Azərbaycan Şahmat Federasiyası (AŞF) ilin yekunları ilə bağlı tədbir keçirib
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan şahmatının 2025-ci ildə keçdiyi yolu özündə əks etdirən videoçarx təqdim olunub.
AŞF-nin prezidenti Mahir Məmmədov 2025-ci ilin ölkə şahmatı üçün maraqlı alındığını vurğulayıb: “İl Azərbaycan çempionatı ilə başladı. Ölkə çempionatında iştirak şahmat təqvimimizdə əsas yer tutur. Bizim şahmatçıların əsas problemi praktikalarının az olmasıdır. Buna görə də “Chess Tour” təşkil etdik. “Baku Open”, “Çempionların savaşı” kimi yarışlar keçirildi. Azərbaycanın kişilərdən ibarət millisi Avropa çempionatında ikinci yeri tutdu. İspaniyada baş tutan dünya çempionatında isə qadın komandamız gümüş medal qazandı. Bu, möhtəşəm uğur idi”.
Gənclər və idman naziri Fərid Qayıbov isə AŞF-nin bu il böyük nailiyyətlər əldə etdiyini bildirib: “İdmanda ənənələri qoruyub saxlamaq asan deyil. Bu il kişi və qadınlardan ibarət milli komandalarımız beynəlxalq arenada uğurla çıxış etdilər. İnanıram ki, bu uğurların davamı gələcək”.
Rəsmi çıxışlardan sonra ölkə şahmatına töhfə vermiş bir sıra şəxslər mükafatlandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov tədbirdə iştirak edib.
Elanlar
Gündəlik