Naxçıvanda “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilib
Noyabrın 30-da Naxçıvan şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən konfransda Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli və Aparatın əməkdaşları iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstəsi qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və “Global Media Group”un birgə ərsəyə gətirdiyi “Həmişə bizimləsiniz” filmi nümayiş olunub.
Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov çıxış ediblər.