Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş maliyyə forumu keçirilib
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş maliyyə forumunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev və Maliyyə-təminat şöbəsinin müdiri Novruz Novruzov da iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
“Naxçıvan Saray”da davam edən tədbirdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov, Milli Məclisin deputatı Ziyad Səmədzadə və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov forumda çıxış ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.
Forum maliyyə və vergi istiqamətləri üzrə panel müzakirələrlə öz işini davam etdirib.
Qeyd edək ki, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının, iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxslərinin iştirak etdiyi maliyyə forumunun məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə işi aparmaqdır.