Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin 2023-cü il payız sessiyasının
növbəti iclası keçirilib
Dekabrın 8-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Baş naziri tərəfindən Ali Məclisə yeni təqdimat daxil olub. Həmin təqdimatda Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifəsindən azad olunması təklif edilir. Buna müvafiq olaraq həmin məsələ gündəliyə əlavə edilib.
İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:
- “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş)
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin yeni üzvlərinin seçilməsi
3. Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifəsindən azad olunması
4. Cari məsələlər
Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, 28 noyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddəsi və 32-ci maddəsinin 9-cu bəndini rəhbər tutaraq və “Büdcə sistemi haqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsini Ali Məclisə təqdim edib. Qanun layihəsi ilə bərabər büdcə zərfinə daxil olan digər sənədlər də parlamentə daxil olub, materiallar dərc edilərək deputatlara və büdcə müzakirələrinin digər iştirakçılarına verilib. Bundan başqa 30 noyabr 2023-cü il tarixdə qanun layihəsi Ali Məclisin və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetində dərc edilib, qəzetin internet resursunda yerləşdirilərək ictimai müzakirəyə təqdim olunub. 4 dekabr 2023-cü il tarixdə muxtar respublika parlamentinin Daxili Nizamnaməsinə əsasən aparıcı komitə təyin olunan Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayevin sədrliyi ilə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi üçün Ali Məclis komitələrinin muxtar respublikanın aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və digər rəsmi şəxslərin iştirakı ilə birgə iclası keçirilib. Birgə iclasda aparılmış müzakirələrdən sonra büdcə layihəsinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasına təqdim olunması qərara alınıb.
Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov məlumat verərək bildirib ki, 2024-cü il büdcə layihəsində gəlirlər 173 milyon 105 min manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin büdcə gəlirləri ilə müqayisədə 20 milyon 883 min manat və ya 13,7 faiz çoxdur. Nəzərdə tutulan gəlirlərin 164 milyon 75 min manatı və ya 94,8 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşür ki, bu, 2023-cü illə müqayisədə 17 milyon 193 min manat və ya 11,7 faiz çoxdur. Büdcə gəlirlərinin 5 milyon manatı və ya 2,9 faizi gömrük orqanları tərəfindən təmin edilən daxilolmaların payına düşür ki, bu da 2023-cü illə müqayisədə 3 milyon 850 min manat və ya 4,3 dəfə çoxdur. Gəlirlər üzrə proqnozun 4 milyon 30 min manatının və ya 2,3 faizinin büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olması proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 160 min manat və ya 3,8 faiz azdır. Növbəti ildə Naxçıvan şəhəri, Babək, Şərur və Kəngərli rayonlarının büdcələri dotasiyasız olmaqla, Ordubad, Culfa, Şahbuz, Sədərək rayonlarının büdcələri isə muxtar respublikanın mərkəzi xərclərindən dotasiya ayrılmaqla planlaşdırılır.
Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcə layihəsində xərclər 516 milyon 365 min manat məbləğində proqnozlaşdırılır ki, bu, 2023-cü ilin büdcə xərcləri ilə müqayisədə 88 milyon 648 min manat və ya 14,7 faiz azdır. Büdcə xərclərinin 458 milyon 692 min 950 manatı, yaxud 88,8 faizi cari xərclər üzrə, 57 milyon 672 min 50 manatı və ya 11,2 faizi isə əsaslı xərclər üzrə proqnozlaşdırılır. Təhsil və səhiyyə sahəsində dövlət proqramlarının maliyyə təminatının həyata keçirilməsi məqsədilə təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsilinin inkişafı tədbirləri və STEAM təlim-tədris mərkəzi üçün 1 milyon 161 min 237 manat, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya, talassemiya və səhiyyə sahəsindəki digər tədbirlər üçün 5 milyon 55 min 605 manat vəsait nəzərdə tutulur. Növbəti ilin büdcə layihəsində dövlət əsaslı vəsait qoyuluşu, investisiya xərcləri üçün 22 milyon manat məbləğində vəsait müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, subsidiyaların ödənilməsi üçün 2024-cü il büdcə layihəsində 10 milyon 300 min manat məbləğində vəsait nəzərdə tutulur.
Həsən İsmayılov növbəti büdcə ili ərzində maliyyə orqanları tərəfindən büdcənin qanunvericiliyə uyğun icrası istiqamətində bütün zəruri tədbirlərin həyata keçiriləcəyini, büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə dövlət nəzarətinin gücləndiriləcəyini qeyd edib.
İclasda İqtisadi siyasət komitəsinin sədri İsa İsayev 4 dekabr 2023-cü il tarixdə keçirilən “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi ilə bağlı Ali Məclis komitələrinin birgə iclasında aparılan müzakirələrdən ətraflı danışıb.
Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin qəbulu prosesi əhəmiyyətli və yaddaqalan oldu. İlk dəfə olaraq muxtar respublika büdcəsinin layihəsi haqqında qanun dərc olundu ki, bu da maliyyə şəffaflığının və ictimai iştirakçılığın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, Ali Məclisin komitələrinin birgə iclasında hökumət üzvləri ilə muxtar respublikanın 2024-cü il büdcəsinin ilkin müzakirəsi keçirildi, büdcənin məzmunu ilə bağlı dəyərli fikirlər irəli sürüldü ki, bu da çatışmazlıqların müəyyən edilməsi, ümumiyyətlə, müzakirə mədəniyyətinin təkmilləşdirilməsi baxımından faydalı oldu.
Büdcə layihəsini uğurlu hesab etdiyini deyən İsmayıl Qəribli bildirib ki, 2023-cü ilin büdcəsi ilə müqayisədə gəlirlərin 20 milyon 883 min manat artırılması, xərclərin 88 milyon 648 min manat azaldılması, habelə dotasiyanın 109 milyon 531 min manat məbləğində azaldılması nəzərdə tutulur. Demək olar ki, bütün bəndlər üzrə gəlirlərin mənbələrində artım müşahidə olunur. Ümid edirəm ki, müsbət dinamika növbəti illərdə də qorunub saxlanacaq.
Seçicilərinin qaldırdıqları bir sıra mühüm məsələləri diqqətə çatdıran komitə sədri vurğulayıb ki, son illər yağıntıların azalması aqrar rayon olan Şərurda əkinlərin suvarma suyu ilə təminatında ciddi problemlər yaradır. Keçirilən görüşlərdə haqlı olaraq sakinlər 2024-cü ildə bu problemlərin həlli üçün hansı tədbirlərin görüləcəyi ilə maraqlanırlar. Mən də Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bu məsələ ilə bağlı hansı işlərin görüləcəyini və büdcədə meliorasiya tədbirləri üçün nəzərdə tutulmuş 31 milyon 874 min 156 manat vəsaitdən nə qədərinin yeni artezian quyularının qazılmasına və suvarma xətlərinin çəkilməsinə ayrılacağını öyrənmək istəyirəm.
Qeyd edilib ki, digər bir məsələ isə müvafiq yaşa çatmış uşaqların bağçalara qəbul edilə bilməməsidir. Hazırda təxminən 113 mindən çox sakinin yaşadığı Şərur rayonunda cəmi 1 uşaq bağçası fəaliyyət göstərir. Bu, bir tərəfdən işləyən valideynlərin uşaqlarının bağça ilə təmin edilməməsi, digər tərəfdən isə təhsil müəssisələrini “məktəbəqədər təhsil” ixtisası üzrə bitirmiş şəxslər üçün işsizlik problemi yaradır. Ona görə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəhbərliyindən bu problemin həlli üçün hansı tədbirlərin görüləcəyi barədə məlumat almaq istəyirəm.
İsmayıl Qəribli deyib ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunun xərclər hissəsinin 7.3.4-cü maddəsində “Məhkəmə qərarlarının icrası üçün xərclər” göstərilsə də, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsində belə müddəa nəzərdə tutulmayıb. Gələcəkdə məhkəmə qərarlarının icrası üçün xərclərin hansı mənbədən maliyyələşdirilməsi sual doğurur.
Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova büdcə layihəsində elm, kənd təsərrüfatı, meliorasiya sahələrində xərclərin azaldığını bildirib, səbəbi ilə bağlı hökumət nümayəndələrinə sual ünvanlayıb.
Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli vurğulayıb ki, bu gün muxtar respublikanın əsas maliyyə planı olan büdcənin geniş müzakirəsi Ali Məclisin Daxili Nizamnaməsinin 18 və 19-cu maddələrində nəzərdə tutulan qaydada keçirilir. Daxili Nizamnamənin 18.1-ci maddəsinə əsasən büdcə haqqında qanun layihəsini üç oxunuşda müzakirə etməliyik və bu gün ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin ilk oxunuşda müzakirəsi baş tutur. Büdcə haqqında qanun layihəsinin ilk dəfə mətbuatda dərc olunaraq, ictimai müzakirəyə çıxarılması mütərəqqi addım kimi xüsusi qeyd edilməlidir. Bundan başqa, uzun illər sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində parlamentlər üçün xarakterik olan işgüzar müzakirə mühitinin yenidən canlandırılmasının nümunəsi kimi, bir neçə gün əvvəl, dekabrın 4-də Ali Məclisin İqtisadi siyasət komitəsinin iclasında Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin layihəsinin geniş müzakirəsinin keçirilməsi də büdcə tərtibi prosesinə mühüm töhfə olub.
Elman Cəfərli bildirib ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanununun 7.1.5.-ci bəndində seçkilərin keçirilməsi ilə bağlı vəsait nəzərdə tutulsa da, Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsində seçkilərin keçirilməsi ilə bağlı xərclər əks olunmayıb. Əgər 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul olunarsa, seçkilər üçün vəsait necə təmin olunacaq?
Diqqətə çatdırılıb ki, büdcə layihəsinin hazırlanmasında şəffaflıq, dürüstlük, hesabatlılıq əsas prinsip kimi götürülüb və bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən muxtar respublikada həyata keçirilən islahatların ruhuna tamamilə uyğundur. Muxtar respublika parlamenti olaraq, eyni zamanda muxtar respublika hökuməti qarşıdakı illərdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində üzərimizə düşən vəzifələrin layiqincə həyata keçirilməsində birgə fəaliyyət göstərəcək, həm Dövlət Proqramının icrası uğurla başa çatacaq, həm də muxtar respublika büdcəsinin xərclərinin ən azı əhəmiyyətli hissəsinin dotasiyasız formalaşdırılmasına nail olacağıq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Ali Məclisin iki deputatı dünyasını dəyişdiyi üçün həmin deputat mandatları boşdur və qanunauyğun olaraq Ali Məclis tərəfindən istənilən zaman boş yerlərə seçkilər keçirilə bilər. Bu məsələ komitə iclasında müzakirə olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından həmin yerlərə seçkilərin keçirilməsi ilə bağlı müvafiq xərclərin smetasının müəyyənləşdirilməsi xahiş edilib və komissiya tərəfindən də müvafiq smeta təqdim olunub.
Anar İbrahimov bu məsələnin gələcək müzakirələrdə hökumət üzvləri tərəfindən nəzərə alınmasını diqqətə çatdırıb.
Sonra gündəlikdə duran birinci məsələ - “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) ətrafında geniş müzakirələr aparılıb.
Deputat Vüsalə Əliyeva vurğulayıb ki, suveren, müstəqil ölkənin azad vətəndaşlarıyıq. Günü-gündən abadlaşan, müasirləşən, inkişaf edən bir ölkənin sakini olmaqdan qürur duyuruq. Bu gün Sədərək rayonunda bir çox idarə, müəssisə binaları yenidən qurulub və ya əsaslı təmir olunub. Sədərək kəndini Heydərabad qəsəbəsi, Qaraağac və Dəmirçi kəndləri ilə birləşdirən yollarda, eyni zamanda, kəndin mərkəzi küçələrində işıqlandırma sistemi yoxdur.
Deputat Vüsalə Əliyeva büdcə müzakirəsində Sədərəyin mərkəzi küçələrinin işıqlandırılması üçün lazımi avadanlıqlarla təchiz olunmasına büdcədən vəsait ayrılmasını təklif edib.
Deputat Əmir Babayev büdcə layihəsində təhsilin inkişafı, gənclər siyasətinə ayrılan, eləcə də muxtar respublikanın ehtiyat fondunda nəzərdə tutulan vəsaitin az olmasının səbəbi ilə bağlı sual ünvanlayıb.
Əmir Babayev Alışar, Qorçulu, Muğanlı və Çomaxtur kəndlərində suvarma suyu ilə bağlı problemlərdən danışıb, həmin kəndlərdə daxili yolların yararsız olduğunu bildirib, bu istiqamətdə tədbirlərin görülməsini xahiş edib.
Deputat Ehtimad Məmmədov su təsərrüfatı üzrə xərclərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi ilə əlaqədar bildirib ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanununun xərclər hissəsinin 7.8.3-cü maddəsində su təsərrüfatı ilə bağlı vəsait nəzərdə tutulsa da “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsində belə bir maddə əks olunmayıb. Nəzərə alaq ki, muxtar respublikada Su Ehtiyatları Agentliyi yaransa, onun maliyyələşməsi üçün büdcədə əlavə vəsaitin olmaması suallar doğuracaqdır.
Deputat İsa Məmmədov “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinin 4-cü maddəsinin 4.10.5-ci yarımbəndində yanacaq və enerji kompleksi üçün 10 milyon manat xərc istiqamətinin planlaşdırıldığını deyib. Bildirilib ki, əlavə olaraq 10 milyon manat vəsaitin subsidiya kimi verilməsi dotasiyanın şişirdilməsinə səbəb olur. İsa Məmmədov 2024-cü il büdcə layihəsi üzrə bölmənin 6-cı köməkçi bölməsi üzrə muxtar respublikaya yanacağın daşıyıcılar tərəfindən daşınması üçün çəkilən əlavə xərclərin Naxçıvan Muxtar Respublikası büdcəsindən deyil, müvafiq şirkətlər tərəfindən qarşılanmasının məqsədəuyğun olduğunu deyib.
Deputat Fərəc Fərəcov qeyd edib ki, büdcə layihəsindən bir daha aydın olur ki, əsas məqsəd muxtar respublikanın iqtisadi qüdrətini daha da artırmaq, digər bütün sahələrin yüksəlişini təmin etmək və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dəstək göstərməkdir. Fərəc Fərəcov Culfa rayon Dizə və Gülüstan kəndlərinin ərazilərində olan kəhrizlərin yenidən bərpa olunması, Yaycı kəndində daxili yolların əsaslı təmir olunması, eləcə də uşaq bağçasının tikilməsi ilə bağlı sakinlərin istəyini diqqətə çatdırıb. Deputat baramaçılıq və ipəkçilik sahələrinin bərpası məsələlərinə də toxunub və bunlar üçün qəbul olunacaq büdcədə vəsait nəzərdə tutulmasının vacibliyini bildirib.
Deputat Nüsrət Həsənov büdcə layihəsində səhiyyə sahəsinə ayrılan vəsaitin əvvəlki illərlə müqayisədə azaldıldığını bildirib. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Ali Məclisin həyata keçirdiyini bildirən deputat Nüsrət Həsənov qeyd edib ki, buna baxmayaraq Ali Məclis Aparatında büdcəyə nəzarət qurumu yoxdur. Nüsrət Həsənov nazirlik, idarə, müəssisə, dövlət və hökumət orqanlarında büdcə vəsaitinin xərclənməsində şəffaflığın təmin edilməsi, səmərəliliyin və hesabatlılığın artırılması məqsədilə Ali Məclis Aparatında büdcəyə nəzarət qurumunun yaradılmasını təklif edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Ali Məclis Aparatında büdcəyə nəzarət qurumunun yaradılması üçün məsləhətləşmələr aparıldığını və Ali Məclisin yaz sessiyasında nəzərə alınacağını diqqətə çatdırıb.
Deputat Hacıfəxrəddin Səfərli xarici ölkə arxivlərində Naxçıvanla bağlı məlumatların və tarixi sənədlərin araşdırılması üçün büdcə layihəsində tələbata uyğun ezamiyyə xərclərinin nəzərdə tutulmasının vacibliyini bildirib. Həmçinin o, gənc ailələrin məişət şəraitinin, Cəhri qəsəbəsində içməli və suvarma su təminatının yaxşılaşdırılması, eyni zamanda kanalizasiya sistemlərinin çəkilməsi, eləcə də Cəhri və Nehrəm qəsəbələrində çoxmərtəbəli yaşayış binalarının tikilməsi istiqamətində tədbirlər görülməsini xahiş edib, büdcədə bu məsələlərlə bağlı xərclərin artırılmasını təklif edib.
Deputat İsa İsayev dövlət büdcəsindən fərqli olaraq “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsində dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların və səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərin göstərilməməsinin səbəbi ilə bağlı sual ünvanlayıb.
Deputat Vüqar Abbasov Naxçıvanda istehsal olunan məhsulların muxtar respublika ərazisində istehlak olunan hissəsinin hər növ rüsumlardan azad edilməsi, məhsulların daşınma xərclərinin subsidiyalaşdırılması, muxtar respublikada fəaliyyət göstərən müəssisələrin iqlim şəraiti nəzərə alınaraq enerji daşıyıcılarına müəyyən güzəştlərin edilməsi, investisiyaların qiymətləndirilməsinin nəzərə alınaraq dövlət tərəfindən sahibkarlara dəstək göstərilməsi, həmçinin Naxçıvanda fəaliyyət göstərən müəssisələrin gələcəkdə xüsusi iqtisadi rejimdə tətbiq olunacaq xüsusi güzəştlərdən yararlanması, dövlət və özəl sektorun qarşılıqlı fəaliyyət göstərməsinin əhəmiyyətindən danışıb.
Ali Məclis sədrinin müavini Anar İbrahimov bildirib ki, bütövlükdə Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi əvvəlki illərlə müqayisədə etiraf etməliyik ki, keyfiyyətli hazırlansa da sənəddə, onun məzmununda büdcə zərfinə daxil olan digər qüsurlar var. Bu qüsurlar aradan qaldırıla bilər və buna görə də hökumətlə birgə çalışmalıyıq. Əgər qüsurları qruplaşdırsaq onları 3 yerə bölmək olar. Birincisi institusional boşluqlardan doğan məsələlərdir. Burada qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası büdcəsi və ona bağlı sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin qanunda muxtar respublika büdcəsi, onun tərtibi, hazırlanması sırf analogiya üzrə aparılır. Bu boşluğu təbii ki, Ali Məclis və muxtar respublikanın hökuməti həmin qanuna dəyişikliklər təklif etməklə doldura bilər. İkincisi müzakirə mədəniyyətinin zəifliyidir. Bir yerdə çalışaraq bu mədəniyyəti formalaşdırmalıyıq. Büdcənin tərtibi zamanı təəssüf ki, büdcə Azərbaycan Respublikasında müvafiq orqanlara göndərilməmişdən öncə Ali Məclisə təqdim olunmayıb ki, təkliflər olunsun. Bu, həm də qanuni prosesdir. Çünki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu tələb edir ki, qanun layihəsi hazırlanarkən onun maraqlı tərəflərlə müzakirəsi təşkil olunsun. Gələcəkdə bu problem də birlikdə çalışmaqla aradan qaldırılacaq. Əsas məsələ büdcə proqnozlarında olan boşluqlardır. Bir çox hallarda proqnozlaşdırma elmi və metodoloji, qanunvericilik tərəfdən yox, səthi aparılıb. Məlum olub ki, icra orqanlarının bir çoxunun rəyi ya nəzərə alınmayıb, ya da qismən nəzərə alınıb. “Büdcə sistemi haqqında” Qanunun 26-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə dövlət büdcəsinin qarşılıqlı əlaqəsi gəlir mənbələrinin, gəlirlərin dotasiya, subvensiya və büdcə ssudaları şəklində bölüşdürülməsi vasitəsilə həyata keçirilir. Yəni Naxçıvan Muxtar Respublikasının Ali Məclisi büdcədə artıq nəzərdə tutulan məqamları dotasiyaya toxunmamaqla, digər sahədə Ali Məclisdə düzəlişlər edə, təklifləri həyata keçirə bilər.
