16.09.2026 13:14
AZ | EN

Ali Məclisin sədr müavini Arzu Abdullayev CORLEAP-ın illik iclasında çıxış edib

Ali Məclisin sədr müavini Arzu Abdullayev CORLEAP-ın illik iclasında çıxış edib
16 sentyabr 2026 - 10:27
106

Ali Məclisin sədr müavini Arzu Abdullayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti 14-15 sentyabrda Moldova Respublikasının Kişinyov şəhərində keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Yerli və Regional Hakimiyyətlər Konfransının (CORLEAP) 15-ci illik iclasında iştirak edib.

Gündəliyin ilk məsələsi “Şərq Tərəfdaşlığı ölkələrində xarici informasiya manipulyasiyası və müdaxiləsinə qarşı mübarizə və yerli və regional medianın təşviqi” mövzusuna həsr olunub. Müzakirələrdə bir sıra siyasətçilər və ekspertlərlə yanaşı, Azərbaycan nümayəndə heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev də çıxış edib. Arzu Abdullayev çıxışında xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizədə məlumatlı və dayanıqlı cəmiyyətin formalaşdırılmasının, media və rəqəmsal savadlılığın artırılmasının, yerli və regional medianın gücləndirilməsinin, eləcə də süni intellektin yaratdığı yeni çağırışlar qarşısında yerli idarəetmə orqanlarının institusional imkanlarının artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra “Şərq Tərəfdaşlığı ölkələrində yerli və regional səviyyədə qərarların formalaşdırılması prosesinin gücləndirilməsi” mövzusunda debat və “Yerli və regional səviyyədə dövlət idarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Akademiyası (EPAPA)” pilot layihəsinin təqdimatı keçirilib.

Qeyd edək ki, 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilən Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransı (CORLEAP) Avropa İttifaqı–Şərq Tərəfdaşlığı çərçivəsində yerli və regional hakimiyyət orqanlarını bir araya gətirən platforma kimi fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti