05.02.2025 12:48

Naxçıvanda “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda konfrans keçirilib
17 dekabr 2024 - 17:28
213

Dekabrın 17-də muxtar respublikanın 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli, Aparatın əməkdaşları və Ali Məclisin deputatları da iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Heydər Əliyev Sarayında təşkil edilən tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış ediblər.

Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü və həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.