Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının yeddinci iclası keçirilib
Dekabrın 19-da Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının yeddinci iclası keçirilib.
İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:
1.“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (ikinci oxunuş)
2. Cari məsələlər
Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, qanun layihəsi 18 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 18-ci və 19-cu maddələrinə uyğun olaraq birinci oxunuşda müzakirə edilib, Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul olunub. Qanun layihəsi Sosial siyasət komitəsində müzakirə edilərək ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Ali Məclisin Daxili Nizamnaməsinin 20.3-cü maddəsinə əsasən ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul edilməsi barədə protokol qaydasında qərar qəbul edilməlidir. Bu cür qərar qəbul edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda əsas kimi qəbul edilib.
Sonra qanunun maddə-maddə müzakirəsinə başlanılıb. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsini gəlir və xərc istiqamətləri üzrə maddələrlə diqqətə çatdırıb.
Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı təmsil etdikləri seçki dairələri üzrə deputatlardan Ehtimad Məmmədov, Turan Məmmədli içməli və suvarma suyu problemi, İsa Məmmədov əhalinin məşğulluğunun təmin olunması, şəhid adlarının əbədiləşdirilməsi, Qadir İbrahimov gənclərin asudə vaxtlarının səmərəli təşkili, Hüseyn Niftəliyev Nehrəm qəsəbəsində uşaq bağçasının tikilməsi ilə bağlı seçicilərinin istəklərini diqqətə çatdırıblar. Hüseyn Niftəliyev, həmçinin Nehrəm qəsəbəsində içməli su və kanalizasiya xəttinin çəkilməsi istiqamətində həyata keçirilən işlərə görə qəsəbə sakinləri adından minnətdarlığını bildirib.
Depuat İsmayıl Qəribli autizm sindromlu uşaqların müalicəsinin böyük vəsait tələb etdiyini, Bakı şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Autizm Mərkəzinin fəaliyyətə başladığını bildirib, Naxçıvan şəhərində də Autizm Mərkəzinin yaradılmasının mümkünlüyündən danışıb.
Deputatlardan Həbibə Allahverdiyeva, Yeganə Məmmədova, Sevda Quluyeva, Aidə Allahverdiyeva, Nüsrət Həsənov və Vüsalə Əliyeva da seçicilərinin qaldırdığı məsələləri iclasda diqqətə çatdırıblar.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov deputatların ünvanladıqları sualları aidiyyəti üzrə cavablandırıb, digər qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün hökumət üzvləri tərəfindən qeydiyyat aparılıb.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırdı.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti