Milli Məclisdə "Media haqqında" Qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub
Azərbaycan Respublikası Milli Məclisinin martın 29-da keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub və birinci oxunuşda qəbul edilib.
Müzakirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib.
Plenar iclasda müzakirə olunan layihə “Media haqqında” Qanunun 59.2-ci maddəsinə dəyişiklik etməklə siyahısı müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də çap mediası subyektinin təsisçisi olmasını nəzərdə tutur. Layihənin hazırlanmasının məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı" qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsidir və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasını yaratmaqdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti