21.11.2024 13:03

Ali Məclisin 2024-cü il yaz sessiyasının ilk plenar iclası keçirilib

Ali Məclisin 2024-cü il yaz sessiyasının ilk plenar iclası keçirilib
01 fevral 2024 - 19:38
593

Fevralın 1-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının ilk plenar iclası keçirilib.

Anar İbrahimov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali Məclisin sədr müavini bildirib ki, ötən il Ali Məclisin fəaliyyətinin qurulması istiqamətində mühüm işlər görülüb. Muxtar respublikada həyata keçirilən tədbirlərin qanunvericilik səviyyəsində dəstəklənməsi üçün lazımi tədbirlər həyata keçirilib və payız sessiyasının son iclasında ilin yekunları, həmçinin qanunvericilik fəaliyyəti barədə ətraflı məlumat verilmişdi. Bu sessiyada da  Ali Məclisin fəaliyyəti səmərəli olacaq.

Anar İbrahimov diqqətə çatdırıb ki, yaz sessiyası və il ərzində əsas mövzulardan biri Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı tədbirlər olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ali Məclisin bununla bağlı xüsusi iclası keçiriləcək. Yubiley münasibəti ilə digər önəmli tədbirlərin təşkil edilməsi də nəzərdə tutulur. Bu sessiyada qanun layihələri müzakirə edilməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı dinləniləcək. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Həmçinin, sessiyada İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik hesabatı da dinləniləcək. Bu sessiyada Ali Məclis Azərbaycan Respublikası Konstitusiyası ilə və Ali Məclisin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada ölkə parlamentində qanunvericilik təşəbbüsü ilə, xüsusilə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı çıxış edəcək.

Ali Məclisin funksionallığını artırmaq üçün bu təşəbbüslərin əhəmiyyətini qeyd edən Anar İbrahimov bildirib ki, Ali Məclisin deputatları, orqanları və Aparatı bu işdə ciddi dəstək olacaq.

Ali Məclis sədrinin müavini parlamentin yaz sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, deputat həmkarlarına uğurlar arzulayıb və iclasın gündəliyini diqqətə çatdırıb.

İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik işləri planının təsdiqi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması

Deputat Elman Cəfərli çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb və bu gün bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Deputat “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamları bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirib.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Ali Məclisin fəaliyyəti qanunvericilik işləri planı əsasında qurulur. Daxili Nizamnaməyə əsasən növbəti sessiyanın ilk iclasında qanunvericilik işləri planı təsdiq olunmalı və Ali Məclisin iclasları bu plana uyğun keçirilməlidir. Bununla əlaqədar qərar layihəsi hazırlanıb və deputatlara təqdim edilib.

Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

İclasın gündəliyində duran ikinci və üçüncü məsələlərlə bağlı Ali Məclisin sədr müavini qeyd edib ki, Daxili Nizamnaməyə əsasən 2024-cü il Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı və İntizam komissiyaları yaradılmalıdır. Həmin komissiyalar Ali Məclisin deputatlarından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir.   

Müzakirə olunan məsələlərlə bağlı hazırlanmış “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarları oxunduqdan sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Qəbul olunmuş qərarlarla deputatlardan Əmir Babayev, Günel Vəliyeva, İsa Məmmədov, Turan Məmmədli və Ehtibar İsmayılov Hesablayıcı komissiyanın, Vüsalə Əliyeva, Ehtimad Məmmədov, Hüseyn Niftəliyev, Aidə Allahverdiyeva və Tofiq Babayev isə İntizam komissiyasının üzvləri seçiliblər.

Bununla da Ali Məclisin yaz sessiyasının ilk plenar iclası başa çatıb.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti