18.05.2024 14:58

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib
22 fevral 2024 - 14:30
180

Fevralın 20-də Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

İclasa sədrlik edən İsmayıl Qəribli bildirib ki, iclasın gündəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ əsasında hazırlanmış “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” ndə dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi barədədir.

İsmayıl Qəribli qeyd edib ki, son zamanlar Ali Məclisin və Nazirlər Kabinetinin təsisçisi olduğu “Şərq qapısı” qəzetinin fəaliyyətində çətinliklər yaranıb. “Media haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli Qanununun 59.2-ci maddəsinə əsasən siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısında qanunvericilik təşəbbüsü hüququ var. Bundan istifadə edərək qəzetin gələcək fəaliyyətinin tənzimlənməsi üçün “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Ali Məclisin Daxili Nizamnaməsinə əsasən Ali Məclisə təqdim edilən Azərbaycan Respublikasının qanun layihəsi Daxili Nizamnamənin müvafiq maddələrinə uyğun olaraq Ali Məclisin iclasında baxılmaq üçün hazırlanır. Həmin qanun layihəsi Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib.

Komitə sədri eyni zamanda bildirib ki, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə 6 oktyabr 2023-cü il tarixdə dəyişikliklər edilib. Ali Məclisin Daxili Nizamnaməsində həmin dəyişikliklərə müvafiq uyğunlaşdırma aparmaq məqsədilə qanun layihəsi hazırlanıb.

Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihələri barədə məlumat verib.  

Deputatlardan Aidə Cəlilzadə, Hacıfəxrəddin Səfərli və Nüsrət Həsənov çıxış edərək qanun layihələrini dəstəklədiklərini bildirib, “Şərq qapısı” qəzetinin muxtar respublikanın ictimai-siyasi həyatındakı rolundan danışıblar.

Müzakirə olunan məsələlərlə əlaqədar komitənin rəyi qəbul edilib, qanun layihələrinə Ali Məclisin plenar iclasında baxılması qərara alınıb.

Bununla da iclas öz işini başa çatdırıb.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti