Ali Məclisin növbəti plenar iclası keçirilib
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin 2026-cı il payız sessiyasının növbəti iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin birinci müavini, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat nazirləri, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini də iştirak ediblər.
Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini bildirib.
Gündəlik qəbul olunduqdan sonra Bəxtiyar Məmmədov qeyd edib ki, Ali Məclis sədrinin müavinin sədrliyi ilə Ali Məclis komitələrinin birgə iclasında “Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin komitə sədrləri, sədr müavinləri və üzvlərinin, muxtar respublikanın aidiyyəti dövlət orqanları nümayəndələrinin və digər rəsmi şəxslərin iştirakı ilə müzakirəsi aparılıb. Birgə iclasda aparılmış müzakirələrdən sonra qanun layihəsinin yeddinci çağırış Ali Məclisin növbəti iclasına təqdim olunması qərara alınıb.
Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov və Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov ətraflı məlumat veriblər.
Sonra Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli layihə ilə bağlı Palatanın rəyini diqqətə çatdırıb.
Qanun layihəsi ilə əlaqədar deputatlardan Nuray Əliyeva və Məmməd Məmmədov çıxış ediblər. Çıxış edənlər 2027-ci il büdcə layihəsində nəzərdə tutulan tədbirlərin muxtar respublikada dayanıqlı iqtisadi artımı təmin edəcəyini və əhalinin rifah halının daha da yaxşılaşmasına imkan verəcəyini vurğulayıblar. Eyni zamanda, büdcə vəsaitlərinin səmərəli istifadəsinin, xüsusilə elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin, eləcə də insan kapitalının inkişafının muxtar respublikanın davamlı sosial-iqtisadi tərəqqisi baxımından əhəmiyyəti qeyd edilib.
Təqdim olunan layihə ətrafında aparılan müzakirələrdə deputatlardan Pərvin Nəcəfsoy, Vüsal Məmmədzadə, Ramiz Məmmədov, Aysel Dünyamalıyeva və Sevil Hacıyeva çıxış edərək sual və qeydlərini səsləndiriblər. Deputatların qaldırdıqları məsələlərə maliyyə naziri tərəfindən aydınlıq gətirilib.
Ardınca İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov qanun layihəsi ilə bağlı Ali Məclis komitələrinin birgə rəyini diqqətə çatdırıb, layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəlikdə duran növbəti məsələlərin müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının 2026-cı il 14 iyul tarixli 25-VII QN nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələri ilə bağlı məlumat verilib.
Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Bununla da Ali Məclisin iclası başa çatıb.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Elanlar
Gündəlik