24.11.2024 11:56

“Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib

“Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib
01 may 2024 - 15:03
556

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə müvafiq dəyişiklik edilməklə Azərbaycan Respublikasında çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısına Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də əlavə olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01.05.2024-cü il tarixdə imzaladığı “Media haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə bağlı qanun layihəsində “Media haqqında” Qanunun 59.2-ci maddəsinə dəyişiklik etməklə siyahısı müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də çap mediası subyektinin təsisçisi olması nəzərdə tutulurdu. Layihənin hazırlanmasının məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı" qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasını yaratmaq idi. Qanun layihəsi Milli Məclisin plenar iclaslarında müzakirə olunub və qəbul edilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti