03.10.2024 23:17

3 sentyabr 1991-ci il: Müstəqilliyimizin Naxçıvandan başlayan inkişaf yolu

3 sentyabr 1991-ci il:  Müstəqilliyimizin Naxçıvandan başlayan inkişaf yolu
03 sentyabr 2024 - 09:16
682

Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Ensiklopedik biliyi, dərin zəkası, müdrik və uzaqgörən strategiyası, çevik taktikası, polad məntiqi, sarsılmaz iradəsi, yüksək natiqlik məharəti, müstəsna idarəçilik istedadı ilə fenomenal şəxsiyyət olimpində qərar tutan dahi şəxsiyyət ömrünü Azərbaycanın gələcəyinə həsr etmiş, onun azadlığı, müstəqilliyi uğrunda inamla mübarizə aparmışdır.

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra ölkəmizdə milli dirçəliş prosesi sürətlənmiş, həmin gündən başlayaraq elmi əsaslara söykənən dövlət quruculuğu prosesinə start verilmişdir. Bu mənada, 3 sentyabr əslində, həm də siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətinin təməllərinin atıldığı gün kimi tarixdə öz yerini tutmuşdur.

Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin etmişdir.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və verilən strateji qərarlar Azərbaycanı regionun lider dövlətinə çevirmiş, xalqımızın rifahı və ölkəmizin işıqlı gələcəyi təmin olunmuşdur. Bu davamlı inkişaf yolu, Ulu Öndər Heydər Əliyevin ideyalarının layiqli davamı olaraq, müasir Azərbaycanın sabit, güclü və nüfuzlu bir dövlət kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti