21.11.2024 17:41

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının səkkizinci iclası keçirilib

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının səkkizinci iclası keçirilib
22 dekabr 2023 - 16:51
1105

Dekabrın 22-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının səkkizinci iclası keçirilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:

1.“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş)

2. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş)

3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarının layihəsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, qanun layihəsi 18 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 20-ci maddəsinin tələblərinə uyğun olaraq ikinci oxunuşda müzakirə edilib. Bütövlükdə isə bu prosesə ötən ayın sonlarından başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 20.6-cı maddəsinə əsasən aparıcı komitə tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi komitənin iclasında redaktə məqsədilə baxılıb və layihə üçüncü oxunuşda müzakirə olunması üçün Ali Məclisin 2023-cü il payız sessiyasının növbəti iclasının gündəliyinə salınması üçün təqdim olunub.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Ali Məclisin plenar iclaslarında büdcə zərfinə daxil olan sənədlərin müzakirələri zamanı deputatların qaldırdıqları sualları cavablandırıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 21.1-ci maddəsinə əsasən “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Anar İbrahimov muxtar respublikanın 2024-cü il büdcəsinin, qanun layihəsinin hazırlanmasında və müzakirəsində əməyi olanlara təşəkkür edib.

Gündəlikdə duran ikinci məsələ - “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Ali Məclisin sədr müavini Anar İbrahimov bildirib ki, qanun layihəsi 19 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 20-ci maddəsinin tələblərinə uyğun olaraq ikinci oxunuşda müzakirə edilərək qəbul edilib və redaktə edilmək üçün Sosial siyasət komitəsinə qaytarılıb. Ali Məclisin Daxili Nizamnaməsinin 20.6-cı maddəsinə əsasən aparıcı komitə tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.

Qanun layihəsi ilə əlaqədar Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova məlumat verib ki, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi ikinci oxunuşdan sonra baxılıb, Ali Məclisin 2023-cü il payız sessiyasının növbəti iclasına üçüncü oxunuşda müzakirə olunması üçün təqdim olunub.

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bununla da büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxış edərək büdcə müzakirələrinin yüksək səviyyədə aparılmasına və səmərəli təşkilinə görə deputatlara hökumət üzvləri adından təşəkkür edib.

Səbuhi Məmmədov bildirib ki, istər sessiya, istərsə də komitə iclaslarında deputatlar çox fəal iştirak edib və əhalini narahat edən məsələlərlə bağlı bir çox fikirlər səsləndirilib, hökumətə ünvanlanmış suallar cavablandırılıb və öncəki oxunuşlarda səsləndirilən bəzi problemlər artıq operativ şəkildə öz həllini tapıb. Qaldırılan bir sıra məsələlər, verilən təkliflər baxılması üçün hökumətin nəzarətinə götürülüb. Baş nazir muxtar respublikanın 2023-cü il iqtisadi göstəriciləri, 2024-cü il büdcəsinin gəlir və xərcləri barədə ətraflı məlumat verib.

Anar İbrahimov Ali Məclisin üzvləri adından müzakirələrdə fəal iştirak etdikləri üçün hökumət üzvlərinə təşəkkür edərək bildirib ki, büdcə prosedurları ilk dəfə Naxçıvan Muxtar Respublikasında qanuna uyğun olaraq aparılmağa çalışılıb. Ali Məclisin və Nazirlər Kabinetinin ən böyük uğuru büdcə müzakirələrinin ictimai rəyə açıq və tam şəffaf keçirilməsinə başlamaq olub. Bu, hesabatlılıq, şəffaflıq, dövlət başçısının hər birimizin qarşısında qoyduğu əsas vəzifələrdən biridir. Bunun təmin olunmasında yalnız Ali Məclis və hökumət yox, muxtar respublika və ölkə mediasının da töhfəsi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin 56-cı maddəsinə əsasən Ali Məclisin xərclər smetası Ali Məclisdə növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir. Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsi hazırlanıb.

Ali Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli məlumat verib. 

Qərar səsə qoyularaq qəbul edilib.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırdı.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti