Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2024-cü il 8 və 12 avqust tarixli məktubları ilə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihələri müzakirəyə çıxarılması üçün Ali Məclisə daxil olub.
İclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihələri (birinci oxunuş) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsi daxil edilib.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq 8 avqust 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Muxtar respublikada əmək bazarının inkişafı üçün haqqı ödənilən ictimai işlərin, işsizliyə görə sığorta ödənişləri üzrə xərclərin maliyyələşdirilməsi məqsədilə əlavə vəsaitə ehtiyacın yaranması, bəzi xərc istiqamətləri üzrə vəsaitlərin azaldılması zərurəti yaranıb. Buna görə də İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar Ali Məclisə 12 avqust 2024-cü il tarixdə qanun layihəsi daxil olub. Layihələr İqtisadi siyasət komitəsinin 13 avqust 2024-cü il tarixli iclasında komitənin sədr və üzvlərinin, Ali Məclis və Nazirlər Kabineti aparat nümayəndələrinin, eləcə də Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininin iştirakı ilə müzakirə olunub.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihələri haqqında məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi ilə əlaqədar maliyyə naziri Həsən İsmayılov çıxış edib.
Anar İbrahimov qanun layihəsinin 7-1-ci maddəsinin yeni redaksiyada verilməsi ilə bağlı düzəlişlər təklif edib. Qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Ali Məclisin protokol qaydasında qəbul edilən qərarı ilə layihə birinci oxunuşda qəbul edilir, söylənilmiş təklif və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilir.
Sonra qanun səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Fərid Bağırzadə “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi ilə əlaqədar çıxış etdikdən sonra qanun səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran sonuncu məsələ - Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi Ali Məclisin 2020-ci il 30 dekabr tarixli Qərarı ilə seçilib. 22 iyul 2024-cü il tarixdə keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Əliyev Əjdər Zahid oğlu öz ərizəsi əsasında sədr vəzifəsindən azad edilib. 24 iyul 2024-cü il tarixdə komissiya üzvü Əjdər Əliyev 1 sentyabr 2024-cü il tarixdə Ali Məclisə keçiriləcək növbədənkənar seçkilərə deputatlığa namizədliyini irəli sürüb. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddəsinə əsasən Ali Məclisin deputatlığına namizəd olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir. Beləliklə, Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının üzvü ola bilməz. Naxçıvan Muxtar Respublikası Konsitusiyasına əsasən Ali Məclis Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi məsələsini həll edir. Sədr müavini qeyd olunanları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd olaraq Orucəliyev Ramil Əli oğlunu təklif edib.
Namizəd haqqında məlumat verilib və Ramil Orucəliyevin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar Ali Məclisin 2020-ci il 30 dekabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.
Bununla da Ali Məclisin növbədənkənar sessiyasının ilk iclası öz işini başa çatdırıb.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti