21.11.2024 12:36

Ali Məclisin Hesablayıcı komissiyasının ilk iclası keçirilib

Ali Məclisin Hesablayıcı komissiyasının ilk iclası keçirilib
13 fevral 2024 - 17:53
645

Fevralın 13-də Ali Məclisin Hesablayıcı komissiyasının ilk iclası keçirilib. İclasa sədrlik edən komissiyanın üzvü İsa Məmmədov bildirib ki, iclasda komissiyanın 5 üzvü, Aparatın Deputatlarla, komitələrlə və komissiyalarla iş şöbəsinin məsul şəxsləri iştirak edir. O qeyd edib ki, komissiyanın ilk iclasının gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının sədrinin və katibinin seçilməsi məsələləri daxildir.

İsa Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il 1 fevral tarixli qərarı ilə Hesablayıcı komissiya yaradılıb və komissiyanın 5 üzvdən ibarət tərkibi təsdiq edilib. Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Ali Məclisin iclaslarında fəaliyyət göstərir. Daxili Nizamnaməyə əsasən Hesablayıcı komissiya deputatlar sırasından 1 il müddətinə seçilir və sonra üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.

Hesablayıcı komissiyanın sədri vəzifəsinə komissiyanın üzvü Turan Məmmədli təklif edilib.

Gündəlikdə duran məsələ ilə əlaqədar qərar səsə qoyulub, komissiyanın üzvü Turan Məmmədli Hesablayıcı komissiyanın sədri seçilib.

İclasda həmçinin Hesablayıcı komissiyanın katibi vəzifəsinə komissiyanın üzvü Günel Vəliyevanın namizədliyi irəli sürülüb.

Məsələ ilə əlaqədar qərar səsə qoyularaq qəbul olunub, Günel Vəliyeva komissiyanın katibi seçilib.

Bununla da iclas öz işini başa çatdırıb.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti