20.04.2026 11:08
AZ | EN

Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumu keçirilib

Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumu keçirilib
04 dekabr 2025 - 10:38
437

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Türkiyə Palatalar və Birjalar Birliyinin, Qars Ticarət və Sənaye Palatasının, “Cahan Holding” və “Marsol Group”un dəstəyi ilə keçirilən foruma Azərbaycan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri, Qars, İğdır, Ərdahan, Ərzurum kimi bölgələrin valiliklərinin, bələdiyyə və ticarət palatalarının təmsilçiləri, eləcə də, ümumilikdə, 200-dən çox iş adamı qatılıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.

Forumun açılış tədbirində Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Forumu dövlət başçılarının müəyyən etdiyi kursun ardıcıl davamı kimi qiymətləndirən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov iki ölkənin siyasi birliyinin iqtisadi tərəfdaşlığı daha da gücləndirdiyini qeyd edib. Bildirib ki, Naxçıvan Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir. Bölgənin strateji əhəmiyyətinin artdığını vurğulayan səlahiyyətli nümayəndə qeyd edib ki, 2025-ci ilin yanvar-oktyabr ayları üzrə iqtisadi göstəricilər regionda inkişaf tempinin sürətləndiyini göstərir. Naxçıvanın son illərdə əldə etdiyi mühüm nailiyyətlərin əsasında Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” dayanır. Sənəd Naxçıvanın innovasiyaya əsaslanan, rəqabətqabiliyyətli və müasir infrastruktur üzərində qurulan iqtisadi modelə keçidini təmin edir. Xüsusilə sənaye parkları, logistika imkanları, gömrük-vergi mexanizmləri və bərpa olunan enerji layihələri bu baxımdan prioritet istiqamətlərdir.

Ceyhun Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək. Zəngəzur dəhlizi türk dövlətləri arasında inteqrasiyanı yeni mərhələyə daşıyacaq.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti, Azərbaycan-Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev çıxışlarında ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafı, iki ölkənin iş adamları arasında əməkdaşlıq, biznes və investisiya qoyuluşu üçün imkanlardan bəhs ediblər. Qeyd olunub ki, logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində atılan qarşılıqlı addımlar bölgədə iqtisadi dinamikanın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının açılmasına töhfə verir. Xüsusilə Naxçıvanın regional əməkdaşlıq baxımından yaratdığı imkanlar biznes dairələri üçün böyük perspektivlər açır.

Çıxışlarda, həmçinin ticarət, xüsusilə sərhədyanı ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu, biznesin bu imkanlardan səmərəli istifadəsinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Forumda Türkiyənin Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan, Ərdahan valisi Hayrettin Çiçek, Türkiyə Palatalar və Birjalar Birliyi İdarə Heyətinin üzvü, Ərzurum Ticarət və Sənaye Palatasının sədri Saim Özakalın, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan və Qars Bələdiyyəsinin sədri Ötüken Senger bölgədə iqtisadi əməkdaşlığın önəmini və sərhədyanı biznes imkanlarını vurğulayıb, təmsil etdikləri vilayətlərin Azərbaycan, xüsusilə də Naxçıvanla əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu və ortaq layihələrin regionun davamlı iqtisadi inkişafına töhfə verəcəyini qeyd ediblər.

Qeyd edək ki, forumun məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də hər iki ölkənin regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların diqqətə çatdırılması, eləcə də Naxçıvan Muxtar Respublikasının biznes və investisiya imkanları barədə türk iş adamlarının məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir. Forum çərçivəsində Naxçıvanın investisiya, ticarət və logistika imkanları barədə təqdimat nümayiş etdirilib, iki ölkənin iş adamları arasında “B2B” görüşlər keçirilib. Həmçinin türkiyəli iş adamları səfər çərçivəsində Naxçıvanda fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.
 


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumunda iştirak edən Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan səlahiyyətli nümayəndə forumun qarşılıqlı ticarət və iqtisadi əlaqələrin daha dərindən inkişafı baxımından əhəmiyyətinə toxunub. Ceyhun Cəlilov bildirib ki, Prezident cənab İlham Əliyev Naxçıvana xüsusi diqqət ayırır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” icra olunur. Növbəti ildən başlayaraq Azad İqtisadi Zona elan edilən muxtar respublikada sahibkarlar 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, eləcə də gömrük rüsumlarından azad ediləcək. Bu islahatlar yerli iş adamları ilə yanaşı, türkiyəli investorlar üçün də əlverişli biznes mühiti yaradacaq.

Xüsusilə ölkə başçısının səyləri nəticəsində bölgədə sülh prosesinin başlanması, Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar Naxçıvanı mühüm logistika və turizm mərkəzinə çevirəcək. Səlahiyyətli nümayəndə türkiyəli iş adamlarını fəal işbirliyinə dəvət edib.

Qars valisi Ziya Polat, İğdır valisi  Ercan Turan və Ərdahan valisi Hayrettin Çiçek səmimi qəbula görə təşəkkür edib, qarşılıqlı səfərlərin əlaqələrin daha dərin müstəvidə inkişafına şərait yaradacağına əminliklərini bildiriblər.  Türkiyənin yaxın bölgələrinin Naxçıvanla ticarət əlaqələrinin ən üst səviyyəyə çıxmasında maraqlı olduqlarını bildirən qonaqlar Zəngəzur dəhlizinin reallaşmasının Naxçıvanla yanaşı, Türkiyənin İğdır, Qars, Ağrı və Ərdahan vilayətlərinin də inkişafında əsaslı rol oynayacağını diqqətə çatdırıb, qarşılıqlı işbirliklərinin fayda verəcəyini vurğulayıblar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun Türkiyədə fəaliyyət göstərən müvafiq qurumlarla yaxşı əməkdaşlıq qurduğunu vurğulayıb, qarşılıqlı biznes missiyalarının reallaşdırılmasında bundan sonra dəstəklərini əsirgəməyəcəklərini qeyd edib.

Söhbət zamanı sərhədyanı ticarət və gömrük güzəştlərinin tətbiqi istiqamətlərində perspektiv imkanlar, ticarət disbalansının aradan qaldırılması, eləcə də qarşılıqlı maraqdoğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev və Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya iştirak ediblər.