Naxçıvan Muxtar Respublikasında İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi yaradılıb
Naxçıvan Muxtar Respublikasında rəqəmsal idarəçiliyin tətbiqini sürətləndirmək, dövlət orqanları (qurumları) arasında real vaxt rejimində və təhlükəsiz qaydada informasiya mübadiləsinin aparılmasını təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikasında idarələrarası elektron informasiya mübadiləsi sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi barədə” 2024-cü il 14 avqust tarixində fərman imzalayıb. Müvafiq fərmanla “Naxçıvan Muxtar Respublikasında İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Sistemin texniki infrastrukturunun qurulmasını 2024-cü ilin sonunadək başa çatdıracaq, Sistemin fəaliyyətinin təşkilini, idarə olunmasını, təhlükəsizliyini, təkmilləşdirilməsini və ondan səmərəli istifadəni təmin edəcək və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Sistemə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Maliyyə və Ədliyyə nazirlikləri Fərmandan irəli gələn digər məsələləri həll edəcəklər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti