rüstəmova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva və məktəbin məzunlarından olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Kamran Mehbalıyev çıxış ediblər.

Sonra Heydər Əliyev adına tam orta məktəbin müxtəlif ali təhsil müəssisələrində, o cümlədən ölkə hüdudlarından kənarda təhsillərini və fəaliyyətini davam etdirən məzunlarının videomüraciətləri izlənilib.

Tədbirdə yubileyi münasibətilə məktəbin təltif olunan bir qrup müəlliminə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adının döş nişanları və vəsiqələri, eləcə də təhsilin inkişafında xidmətlərinə görə Təhsil Nazirliyinin fəxri fərmanı və təşəkkürnamələri təqdim olunub.

Tədbir məktəbin şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.

Qeyd edək ki, tədbirdə məktəbin yetirmələri olan şəhidlərin ailələri də iştirak ediblər.