İclasda bildirilib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 6-cı maddəsinə əsasən Ali Məclisin Komitəsi komitəyə təqdim olunmuş qanun layihələrinə dair rəylər qəbul edir. Buna müvafiq olaraq İqtisadi siyasət komitəsinin sədri İsa İsayev bu qanun layihəsi barədə təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 19.4.1-ci maddəsinə əsasən qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Ali Məclisin protokol qaydasında qəbul edilən qərarı ilə layihə birinci oxunuşda qəbul edilir, söylənilmiş təklif və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsi səsə qoyularaq söylənilmiş təklif və iradlar nəzərə alınmaqla birinci oxunuşda protokol qaydasında qəbul edilib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov büdcə layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirib. Baş nazir bu ildən etibarən təhsil xərclərinin bir hissəsinin mərkəzləşdirilmiş qaydada ödənildiyini və ona görə də azalma olduğunu bildirib, səhiyyə xərclərinin tələbata uyğun hesablandığını əsaslandırıb, kənd təsərrüfatı xərclərinin isə institusional islahatlara uyğun azaldığını diqqətə çatdırıb, digər məsələlərin isə Nazirlər Kabineti tərəfindən ikinci oxunuşda daha ətraflı cavablandırılacağını qeyd edib.
Gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 41.2-ci maddəsinə görə Ali Məclisin rəhbərliyi Ali Məclisin komitəsində təmsil olunmur və Ali Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Ali Məclisin deputatı Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 5 oktyabr 2023-cü il tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən azad edildiyindən və Ali Məclisin heç bir komitəsində təmsil olunmadığından onun İqtisadi siyasət komitəsinə üzv seçilməsi təklif edilir. Eyni zamanda Daxili Nizamnamədə bir deputatın ən çox iki komitənin üzvü olma imkanı nəzərdə tutulduğundan Hüquq siyasəti komitəsinin üzvü Hüseyn Bağırsoylunun müraciəti əsasında onun İqtisadi siyasət komitəsinə üzv seçilməsi təklif olunur.
Bağırsoylu Hüseyn Qədirulla oğlu və Zeynalov Azər Yadulla oğlunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin üzvləri seçilməsi ilə əlaqədar hazırlanmış qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran üçüncü məsələ - Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifəsindən azad olunması ilə bağlı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 36-cı maddəsinin II hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Ali Məclis təsdiq edir. Eyni zamanda Ali Məclisin Daxili Nizamnaməsinin 54-cü maddəsində Nazirlər Kabinetinin tərkibinin təsdiqi proseduru müəyyən edilib. Naçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi proseduru həm vəzifəyə təyin etməni, həm də vəzifədən azad etməni nəzərdə tutur. Naxçıvan Muxtar Respublikasının Baş naziri 2023-cü il 8 dekabr tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Əliyev Tapdıq Vaqif oğlunun tutduğu vəzifədən azad olunması ilə bağlı təqdimat verib.
Təqdimat oxunduqdan sonra gündəlikdə duran məsələ ilə əlaqədar qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı deputatlardan İsmayıl Qəribli, Yeganə Məmmədova, Əmir Babayev, Nüsrət Həsənov, Vüsalə Əliyeva seçicilərinin suallarını diqqətə çatdırıblar.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov cari məsələlərin müzakirəsi zamanı deputatlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirib, Nazirlər Kabinetinin səlahiyyətlərinə daxil olan məsələlərə baxılması üçün müvafiq qeydlər aparılıb.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 8 dekabr 2023-cü il tarixli növbəti iclası öz işini başa çatdırdı.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti