Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib
Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2 məsələ - “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin müzakirəsi daxildir.
Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər regionlarında olduğu kimi Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi inkişafı təmin edilərək, əhalinin maddi rifah halının davamlı şəkildə yüksəlməsi, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, idman, mədəniyyət müəssisələrinin, istehsal sahələrinin və müxtəlif təyinatlı obyektlərin qurulması daim diqqətdə saxlanılıb. Bunun nəticəsində cari ildə muxtar respublikada iqtisadi sabitliyə nail olunub, müdafiə, ərzaq və enerji təhlükəsizliyi məsələləri təmin edilib, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib. Naxçıvanda çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizdə “Heydər Əliyev İli” elan edilmiş 2023-cü ildə uğurla davam etdirilib, inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyulub. Muxtar respublikada iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, məşğulluğun və maddi rifahın yüksəldilməsi məqsədilə dövlət başçısının müvafiq Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilib.
Diqqətə çatdırılıb ki, müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi də məhz əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. 2024-cü il üçün işsizlikdən sığorta fondunun gəlir və xərcləri bərabər olaraq 6 milyon 118 min 319 manat nəzərdə tutulub ki, bu da 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyon 374 min 598 manat və ya 29 faiz çoxdur. Qanun layihəsinə nəzər saldıqda 2024-cü il işsizlikdən sığorta fondunun büdcəsinin gəlirlərinin sturukturu və mənbəyi, eyni zamanda ayrı-ayrı gəlir növləri üzrə daxilolmalar, xərclərin sturuktur və istiqamətləri əhatəli şəkildə proqnozlaşdırılıb. İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin müzakirələrdən sonra qəbulunun muxtar respublikada sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunmasına və işsizliyin yaranması hallarının qarşısının alınması üçün əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verəcək.
Bildirilib ki, 2023-cü ildə muxtar respublikada işsizlikdən sığorta müavinətinin ödənilməsi zamanı əlavə vəsaitə ehtiyac olduğundan nəticədə “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi zərurəti yaranıb.
Gündəlikdə duran məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Fərid Bağırzadə çıxış edib, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda ediləcək dəyişiklik, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi və büdcə proqnozu barədə ətraflı məlumat verib.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
Müzakirələrdə deputatlardan İsa Məmmədov, Fərəc Fərəcov, Turan Məmmədli, Yazgül Rzayeva, Ali Məclisin Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov suallar səsləndirib, təkliflərini bildiriblər.
Qaldırılan suallara Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Fərid Bağırzadə, Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova aydınlıq gətiriblər.
Müzakirələrdən sonra qanun layihələrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasına təqdim olunması üçün qərar qəbul edilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti