05.02.2025 12:46

“Naxçıvan Muxtar Respublikası 100” adlı xalçanın təqdimatı keçirilib

“Naxçıvan Muxtar Respublikası 100” adlı xalçanın təqdimatı keçirilib
24 dekabr 2024 - 18:21
76

Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində keçirilən Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev də iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxış ediblər.

Çıxışlardan sonra xalçanın toxunması ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə toxunmuş xalçanın təqdimatı və ənənəyə uyğun kəsimi həyata keçirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin  təşkilatçılığı ilə toxununan xalçanın eskizinin müəllifi Naxçıvan Xalça Muzeyinin direktoru Ülviyyə Məmədova, toxucuları isə muzeyin tərtibatçı rəssamları Gülsüm Kəngərli və Rübabə Əliyevadır.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivi və Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova konsert proqramı ilə çıxış ediblər.

Sonda muxtar respublikanın muzey fondlarına aid maddi mədəniyyət nümunələrindən ibarət sərgiyə baxış keçirilib.