Diplomatik sahədə və müharibə meydanında əldə edilən ilk uğur: Heydər Əliyev və Sədərək döyüşləri
1992-ci ilin mayı. Ermənistan silahlı qüvvələri Sədərək istiqamətində və demək olar ki, bütün sərhəd xətti boyunca Naxçıvan Muxtar Respublikasına hücum etmişdi. Bakıdakı ciddi siyasi böhrandan həvəslənən erməni tərəfi Naxçıvana hücumunun ilk günündə Sədərəkdəki bəzi mövqelərimizi ələ keçirərək hücumlarını davam etdirməyə çalışırdı. Məqsəd Naxçıvanı Türkiyə ilə birləşdirəcək strateji məntəqəni nəzarətə götürmək idi. Naxçıvanı müdafiə edənlərdən 15-i şəhid olmuş, xeyli sayda yaralanan vardı. Yaranmış vəziyyətdə, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Ulu Öndər Heydər Əliyev ciddi siyasi, diplomatik və hərbi fəaliyyəti nəticəsində vəziyyət stabilləşdirildi, erməni təcavüzünə qarşı ciddi diplomatik savaş açıldı, dünya mediasının diqqətini Naxçıvana yönəltməklə, bölgəmizə qarşı məkirli planların qarşısı alındı. Ermənistan ilk dəfə diplomatik və təbliğat sahəsində məhz 1992-ci ilin mayında Naxçıvanda Ulu Öndər Heydər Əliyevə məğlub oldu. Bir çox dövlət və beynəlxalq təşkilatlar Naxçıvana hücumları pislədi. Meydanda isə, dahi öndər Heydər Əliyevin ilk dəfə Naxçıvanda əsasını qoyduğu milli silahlı qüvvələr (dövrün prezidenti Ayaz Mütəllibovun milli ordu yaratmaqdan çəkindiyi və prosesi yubatdığı üçün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisi Dövlət Müdafiə Komitəsi təsis etmişdir) artıq mayın 18-də itirilmiş mövqeləri düşməndən geri aldı, Ermənistan ordusu ciddi itkilərlə üzləşdi, ən əsası isə Sədərək kimi strateji məkan - Türk dünyasının qapısı Azərbaycan dövlətinin nəzarəti altında qaldı. 28 may 1992-ci ildə isə Türkiyənin Baş naziri Süleyman Dəmirəlin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin iştirakı ilə Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü açıldı.
P.S. Həmin dövrdə, 1992-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Naxçıvana gələrək, döyüşləri və real vəziyyəti işıqlandıran tanınmış media qurumlarından birinin, Almaniyanın “ARD” kanalının Sədərək döyüşləri barədə hazırladığı videoreportajı.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti