27.07.2024 11:33

Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunub

Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunub
08 iyun 2024 - 16:22
1122

İyunun 8-də Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin 100 illik yubiley tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə məktəbin müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqlarında müəllim kollektivi və şagirdlərlə görüşüb, səmimi söhbət edib, təbriklərini çatdırıb, təhsil ocağında yaradılan “Kükü kənd tam orta məktəbinin 100 illiyi” guşəsi ilə tanış olublar.

Sonra məktəbin qarşısında müəllim və şagirdlərlə xatirə şəkli çəkdirilib.

Şahbuz rayon Mədəniyyət Sarayında davam edən yubiley tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov yubiley münasibətilə təbriklərini çatdırıb, məktəbin təhsil uğurlarından danışıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva səlahiyyətli nümayəndə Fuad Nəcəflinin salamlarını bütün təhsil ictimaiyyətinə, Kükü kənd tam orta məktəbinin kollektivinə çatdırıb.

Kükü kənd tam orta məktəbinin məzunu olmasından böyük qürur hissi keçirdiyini deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli yubiley tədbirinin təşkilində göstərdiyi dəstəyə görə həm kənd sakinləri, həm də məktəbin məzunları adından səlahiyyətli nümayəndəyə minnətdarlıq edib.

Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxışında məktəbinin pedoqoji kollektivinin göstərilən dövlət qayğısından bəhrələndiyini qeyd edib.

Sonra ölkə hüdudlarından kənarda təhsillərini davam etdirən və əmək fəaliyyəti ilə məşğul olan Kükü kənd tam orta məktəbininin məzunlarının videomüraciəti izlənilib.

Kükü kənd tam orta məktəbin direktoru Mais Məmmədov məktəbin son illərdə qazandığı uğurlardan danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun müvafiq sərəncamına əsasən Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi münasibətilə təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə məktəbin 2 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Yubiley tədbirində həmin təltiflər, eyni zamanda fərqlənən bir qrup müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, təşəkkürnamələri, Şahbuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Yubiley tədbiri bədii hissə ilə davam edib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, pedaqoji kollektivlər, təhsil ictimaiyyəti, gənclər, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2024-cü il 1 aprel tarixli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən yubileyi qeyd olunan bir neçə tədris ocağından biri də Şahbuz rayonunun Kükü kənd tam orta məktəbidir.