06.08.2026 00:46
AZ | EN

Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər

Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər
05 avqust 2026 - 19:01
102

Avqustun 5-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 avqust tarixli sərəncamları ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Anar Babayev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Nurlan Hacıyev və Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Naim Cahidzadə ictimaiyyətə və müvafiq kollektivlərə təqdim ediliblər.

Təqdimat mərasimlərindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və yeni təyin olunmuş icra hakimiyyəti başçıları Naxçıvan şəhərində, Ordubad və Culfa rayon mərkəzlərində Ümummilli Lider Heydər Əliyevin abidələrini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Təqdimat mərasimlərində çıxış edən səlahiyyətli nümayəndə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Yeni təyin olunmuş icra hakimiyyəti başçıları çıxış edərək onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.